Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 02:44

İçməyə təmiz su, yeməyə avokado: Alsu Kurmaşeva azadlıqda


Alsu Kurmaşeva həyat yoldaşı Pavel Butorin ilə Texasdan AzadlıqRadiosuna müsahibə verir
Alsu Kurmaşeva həyat yoldaşı Pavel Butorin ilə Texasdan AzadlıqRadiosuna müsahibə verir

AzadlıqRadiosunun jurnalisti Alsu Kurmaşeva Rusiyada 10 ay həbsdə qalandan sonra avqustun 1-də məhbus mübadiləsi çərçivəsində azadlığa qovuşub. O indi azad qadın həyatını bərpa edir: təmiz içməli suyun, rahat yatağın, ABŞ-ın Texasın ştatında uzun-uzadı gəzintilərdən, həbsxana gözətçilərinin nəzarətindən azad həyatın dadını çıxarır. Hə, bir də avokadonun.

“Həbsdə tamarzı qaldığım şey avokado deyildi. Əlbəttə, dadlıdır, çünki indi Texasdayıq. Amma ilk dəfə bir stəkan təmiz suyu nə vaxt içəcəyimi gözləyirdim. Bir stəkan suyun, oteldə uzun-uzadı duş qəbul etməyin, normal yataqda ilk dəfə yuxuya getməyin həsrətində idim”, -- Kurmaşeva avqustun 5-də AzadlıqRadiosuna müsahibəsində deyib.

“Bu səhər ilk dəfə nəzarətsiz gəzintiyə çıxdım, mənə heç yerdə kimsə bir söz demədi”, -- jurnalist Texasdan videobağlantı ilə müsahibəsində söyləyib.

Rusiya-ABŞ vətəndaşlığı olan Kurmaşeva AzadlıqRadiosunun tatar-başqırd xidmətində redaktor vəzifəsində çalışır.

Alsu Kurmaşeva həbsdən ABŞ-a qayıdır, sağdan Evan Gerşkoviç və Pol Uilan
Alsu Kurmaşeva həbsdən ABŞ-a qayıdır, sağdan Evan Gerşkoviç və Pol Uilan

“Həbsdə özümü güclü hiss edirdim”

“Əslində, belə çətin olacağını gözləmirdim. Həbsdə özümü güclü hiss edirdim. Düşünürdüm ki, yaxşıyam, amma mənə hər şeyin öhdəsindən gəlməyə vaxt lazımdır, nə baş verir, ən vacibi, nə baş verdi”, – o deyib.

Alsu 2023-cü ilin iyununda saxlanıb. O, Rusiyanın mərkəzi Kazan şəhərində qohumlarına baş çəkməyə getmişdi. Əvvəlcə ona ABŞ pasportunu bəyan etməməyə görə ittiham verilib, sonra azadlığa buraxılsa da, ölkədən çıxışına qadağa qoyulub.

Oktyabrda isə özünü bəyan etməyən xarici agent olmaqda ittiham edilərək həbsə atılıb. Söhbət Moskvanın jurnalistləri, vətəndaş cəmiyyəti fəalları və digərlərinin hədəfə alındığı qanundan gedir. Kurmaşevaya daha sonra Rusiya ordusu barədə “saxta” xəbər yaymaq ittihamı da verildi. Bu ittiham onun Ukraynanın işğalına qarşı çıxan rusiyalılar barədə kitab üzərində redaktə işindən qaynaqlanırdı. AzadlıqRadiosu, ABŞ hökuməti ittihamları absurd adlandırırdı.

Ümid

Jurnalist deyir ki, həbsdə nə olacağının bir işartısını gözlərkən ümidini saxlamaq çox çətin olub, çünki hər hansı informasiya, xəbər ala bilməyib.

“Uzun bir qış heç bir xəbər gəlmədi, istintaqımla bağlı heç nə deyilmirdi. Soyuq qış, yaz gəldi, keçdi, heç nə baş vermədi. Sonra birdən məhkəmələrim tələsik keçirildi, bu isə nəyinsə baş verəcəyinin əlaməti idi”, – o vurğulayır.

Kurmaşeva iyulun 19-da Tatarıstanda qapalı məhkəmədə 6 il yarım həbsə məhkum edilib. Elə həmin gün başqa bir amerikalı jurnalist Evan Gerşkoviç casusluqda təqsirli bilinib. Onun çalışdığı "The Wall Street Journal" və ABŞ hökuməti məhkəməni biabırçılıq adlandırıb.

“Evanın da məhkəməsinin həmin gün keçirildiyini öyrənəndə düşündüm ki, bu bir əlamət ola bilər. Sonra yenə bir ara sakitlik oldu, sonra məni Kazandakı həbsxanadan çox çətin, fərqli bir yerə apardılar. Onlar həbsxana qatarında mənə dedilər ki, Moskvadan əks istiqamətə aparırlar. Onda yenə ümid yarandı, amma hər şeyə hazır idim”, – jurnalist söyləyir.

Əvəzində onu Moskvaya aparıblar, üçgünlük səyahətin sonunda bunu öyrənib.

Məhbus mübadiləsi

“Sonra yenə ümid yarandı. Moskvada məni yenə həbsxanaya saldılar, heç kim demədi ki, orada nə qədər qalacağam. Həmişə məhbus mübadiləsinə inanırdım, həmişə bilirdim ki, onun üzərində işləyirik, addım-addım, kiçik, ehtiyatlı addımlar atırıq, amma bu mənim yeganə ümidim idi. Yoxsa ki bir jurnalist, bir qadın üçün 6 il yarım cəza absurd hökmdür”, – o danışır.

“Bütün bunların öhdəsindən ümidim sayəsində gəldim”, – Kurmaşeva vurğulayır.

Keçmiş məhbusları ABŞ-da prezident Co Bayden və vitse-prezident Kamala Harris qarşılamışdı
Keçmiş məhbusları ABŞ-da prezident Co Bayden və vitse-prezident Kamala Harris qarşılamışdı

Məhbus mübadiləsi ümumilikdə 24 nəfəri əhatələyib, yeddi ölkə arasında gerçəkləşib. Rəsmilər danışıqların aylarla çəkdiyini deyirlər.

ABŞ keçmiş dəniz piyadası Pol Uilan (Paul Whelan), rusiyalı siyasi fəal Vladimir Kara-Murza da azad edilənlər sırasında olub. Siyasi məhbus sayılan daha 10 rusiyalı da məhbus mübadiləsinə düşüb.

Əvəzində isə ABŞ və digər qərb ölkələri 8 rusiyalını azad edib. Onların içində Almaniyada keçmiş çeçen səhra komandirini güllələməkdə təqsirli bilinmiş Rusiya kəşfiyyat agenti də olub.

“Heç kəsə nifrət etmirəm”

Kurmaşeva deyir ki, hələ də iki qızı və həyat yoldaşı, AzadlıqRadiosunun rusdilli “Current Time” televiziya şəbəkəsinin rəhbəri Pavel Butorinə qovuşmasının sevincini yaşayır.

Digər emosiyalara gəlincə, “İndi qətiyyən qəzəb hiss etmirəm. Qəzəbli deyiləm. Heç kəsə nifrət etmirəm” deyib.

“Təəssüf edirəm. Öz işlərini görməyə məcbur qalan o adamlara ürəyim yanır; o hakimlərə, müstəntiqlərə, zabitlərə, nəzarətçilərə”, – o söyləyib.

“İndi dünya ilə ayaqlaşmalıyam. Ailəmin mən olmayanda mənim üçün çəkdiyi nə qədər videoya yenidən baxmalıyam. Yeni musiqi, xəbərlər, əhvalatlar, kitablar, kinoları, hər şeyi izləməliyəm. Bəli, o zamanımı məndən oğurladılar, o ili heç kəs mənə və ailəmə qaytarmayacaq. Ayaqlaşarıq. Bu məni daha güclü etdi. Ailəmi daha da güclü etdi. Bəli, heç bir qəzəb yoxdur. Heç kəsə nifrət etmirəm”, – Kurmaşeva deyir.

XS
SM
MD
LG