Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 11:40

'Amazon' 'nərildəyən aslan'ı istəyir


Amazon
Amazon

CNN-in xəbərinə görə, "Amazon" Hollivudun qızıl dövrünə imzasını qoymuş "Metro-Goldwyn-Mayer" (MGM) şirkətini satın almaq istiqamətində danışıqlar aparır. Sövdələşmə baş tutarsa, bu, texnologiya nəhənginə günü-gündən böyüyən striminq biznesində əlavə ciddi üstünlük qazandıra bilər.

Tamaşaçılar MGM-i yüzlərlə klassik Hollivud filminin başlanğıcında görünən nərildəyən şir loqosu ilə tanıyırlar. Bu filmlər arasında "Ceyms Bond" seriyasından filmlər də var. Studiyanın ümumi dəyərinin 7 – 10 milyard dollar arasında olduğu bildirilir. "The New York Times" və "The Financial Times" qəzetləri də bu danışıqlar haqda xəbərlər yayıblar.

Daha sərfəli sövdələşmə

CNN hər iki şirkətə müraciət edib açıqlama almağa çalışsa da, buna nail ola bilməyib. Bu sövdələşmə haqda söz-söhbət yeni deyil. "Amazon" artıq illərdir ki, öz striminq xidmətini gücləndirmək üçün iri əyləncə şirkətlərindən birini satın almaq istəyirdi. 2018-ci ildə "Bloomberg" "Amazon"un "Landmark Theaters" kinoteatrlar şəbəkəsini satın almaq niyyəti haqda xəbər yaymışdı. Ötən ilsə "The Daily Mail" qəzeti texnologiya nəhənginin "AMC Theaters"i (AMC) ala biləcəyini yazmışdı.

Ancaq CNN-in xəbərində deyilir ki, studiya "Amazon"a kinoteatrlar şəbəkəsindən daha dəqiq və daha tez gəlir gətirə bilər. Çünki MGM-in film və TV layihələrini "Prime Video" xidmətinə yerləşdirmək çox asandır.

"Prime Video" "The Marvelous Mrs. Maisel" və "Jack Ryan" kimi çox sayda film və şounu çəkərək öz platformasında satışa çıxarıb. Xidmətin artıq çox sayda tamaşaçıya çıxışı var. İnsanlar bu xidmətə ayrıca da abunə ola bilərlər. Lakin onun ən böyük üstünlüyü "Amazon"un populyar "Prime" proqramının içində gəlməsidir. "Prime"a abunə olanlar "Amazon"dan satın aldıqları hər şeyi tez (çox vaxt iki günə) və əlavə daşınma xərcləri olmadan əldə edirlər. Xidmət istifadəçilərinə başqa üstünlüklər (əlavə endirimlər, "Amazon"un musiqi və kitab dinləmə proqramlarına çıxış və s.) də verir.

70 faiz artım

"Amazon" "Prime Video" xidməti haqda o qədər də çox detal paylaşmır. Ancaq şirkət özünün son gəlir hesabatında "Prime"ın hazırda 200 milyondan çox abunəçisi olduğunu qeyd edib. Hesabatda, eyni, zamanda deyilir ki, "Prime Video"da striminq saatları bir il ərzində 70% artıb.

"Amazon" artıq mükafatlar müstəvisində də səy göstərməyə başlayıb. Şirkətin "Amazon Studios" kino şöbəsinin distribütorluğunu etdiyi "Manchester by the Sea" filmi 2017-ci ildə "Oskar" mükafatına namizəd göstərilmişdi. MGM isə daha mükafat qazanan filmlər istehsal etməsə də, hələ də tanınmış brend olaraq qalır.

MGM-in bəzi frençayz şirkətləri də kassa uğuru nümayiş etdirir. "Ceyms Bond" Hollivudun ən gəlirli seriyalarından biridir. Bu seriyadan olan "Spektr" (2015) filminin dünya üzrə topladığı gəlir 900 milyon dollara yaxın olub.

13 milyard dollarlıq sövdələşmə

Striminq dünyası son dərəcə rəqabətli bir məkana çevrilməyə başlayıb. Ötən həftə AT&T şirkəti CNN-in də aid olduğu "WarnerMedia" şirkətinin "Discovery" ilə birləşəcəyini elan edib. Bu sövdələşmə nəticəsində HBO, "Warner Bros.", HGTV və "Food Network" bir çətir altında birləşəcək.

"Netflix" isə özünün şou və film kitabxanasını genişləndirməyə milyardlarla dollar pul xərcləməyə davam edir. "Disney+" da mövcud olduğu bir il ərzində 100 milyondan çox abunəçi toplaya bilib.

MGM-in neçəyə satılacağı bilinməsə də, rəqəmin nəhəng olacağı dəqiqdir. "The Information" xəbər xidməti bu məbləğin 13.7 milyard dollar civarında olacağını bildirib. Qeyd edilir ki, "Amazon" 2017-ci ildə "Whole Foods" marketlər şəbəkəsini məhz bu məbləğə satın almışdı. Bu, texnologiya şirkətinin bu gün üçün ən bahalı sövdələşməsidir.

XS
SM
MD
LG