Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 15:07

Baş Prokurorluq: 'ANS rəhbərliyinə cinayət işi açılmayıb, amma...'


ANS TV
ANS TV

ANS telekanalının rəhbərliyi barəsində Baş Prokurorluqda cinayət işi başlanmayıb.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov belə deyib.

E.Sultanov mediada ANS-in rəhbərliyinə cinayət işi açılması barədə yayılan məlumatların doğru olmadığını deyib.

Onun sözlərinə görə, Türkiyədə dövlət çevrilişinə cəhddə ittiham olunan Fethullah Gülenin rəhbərliyi ilə Azərbaycanda “Hizmet harekatı”nın təəssübkeşlərinin dini ayinlərin icrası adı altında vətəndaşların hüquqlarına qəsd, sosial və dini nifrət, düşmənçiliyin salınmasına yönələn hərəkətlər etmələrinə dair cinayət işi var. Həmin iş Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində araşdırılır.

Buna da bax:​ ANS-in əməkdaşının ölkədən çıxışına yasaq qoyulub

E.Sultanov deyib ki, ANS şirkətinin vəzifəli şəxslərinin terrorçuluğun təbliğinə yönələn çağırışlar etmələri və digər faktlarla bağlı Baş Prokurorluqda toplanmış materiallar da həmin cinayət işinə əlavə edilib.

Baş Prokurorluğun sözçüsü ANS-in əməkdaşlarının ölkədən çıxışına qadağa qoyulması barədə heç nə deməyib.

Vəkil Elçin Sadıqov ANS TV ilə əməkdaşlıq edən jurnalist Qənirə Ataşovanın ölkədən çıxışına qadağa qoyulduğunu açıqlamışdı. O, xəbər vermişdi ki, ötən il oktyabrın 27-də İstanbula getmək istəyən jurnalisti Dövlət Sərhəd Xidmətinin əməkdaşları geri qaytarıblar.

Buna da bax: ‘Türkiyəli jurnalistlər çıxanda, Qənirə Ataşova da çıxmalı idi’

Jurnalistin bununla bağlı Baş Prokurorluğa müraciətinə cavabda isə qeyd olunurdu ki, Q.Ataşovanın sərhədi keçməsinə məhdudiyyət həmin cinayət işi ilə bağlıdır.

Xatırlatma

Ötən il iyulun 29-da Bakı Apelyasiya Məhkəməsi Milli Televiziya və Radio Şurasının (MTRŞ) müraciətinə əsasən ANS-in yayım lisenziyanı ləğv edib.

MTRŞ-nin həmin müraciətində bildirilirdi ki, ötən ilin iyulun 15-də Türkiyədə dövlət çevrilişi cəhdindən sonra ANS-in efirində terrorizmə dəstək xarakterli materialların yayılıb. Telekanalın ABŞ-dakı müxbiri Qənirə Ataşova ilahiyyatçı Fethullah Gülen-dən müsahibə alıb və həmin müsahibə xarici KİV-lər vasitəsilə anons olunub.

Buna da bax:​ Rəsmi Bakı ilə Ankaranın azad mediaya münasibəti eyniləşib

Teleradio Şurası öz növbəsində müraciətini Baş Prokurorluğun məktubu ilə əsaslandırmışdı. Prokurorluğun MTRŞ-yə məktubunda qeyd olunurdu ki, ANS telekanalının terrorizmin təbliğinə yol verməsi, milli, dini ədavəti qızışdıran materiallar yayılması ilə bağlı araşdırma aparılır. Buna görə də ANS-in yayımının dayandırılması istənilirdi.

ANS rəhbərliyi ittihamları qəbul etmir. Hərçənd ANS-in baş direktoru Fethullah Gülenin mətbuat konfransında əməkdaşlarının iştirakını “səhv” adlandırıb, Türkiyə və Azərbaycan xalqlarından üzr istədiyini bildirib.

MTRŞ ANS-in fəaliyyətini məhkəmə qərarından 11 gün öncə dayandırmışdı.

XS
SM
MD
LG