Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 23:00

'Böyük faciə'—27 Aprel işğalı və ya Son iclas (22-ci yazı)


Kirov və Orconikidze Bakı dəmiryol vağzalında, 28 aprel 1920
Kirov və Orconikidze Bakı dəmiryol vağzalında, 28 aprel 1920

RƏSULZADƏ: «Təslim nə demək? Biz buraya millətin iradə və arzusu ilə gəldik, bizi buradan yalnız qüvvət və süngü çıxarmalıdır...».

Son-145-ci iclas

1920-ci il aprelin 27-də Azərbaycan Cümhuriyyəti özünün son -145-ci iclasını keçirdi. Fövqəladə axşam iclası saat 20:45-də başlayıb, gecə saat 12-yə, bəzi qaynaqlara görə, saat 2-yədək davam etdi. İclasda Azərbaycanın müstəqilliyini qoruyacaq 7 şərt daxilində hökumət azərbaycanlı bolşeviklərə təhvil verilirdi... Ancaq bolşeviklər söz versələr də, bu şərtlərə əməl etmədilər və Azərbaycan Cümhuriyyəti aprelin 27-dən 28-nə keçən gecə XI Qızıl ordu tərəfindən işğal edildi...

Bir iclasın tarixçəsi

1920-ci ilin aprelin 27-si. Cümhuriyyət parlamenti «İsmailiyə» binasında özünün son-145-ci iclasını keçirir. Kommunist partiyası Cümhuriyyət parlamentinə hökuməti təhvil vermək haqqında ultimatum verib. İclasın sədri Məmməd Yusif Cəfərovdur. O, həmin dönəmdə parlamentin sədr müavini idi. Səs çoxluğu ilə iclasın açıq keçirilməsi qərara alınır. Rəsulzadə müzakirələr zamanı parlamentin qapısının xalqın üzünə açılmasını təklif edir:

«Açın qapıları!»

«Cənablar! Çıxardığımız tarixi qərarı millətdən bixəbər çıxarmayaq. Ölkə Parlamentinin qapısını açıq qoyaq ki, hər kəs nə cür təhlükəli vəziyyət içində olduğumuzu, nə cür qərar qəbul edəcəyimizi bilsin. Ona görə də təklif edirəm ki, məclisimizin qapılarını millət üzünə bağlamayaq və millətdən bixəbər qərar qəbul etməyək».

***Buna da bax-Ordu bu səbəbdən cümhuriyyəti qoruya bilmədi

«Qızıl Ordu əsla Bakıya gəlməyəcək»

Digər partiyalarla müzakirə aparan komissiyanın sədri kimi parlamentə izahat verən Məhəmməd Həsən Hacınski (o dönəmdə Məhəmməd Həsən Hacınskiyə baş nazir kimi hökuməti təşkil etmək tapşırılmışdı. Amma o bu işi yerinə yetirmədi-red.) «Azərbaycan kommunistləri»ndən gələn rusca məktubu oxuyub və tərcümə edib: «Mərkəzi Azərbaycan kommunist firqəsi bizə təklif edir ki, axşam saat 7-dək hökuməti onlara təslim edək. Bununla belə, əmin edirlər ki, onların şərtlərini qəbul etsək, Qızıl Ordu əsla Bakıya gəlməyəcək və Qızıl Ordunun Bakıya gəlməməsi üçün onlar əllərindən gələni edəcəklər. Onlar deyirlər ki, hökumət Azərbaycan kommunistlərinin əlində olarsa, Qızıl Ordu heç bir vədə buraya gəlməyəcək. Hökumət mexaniki surətdə təslim edilməlidir. Nə kimi məmurlar varsa, hamı öz yerlərində qalacaqlar. Yalnız hökumət başında olanlar kənar edilib yerlərinə Azərbaycan kommunistləri keçir və müsəlmanlardan başqa orada kimsə yoxdur...».

«Millətin qurtuluşu naminə» çıxarılacaq qərar

Çıxışının sonunda Hacınski parlamenti «millətin qurtuluşu naminə» düzgün qərar verməyə səsləyir. Və özü üçün də «düzgün qərar» verir. Həmin gün bolşevik partiyasına yazılır. Kürsüyə çıxanların fikirləri haçalanır. Hakimiyyəti bolşeviklərə qeyd-şərtsiz vermək istəyən də var, əlacsız vermək istəyən də, müqavimət göstərməyə çağıran da, hətta bu səs-küyün, qarğaşanın içində ağlayan da... Sonuncu parlamentin ən gənc deputatı Şəfi bəy Rüstəmbəylidir...

«Fraksiyamız təslim olmağın əleyhinədir»

Rəsulzadə: «Bizim fraksiyamız təslim olmağın əleyhinədir. Fəqət, firqələrin əksəriyyətinin tələbinə görə və camaatımızın arasında daxili müharibə salmamaq üçün və əlavə bugünkü kommunist firqəsinin müstəqilliyimizi müdafiə edəcəklərini nəzərə alaraq, bütün ixtiyarın onlara verilməsinin tərəfdarıyam, bu şərtlə ki, kommunistlər istiqlaliyyət, millət və məmləkətimizi layiqincə müdafiə etsinlər. Yox, əgər bunlara əməl olunmazsa, ixtiyarımızı geri alaraq haqqımızı özümüzdə saxlayacağıq»,-dedi.

7 şərt

Beləliklə, parlament səs çoxluğu ilə 7 şərtlə hakimiyyəti kommunistlərə təhvil vermək haqqında qərar qəbul edir:

1. Sovet hökuməti tərəfindən idarə olunan Azərbaycanın tam istiqlaliyyəti mühafizə edilir;

Azərbaycan parlamenti. 1918
Azərbaycan parlamenti. 1918

2. Azərbaycan Kommunist Firqəsinin yaratdığı hökumət müvəqqəti orqan olacaqdır;

3.Azərbaycanın son idarə formasını hər hansı bir xarici təzyiqdən asılı olmayan fəhlə, kəndli və əsgər deputatları sovetləri şəxsində Azərbaycanın ali qanunverici orqanı müəyyənləşdirir;

4. Hökumət idarələrinin bütün qulluqçuları öz yerlərində qalır, ancaq məsul vəzifə tutanlar dəyişdirilir;

5. Yeni yaradılan müvəqqəti kommunist hökuməti Parlament və Hökumət üzvlərinin həyatının və əmlakının toxunulmazlığına təminat verir;

6. Qırmızı Ordunun Bakı şəhərinə döyüşlə daxil olmasına yol verməmək üçün tədbir görüləcək;

7. Yeni hökumət, haradan baş verməsindən asılı olmayaraq, Azərbaycanın istiqlalını sarsıtmaq məqsədi güdən bütün xarici qüvvələrə qarşı öz sərəncamında olan vasitələrlə qəti tədbirlər görəcəkdir.

***Buna da bax- Rəsulzadə: 'Dini faciəmiz Aşuradır, milli faciəmiz – 31 mart'

«Yalandır! Gələn ordu rus ordusudur! İstila ordusudur!»

Müsavatın görkəmli xadimlərindən biri Mirzə Bala Məmmədzadə mühacirətdə yazdığı «Milli Azərbaycan hərəkatı» kitabında həmin qara gündə parlamentdə Rəsulzadənin çıxışına yer verib. Çıxışdan parça: «Əfəndilər! Duyduğumuz bu propaqanda düşmən propaqandasıdır. Bizi iğfal edirlər. Yalandır. Gələn ordu rus ordusudur. Fərzən komandanı türk olsa da, genə rusdur. İstila ordusudur. Onun istədiyi 1914-cü il hüduduna qonmaqdır». Mirzə Bala yazır: «Lojaları və salonu dolu olan böyük bir dinləyici kütləsinin sürəkli alqışlarla qarşıladığı bu nitqə baxmayaraq, parlament inqilabı sırf bir daxili kabinə təhvili şəklinə salan bir şəraitdə hökuməti Azərbaycan kommunist firqəsinə tərkə zərurət hiss etdi. Ultimatumu müdafiə edən müxalif firqələrin nəzərində də təslim deyil, kabinə dəyişməsi baş verirdi».

«İsmailiyə»nin yeni sahibləri

Təslim aktını Azərbaycan Cümhuriyyəti hökuməti adından parlament sədrinin müavini M.Y.Cəfərov və dəftərxana müdiri M.B.Vəkilov imzaladı. Parlamentin təslim qərarının əleyhinə 1 nəfər səs verdi, 3 nəfər bitərəf qaldı, 3 nəfərsə səsverməyə qatılmadı. Gecə saat 2-də Azərbaycan Cümhuriyyəti Parlamenti öz işinə xitam verdi və yenicə yaradılmış Azərbaycan İnqilab Komitəsi «İsmailiyə» binasına yiyələndi...

Qızıl ordu. 1920
Qızıl ordu. 1920

«Böyük faciə»

Üstündən 7 il keçəndən sonra mühacirətdə yaşayan Rəsulzadə «Yeni Qafqasiya» dərgisində çıxan bir yazısında 1920-ci il 27 Apreldə baş verənləri xatırladıb yazırdı: «Böyük faciə! İştə türk tarixçisinin bundan tam 7 il əvvəl Bakıda baş verən hadisəyə verəcəyi ən müvafiq bir ad!».

Tarixdə 1 gün xırda yalan sayılır?

Mühacirətdə «Azeri» imzasıyla da yazan Mirzə Bala Məmmədzadə 1937-ci ildə «Şimali Kafkasiya-Severnıy Kavkaz» dərgisinin 36-cı sayında yazırdı (ruscadan tərcümə-red.): ​«Qırmızı ordu hissələri Bakını 1920-ci il aprelin 27-də işğal etdi. Azərbaycan İnqilab Komitəsinin «üsyana qalxan kəndli və fəhlələri dəstəkləmək üçün» qırmızı ordu hissələri yollamaq barədə Leninə ünvanladığı teleqram aprelin 28-də göndərilib».

***Buna da bax-Rəsulzadə: 'Onlar yarasa kimidirlər, günəşdən qaçarlar'

«Azərbaycanlı fəhlələr bir nəfər kimi Müsavatın ardınca gedirmişlər»

M.B.Məmmədzadə o zaman Bakıdakı durum barədə məlumat verərkən, bolşeviklərin rəsmi açıqlamasına əsaslanır: «Azərbaycan İnqilab Komitəsinin baş katibi Lominadzenin bəyanatına görə, 1920-ci ilin yanvarında Bakı fəhlələri menşevik və eserlərin təsirinə qapılıblarmış. Türk, yəni yerli azərbaycanlı fəhlələrə gəlincə, onlar bir nəfər kimi «Müsavat» partiyasının ardınca gedirmişlər və Bakı fəhlə deputatları soveti türk fraksiyasının başında həmin partiyanın lideri M.Ə.Rəsulzadə dururmuş».

«Kommunistlər arasında türklər az idi!»

Lominadze maraqlı bir fakt da dilə gətirib: «Onun sözlərinə görə, gizli fəaliyyət göstərən kommunistlər arasında türklərin sayı olduqca az idi, Bakıda kommunist hərəkatı rəhbərləri arasında tək bir türk, yəni yerli azərbaycanlı yox idi. Rusiya Kommunist bolşeviklər Partiyasının Bakı Komitəsi o vaxtlar 3 ermənidən, 2 rusdan və 1 gürcüdən oluşdurulmuşdu».

«Qara qızıl və ağ pambıq! Bax, bu üzdən sovetləşdirilib Azərbaycan!»

M.B.Məmmədzadə ayrıca bir məsələni də vurğulayır: «Səciyyəvi haldır ki, Stalinin «Azərbaycandakı üsyan»a rəhbərlik edən əməkdaşları arasında da bir nəfər də azərbaycanlı yox idi. İşğalçılardan ötrü utancverici örtük rolunu oynayan, qırmızı ordunun süngülərində... hakimiyyətə gələn yerli kommunistlərsə sovet Azərbaycanının rəsmi tarixində heç bir iz buraxmadan artıq çoxdan unudulublar... Qara qızıl və ağ pambıq!.. Bax, bu üzdən «sovetləşdirilib» Azərbaycan!».

«Qızıl Ordu Azərbaycan əsgərindən müqavimət görmədən...»

Xəlil paşa: «Qızıl Ordu Azərbaycan əsgəri tərəfindən müqavimət görmədən Xaçmaz stansiyasını keçmiş, kimsə qarşı çıxmadığı üçün irəli yürüşünə davam etməkdədir. Qan tökülməmişdir… Qızıl Ordu Azərbaycanı xalqının müstəqil Azərbaycan Cümhuriyyətini elan edəcəkdir. Təlaş və qorxuya ehtiyac yoxdur. Hər yerdə sakit oturmaq lazımdır. Müsəlman düşmanı olan Antanta (İngiltərə, Fransa….) müsəlmanlarla Sovet Rusiyası Qızıl Ordusu arasında qan tökülməsini istəyir. Bunların altında ingilislərin nə qədər müsəlmanlara düşmən olduğunu İstanbulun, İzmirin qanlı hadisələri göstərməkdədir. Yaşasın Rusiya, Azərbaycan, Türkiyə Müttəfiq Sovet Cümhuriyyətləri və Qızıl Orduları» (Türk Kommunist Fraksiyası adından Xəlil Paşa 1920-ci il aprelin 27-si).

XS
SM
MD
LG