Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 10:11

'Zorla dəli eləməsinlər'. Aqil Hümbətov aclıq etdiyini deyir


A.Hümbətov
A.Hümbətov

Maştağadakı Respublika Psixiatriya Xəstəxanasında saxlanan AXCP üzvü Aqil Hümbətovun bir neçə gün əvvəl orada aclıq etdiyi bildirilir. Bu barədə AzadlıqRadiosuna onun yaxınları məlumat verərək bildirib ki, A.Hümbətov orada saxlanmasına bu aksiya ilə etiraz edib: "Amma xəstəxanada ona aksiyanı uzun müddət davam etdirməyə imkan verməyiblər. Ona zorla yemək veriblər".

Yaxınlarının sözlərinə görə, mayın 18-də həm vəkili, həm də Ombudsman Aparatının əməkdaşları xəstəxanada A.Hümbətovla görüşüb: "Aclıq elədiyini onlara da deyib. Bildirib ki, sağlam adamdır, xəstələrin arasında saxlayırlar, xəstələrə vurulası iynələri ona vururlar, dərmanları içirirlər, buna görə çox narahatdır. Yeganə istədiyi odur ki, onu xəstəxanadan çıxarsınlar. Zorla dəli eləməsinlər. Bu adamın ora salınmasının yeganə səbəbi hökumətdən, İlham Əliyevdən uşaqpulu tələbi, ölkədə məmur özbaşınalığına, korrupsiyaya son qoyulmasını istəməsidir".

Ombudsman Aparatı rəsmisi aclıq xəbərini təsdiqləmir

Ombudsman Aparatının İşgəncələrin qarşısının alınması şöbəsinin müdiri Rəşid Rumzadə AzadlıqRadiosuna martın 18-də xəstəxanada A.Hümbətovla görüşdüklərini təsdiqləyib. Şöbə müdiri deyir ki, görüşdə həm hüquqşünas kimi özü, həm də Ombudsman Aparatından Milli Preventiv Qrupun həkim üzvü iştirak edib: "Konfidensial qaydada onu qəbul eləmişik. Bizimlə görüşdə onun aclıq etməsi haqda söhbət olmayıb. Bu barədə heç nə deməyib. Biz orada olanda yemək vaxtı idi və qida qəbul eləmişdi. Səhhəti də qaydasında idi. Normal qaydada hüquqları təmin edilir. Bizə müraciəti, görüşdə dediyi məsələlər, yerləşdirilməsi ilə bağlı sənədlər diqqətimizdədir, araşdırılır, lazımi tədbir görüləcək".

R.Rumzadə əlavə edib ki, A.Hümbətovun vəkilinin onunla görüşünə maneələr barədə Ombudsman Aparatına müraciətləri olmuşdu. Ombudsmanın müdaxiləsindən sonra görüş hüququ təmin olunub.

Vəkil Nemət Kərimli AzadlıqRadiosuna təsdiqləyib ki, mayın 18-də görüş zamanı A.Hümbətov ona bir neçə gün öncə aclıq etdiyini deyib: "Bildirdi ki, onu zorla yediriblər, aksiyanı davam etdirməyə qoymayıblar".

N.Kərimlinin sözlərinə görə, görüşdə həmçinin, onun xəstəxanaya yerləşdirilməsi haqda Bakı Apellyasiya Məhkəməsinin qərarından Ali Məhkəməyə şikayət və başqa hüquqi məsələləri müzakirə ediblər.

Səhiyyə Nazirliyi isə AzadlıqRadiosunun A.Hümbətovun xəstəxanada aclıq etməsi barədə sorğusunu cavablandırmaqdan imtina edib. Nazirliyin mətbuat xidmətinə göndərilən sorğuya cavab verilməyib.

Xatırlatma

Küçələrdən karton, tullantı yığmaqla ailəsini dolandıran A.Hümbətov sosial mediada yaydığı videolarda insanların sosial-iqtisadi durumuna görə prezident də daxil olmaqla, hökuməti tənqid edirdi. Martın 30-da onu küçədə başqa fəhlələrlə birlikdə yol kənarındakı zibilləri toplayarkən tutub, Xəzər rayonu 1-ci polis bölməsinə, oradan da Psixiatriya Xəstəxanasına aparıblar. İki gecə orada saxlanılandan sonra aprelin 1-də Sabunçu Rayon Məhkəməsinin qərarıyla oradan buraxılıb. Məhkəmə onun məcburi müalicəyə cəlb edilməsi barədə xəstəxananın baş həkimi A.Rəsulovun ərizəsini təmin etməyib.

Bir gün sonra A.Hümbətov yenidən tutularaq həmin xəstəxanaya aparılıb. Məlum olub ki, baş həkim sözügedən məhkəmə qərarından apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi şikayəti təmin edib. İddia olunur ki, A.Hümbətov öz hərəkətlərinə nəzarət edə bilmir, ətrafdakı sakinlərə qarşı əxlaqsız hərəkətlər edir, bu üzdən ondan şikayətlər olub.

Amma A.Hümbətov aprelin 1-də xəstəxanadan buraxılandan sonra AzadlıqRadiosuna bildirmişdi ki, onu sosial şəbəkələrdəki tənqidlərinə görə bu şəkildə cəzalandırırlar.

Hümbətovun aprelin 1-də evə buraxılması barədə qərar çıxaran hakim Samir Talıbov bundan az sonra vəzifəsindən çıxarılıb. S.Talıbov öz ərizəsilə hakimlikdən getdiyini desə də, ona yaxın mənbə AzadlıqRadiosuna sözügedən qərara görə bu yolla cəzalandırıldığını söyləyib.

A.Hümbətova ötən ilin martında da 30-günlük inzibati həbs cəzası verilmişdi. O zaman o, polisə müqavimətdə təqsirləndirilsə də, özü deyirdi ki, yalandır, həbsinin səbəbi iki gün öncə prezidenti tənqid etməsidir.

Azərbaycan rəsmiləri isə ölkədə heç kimin tənqidi fikirlərinə görə təqib olunmadığını iddia edirlər.

XS
SM
MD
LG