Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 01:57

QMİ: 'Uşaq Aşura günü məscidə gedirsə, bu, çox gözəl haldır'


Uşaqlar Aşura mərasimində. 1okt2017
Uşaqlar Aşura mərasimində. 1okt2017

Fazil Mustafa: “İslam adı altında qanı, vəhşəti göstərməklə sizin İŞİD-dən fərqiniz nədir? O da qatil, quldur obrazında islamı tanıtmağa başladı, o, əlində bıçaqla, siz əlinizdə ülgüclə, onlar əlində “Kalaşnikov”la, siz də zəncirlə eyni şeyi etmirsinizmi? Bu, islam deyil, inanc deyil. Ziyalılar gərək Mirzə Fətəli Axundov, Mirzə Cəlil cəsarətində olsunlar”.

“Uşaqların Aşura mərasiminə getməsinə pis baxmaq olmaz. Uşaqlar harda olmalıdır? Gör-götür dünyasıdır. Hər şey olar bu gün. ‘Uşağın məscidə getməsi qadağandır’ demək düzgün deyil”, – Qafqaz Müsəlmanları İdarəsinin nümayəndəsi Qəni Axundzadə son günlərin mübahisəsi haqqında – azyaşlıların Aşura mərasimlərinə aparılmasından danışarkən AzadlıqRadiosu-na belə deyib.

Buna da bax:​ Məscidlərdə Aşura mərasimləri keçirilir [video]

Qafqaz Müsəlmanları İdarəsi
Qafqaz Müsəlmanları İdarəsi

“Yəhudi uşağını sinaqoqa, xristian kilsəyə, müsəlman da öz yanında məscidə apara bilər. Bu şərtlə ki, məktəb vaxtı olmasın, uşaq təhsildən yayınmasın. Mənim tanıdığım məscidə gələn uşaqların əksəriyyəti savadlıdır, yüksək davranış qabiliyyətinə malikdirlər. Uşaq Aşura günü məscidə gedirsə, əxlaq öyrənirsə, dini ayinlərdə iştirak edirsə, bu, çox gözəl haldır”, – Axundzadə bir daha vurğulayır.

Oktyabrın 1-də Azərbaycanda uşaqların Aşura mərasimlərinə aparılması, onların ağlaşmaya, zəncir vurma, baş yarma səhnələlərinə şahid olması, azyaşlı qızların hicaba, çadraya bürünməsi sosial şəbəkələrdə, mətbuatda, Milli Məclisdə müzakirə mövzusuna çevrilib.

“Kənardan mələk kimi görünürlər”

İnformasiya texnologiyaları sahəsində mütəxəssis olan Asif Əsgərov 8 yaşlı qızını dindən, xurafatdan uzaq tutmağa çalışdığını söyləyir. Hətta bununla bağlı bəzən qohumları ilə mübahisəsi düşdüyünü də gizlətmir: “Qayınanam arada uşağı bu cür yerlərə aparmaq istəyir, etiraz edirəm, görürəm qızın beynini xurafatla doldurmağa çalışır. Qızım balacadır deyə, təsir altına tez düşür, onda suallarla yanaşı, meyl də yaranır. Biz təxminən 100-150 il əvvəlki nöqtəyə qayıtmışıq. Fikrimcə, uşağın yeri ancaq məktəbdir, öyrənəcəyi şey elmdir”.

Buna da bax:​ Polis Aşura günü ilə bağlı xəbərdarlıq edib

Asif Əsgərov narahatlığını da bölüşür: “Təəssüflə müşahidə edirəm ki, cəhalət baş alıb gedir. Balaca uşağın belə mərasimlərə aparılmasını, ağlaşmaya, ağı deyilməsinə şahidlik etməsini anlaya bilmirəm. Hələ ağzıəmzikli körpələrə hicab geyindirilməsini faciə sayıram”.

Məryəm Cavadova iki qız anasıdır. O, Asif Əsgərov kimi radikal düşünmür. Düzdür, o da qızlarının hicab bağlamasını və dini ayinlərdə iştirakını arzulamır. Bununla belə, ona icazə verən valideynləri də qınamır: “Qonşumun qızları Aşura günü yaxınlıqdakı məscidə getmişdilər, xeyli təəssüratla gəlmişdilər. Mən orda pis heç nə görmürəm... Məktəbdə də dindar qızların, başıbağlıların sayı çoxdur. Nə bilim, kənardan xoş, az qala, mələk kimi görünürlər. Görürsən anaları da hicablıdır. Hər halda, mən o uşaqların dinə münasibətinin böyüklərdən fərqli olaraq daha səmimi olduğunu düşünürəm”.

“Valideyn uşağının əlindən tutursa, ona nəzarət edirsə...”

Buna da bax:​ 4 min 500 şəxs qan verib

Alya Yaqublu
Alya Yaqublu

Siyasətçi və köşə yazarı Alya Yaqublu da bu məsələyə laqeyd qalmayıb, “Facebook”da münasibət bildirib: “Balaca qızların bu şəkildə geyindirilməsi təkcə uşaqların həyat ritminə yox, hicabın fəlsəfəsinə də ziddi. Həddi-buluğa çatmış qızların qorunması tələbini kiçik qızcığazlara da aid eləmək nəyə lazımdı? Əvvəla, bu ölkədə hər tində bir pedofil yoxdu. İkincisi, dindar ailələrin qızları zatən həmişə ailələrinin nəzarəti altındadılar. Üçüncüsü, dindarların toplaşdığı dini ayində “bir tikə” uşağa kiminsə “başqa gözlə” baxacağını düşünmək ayıb olar, deyilmi? Demək ki, öz səmimiyyətini göstərmək üçün uşaqlardan komuflyaj kimi istifadə eləməyə ehtiyac yoxdu”.

Bu statusun altında Demokratiyanın Tədrisi və Seçkilərin Monitorinqi Mərkəzinin rəhbəri Anar Məmmədli yazıb: “Bu, uşaq hüquqlarının pozulmasıdır”. Amma bu yanaşmaya etiraz edənlər də çoxdur. Onların arqumenti budur ki, hər bir valideyn öz övladını istədiyi kimi böyüdə, tərbiyə verə bilər.

Buna da bax:​ 'Azərbaycan hökuməti şiələrə qarşı səhv siyasət yürüdür'

Anar Məmmədli
Anar Məmmədli

Elə QMİ nümayəndəsi Qəni Axundzadə də hesab edir ki, hər bir valideynin övladına öz əqidəsinə, öz dininə uyğun şəkildə tərbiyə etmək hüququ var.

“Bu, onun konstitusion hüququdur. Valideyn uşağın əlindən tutursa, ona nəzarət edirsə, onun hərəkətlərinə nəzarəti öhdəsinə götürürsə, uşağın Aşura mərasiminə getməsinin heç bir qəbahəti yoxdur. Uşaq da hardasa görməlidir, götürməlidir. Amma radikal bir şey olmaz. Kərbəla hadisəsi eşq məktəbidir. Burda humanizm prinsipləri aşılanır. Budur əsas məsələ. Biz ordan eşqi çıxarıb, boş dini götürsək, tamam başqa kriteriyalar görərik, ehkamçılıq görərik. Dində davranış var, əxlaq var, insanlıq var. Ona görə uşağın məscidə, Aşura mərasiminə getməsində pis heç nə yoxdur”, – QMİ nümayəndəsi bir daha bildirir.

Buna da bax:​ Gəncədə nə baş verib?

Qəni Axundzadə: "Valideyn uşağın əlindən tutursa... uşağın Aşura mərasiminə getməsinin heç bir qəbahəti yoxdur"
Gözlə

No media source currently available

0:00 0:02:54 0:00

“İslam adı altında qanı, vəhşəti göstərməklə sizin İŞİD-dən fərqiniz nədir?”

Deputat Zahid Oruc oktyabrın 2-də parlamentin toplantısında uşaqların bu cür mərasimlərə aparılmasına etirazını bildirib və tədbir görülməsinə çağırıb: “Aşura mərasimində hicaba, çarşaba bürünən və dinin mahiyyətini anlamayan uşaqları gördükdə düşündüm ki, gələcəkdə Suriyaya göndərilən kamikadzelər yetişəcək. Mərasimlərin bu formada keçirilməsinə etiraz edirəm. Bunu inzibati qayda ilə tənzimləmək çətindir. Təhsil və təbliğatla bunun qarşısını almaq olar. Bunu insanlara başa salmaq lazımdır”.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi də müzakirələrə reaksiya verib:

“Məsələ ilə əlaqədar zərərçəkən uşaqlar qeydiyyata alınmayıb. Dini mərasimlərdə iştirak zamanı uşağa qarşı zorakılıq faktı törədilərsə, uşaqların hüquqlarının pozulmasının qarşısının alınması məqsədilə valideyn hüquqlarının məhdudlaşdırılması mümkündür”.

Buna da bax:​ Din azadlığı haqda hesabata Bakıdan münasibət bildirilmir

Deputat Fazil Mustafa AzadlıqRadiosu-na müsahibəsində Komitənin mövqeyini tənqid edir:

Fazil Mustafa
Fazil Mustafa

– Onların açıqlamasında var ki, uşaqlar təhsildən yayınmırlarsa, belə tədbirlərə qatıla bilərlər. Məhz belə zehniyyətin nəticəsində uşaqlar bu cür dini mərasimlərdə istismar olunurlar. Bu, çox üzqaraldıcı, utandırıcı hadisədir. Bu o deməkdir ki, biz artıq uşaqların cəhalətə, xurafata, nadanlığa yuvarlanmasının qarşısını almaqda acizik. Bu o deməkdir ki, məktəb sistemi uşaqları formalaşdıra bilmir, onlar da nadan atalarının, cahil analarının yanında bu cür, islamın xarakterinə uyğun gəlməyən, sadəcə, mərasim, adət olaraq keçirilən tədbirə qatılırlar. Vəhşət, zorakılıq daşıyan tədbirləri görüb psixoloji sarsıntı yaşayırlar. Bütün bunlar ölkədə cəhalətin baş qaldırmasının göstəricisidir. Ona görə də məsələyə ciddi yanaşmanın tərəfdarıyam.

– Nə təklif edirsiniz?

– Hesab edirəm ki, bununla bağlı hüquq-mühafizə orqanları ciddi addımlar atmalıdırlar, hansı valideyn övladını o tədbirə aparırsa, onları cəzalandırlmalıdırlar, hətta ola bilsin, bununla bağlı Milli Məclisə qanun layihəsi də təklif edildi. Biz uşaqları idmana, təhsilə yönəlməliyik. Uşaqların bu cür sarsıntı keçirməsi, qan, insanla kobud rəftarı görməsi, saxta çığırtı-bağırtı içində olması yolverilməzdir. Ona görə bu məsələ Azərbaycanda özünü ziyalı sayan kəsim arasında hiddət doğurub. Sadəcə təhsilli, diplomlu nadanlarımızın da sayı çoxdur deyə, bunu adi hal kimi qiymətləndirirlər, inanc kimi baxırlar. İslamın peyğəmbəri özünü zəncirlə vurmayıb, başını yarmayıb, uşağın başını ülgüclə çərtməyib, uşaqları bu vəhşiliyə öyrətməyib, niyə onda onun yolunu davam etdirmirsiniz? “Quran”da belə bir mesaj yoxdur ki, özünüzə əzab verin. Gəncədəki ajiotajı gördünüz. Gəncənin işğalı zamanı canını qurban verən Hüseyn xanı, Ziyad xanı xatırlayan yoxdur, amma onların məzarına baş çəkməyənlər miflər uydurur, başqa qonşu ölkələrin ideologiyasını yayırlar. Bu, Azərbaycanın dünyəvi dövlət modelinə təhlükədir. Uşaqlara qarşı bu istismarla bağlı ciddi cəza forması düşünülməlidir ki, onları bu prosesə cəlb etməyə heç kim cəsarət göstərməsin.

Buna da bax:​ Azərbaycanda məzhəb savaşı körüklənə bilər?

Uşaqlar Aşura mərasimində. 1okt2017
Uşaqlar Aşura mərasimində. 1okt2017

– Fazil bəy, bu yöndə mübahisələr gedir. Bəzi hallarda valideynin övladına yeniyetməlik həddinə çatana qədər istədiyi şəkildə tərbiyə vermək haqqı olduğu deyilir. Qanunvericilik nə deyir?

– Valideynin istədiyi tərbiyəni verməyə haqqı yoxdur. Valideyn cəmiyyətin ümumi əxlaq qaydalarına uyğun tərbiyəni verə bilər. Və bu zaman uşağın qəddara, insan qatilinə çevrilməsinə yol verilməməlidir. Konkret bu situasiyada uşağa şəhidlik öyrədildiyi deyilir. Uşağa şəhidlik öyrətmirlər. Uşağa elm öyrədirlər. Kimsə başını yaranda, zəncir vuranda uşaq ona baxıb vəhşiləşməyəcəkmi? Ata-anası kimi cahilə çevrilməyəcəkmi? Sosial şəbəkələrdə bunu əsaslandırmaq istəyənlərin xeyli hissəsi yalançı zehniyyətin daşıyıcıları, gerizəkalılardır. İslam adı altında qanı, vəhşəti göstərməklə sizin İŞİD-dən (“İslam Dövləti” silahlı qruplaşması) fərqiniz nədir? O da qatil, quldur obrazında islamı tanıtmağa başladı, o, əlində bıçaqla, siz əlinizdə ülgüclə, onlar əlində “Kalaşnikov”la, siz də zəncirlə eyni şeyi etmirsinizmi? Bu, islam deyil, inanc deyil. Ziyalılar gərək Mirzə Fətəli Axundov, Mirzə Cəlil cəsarətində olsunlar. Onları dövlət də qorumurdu, ancaq qaragüruhun qarşısında kişi kimi ləyaqətlə mübarizə apardılar.

Buna da bax:​ Deputat: 'Qafqaz Müsəlmanları İdarəsinin adının qanunda xatırlanması yanlışdır'

– Körpə uşaqlara hicab bağlatdırılmasına necə baxırsınız?

– Kənardan yaxşı görünmür. Bu da dövlətin sözügedən sahədə çevik hərəkət etməməsinin, kompetent davranmamasının nəticəsidir. Dəfələrlə demişəm ki, 14 yaşa qədər, yetkinlik yaşına çatmayan qızların valideynin məcburiyyəti ilə hicab taxması yolverilməzdir, o qızın iradəsinə ziddir. Mən hicabın əleyhinə deyiləm. Ancaq qoy 14 yaşına çatanda qız özü müstəqil qərar qəbul etsin. Bir də hicabın milli forması tapılmalıdır. Bu formadan kənara çıxmaq başqa ölkənin ideologiyanın yaymaq kimi qəbul edilməlidir. Hansısa ölkənin qara çadrasını burda gözə soxmaq, hicab kimi təqdim etmək yolverilməzdir. Çox təəssüf ki, dini proseslərə, hələlik, ciddi yanaşmanın şahidi ola bilmirik. Nardaranda gördünüz ki, uşaq əlinə dəyənək götürüb, o, artıq məktəb barədə düşünmür. 1500 il öncənin qisasını almaq haqda düşünür. Bu uşaq hara gedir? O, Qərb dünyasının uşağı ilə ağıl yarışında harda qalacaq?

Fazil Mustafa: "Bu, islam deyil, inanc deyil. Ziyalılar gərək Mirzə Fətəli Axundov, Mirzə Cəlil cəsarətində olsunlar”
Gözlə

No media source currently available

0:00 0:06:38 0:00

XS
SM
MD
LG