Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 01:30

Qarabağ əlili Qarabağ yürüşünə görə məhkum edildi


Asif Yusifli
Asif Yusifli

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü, Qarabağ əlili Asif Yusifli 3 il 6 ay 25 gün şərti azadlıqdan məhrum edilib. O, 2020-ci ilin iyulunda Bakıda keçirilən Orduya dəstək yürüşündə baş verənlərin (bir qrup şəxsin Milli Məclisin binasına daxil olması, polis maşınının aşırılması və s.) təşkilində suçlu sayılaraq məhkum edilib. İyunun 21-də Səbail rayon Məhkəməsinin hakimi Azər Tağıyev bu barədə hökm çıxarıb.

Hökmə əsasən, bu cinayət işi üzrə Yusifli ilə yanaşı, daha 11 nəfər məhkum edilib. Onların arasında AXCP-nin daha dörd fəalı – Elnur Cabbarlı, Müşfiq Quliyev, Elvin Məmmədov Seymur Əhmədzadə, həmçinin 90-cı illərin əvvəllərində Naxçıvan Muxtar Respublikasında daxili işlər nazirinin müavini olmuş Siyavuş Mustafayev də var. Onlara 2 il 6 aydan 3 il 1 aya qədər şərti cəza verilib.

Sınaq müddəti

Onlara təxminən şərti cəza qədər də sınaq müddəti təyin edilib. Bu isə o deməkdir ki, həmin müddətin bitməsinə bir gün qalsa belə, hər hansı başqa bir cinayət törədilsə, əvvəlki cəza müddəti bütövlükdə əlavə oluna bilər. Yaxud da inzibati xəta törədilsə belə, cəza növü dəyişib azadlıqdan məhrumetmə ilə əvəzlənə bilər.

Orduya dəstək yürüşündə baş verənlərə görə həbs olunub bir neçə ay sonra ev dustaqlığına buraxılan 36 nəfərin işi üç qrupa bölünüb. Fuad Qəhrəmanlı və daha 11 nəfərin daxil olduğu qrupun məhkəməsi iyunun 14-də yekunlaşıb. Hökmə əsasən, AXCP Rəyasət Heyətinin dörd üzvü daxil, təqsirləndirilən 12 nəfərə şərti cəza verilib. Qanunsuz əməllərin təşkilatçısı kimi təqdim olunan Fuad Qəhrəmanlı və Məmməd İbrahimin hərəsinə 4 il 1 ay, Ayaz Məhərrəmli və Bəxtiyar İmanova 3 il 7 ay, digər təqsirləndirilən şəxslərə isə 2 il 7 ay şərti cəza verilib.

12 nəfərlik daha bir qrupun məhkəməsi isə davam edir.

"Heç bir cinayət törətməmişik"

Məhkum edilən cəbhəçilər hökmlə razı deyil, onu siyasi sifarişin nəticəsi hesab edirlər.

Asif Yusifli AzadlıqRadiosuna bildirib ki, hökmdən apellyasiya şikayəti veriləcək: "Şübhəsiz ki, hökmü ədalətsiz hesab edirik. Ölkə daxilindəki bütün məhkəmə instansiyalarını keçəndən sonra Avropa İnsan Haqları Məhkəməsinə müraciət edəcəyik. Biz heç bir cinayət törətməmişik. Bizim cinayət törətdiyimizi təsdiqləyən bircə fakt, sübut ortaya qoyulmadı".

Yusifli əlavə edib ki, əksinə, özü də daxil olmaqla, təqsirsiz insanları həbsdə saxlamaqla onlara qarşı cinayət törədilib. Bu cinayəti törədənlər isə cavab verməli, ən azı, onlara kompensasiya ödənilməlidir. Bəraət almaqla yanaşı, bu istiqamətdə də hüquqi mübarizəni davam etdirəcəklər: "Həm bizə verilən şərti cəzanın ləğvi, həm də 4 ay 1 gün həbs, 7 aydan artıq da ev dustaqlığına görə kompensasiya ödənilməsi üçün mübarizə aparacağıq. İstədiyimizə mütləq nail olacağıq".

Xatırlatma

2020-ci il Ermənistanla Tovuz istiqamətində döyüşlərdən sonra iyulun 14-də Bakda orduya dəstək yürüşü keçirilib və orada olaylar yaşanıb. Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə açıqlamasında yürüş zamanı polis əməkdaşlarına xəsarət yetirildiyi, xidməti avtomobillərin aşırıldığı, Milli Məclisə ziyan dəydiyi qeyd olunub. Bu cinayət işi üzrə həbs olunanlara özgə əmlakına ziyan vurma, hakimiyyət nümayəndəsinə qarşı zor tətbiq etmə, ictimai asayişin pozulması ittihamları irəli sürülüb. AXCP-nin iki aparıcı üzvü – Məmməd İbrahim və Fuad Qəhrəmanlıya isə əlavə həm də hakimiyyəti zorla ələ keçirməyə cəhd ittihamı verilib. İstintaqın sonunda hakimiyyəti zorla ələ keçirməyə cəhd ittihamı hər ikisindən götürülüb. Əvəzində təqsirləndirilən şəxslərin hamısına Cinayət Məcəlləsinin 127-ci (qəsdən bədənə az ağır xəsarət yetirmə) maddəsi ilə yeni ittiham irəli sürülüb.

XS
SM
MD
LG