Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 03:32

Astarada mağaza sahibi: 'İran tacirləri yalvarıb mal verirlər'


İran malları
İran malları

Ötən illərdə adətən Novruz bayramı (martın 21-i) ərəfəsində Astara rayonunun İranla sərhədyanı ərazilərindəki mağazalarda qələbəlik olardı. Azərbaycana keçən İran vətəndaşları və qonşu rayonlardan gələn bir çox insanlar bayram bazarlığını gəlib burada edərdilər. İndi sakitlikdir. Burada az sayda adam var. Söhbət etdiyimiz mağaza sahibi da alıcıların azlığından gileylənir: "Novruz bayramını nəzərə alıb xeyli mal almışam. Satılmır. İrandan, əsasən, ərzaq malları, yuyucu tozlar gəlir. Koronavirus pandemiyasından əvvəl bu bayram ərəfəsində minlərlə iranlı bu tərəfə keçərdi. Bizdən də gedərdilər. Yaxşı alver olardı. İndi belə deyil. İranın qapısı bağlıdır". (3 ildir koronavirus səbəbi ilə Azərbaycanın quru sərhədlərində gediş-gəliş məhdudlaşdırılıb)

Onun deməsinə görə, yanvarın 27-də Azərbaycanın İrandakı səfirliyinə silahlı hücumdan sonra gediş-gəliş bir az da azalıb: "Belə görünür, bu vəziyyət uzun sürəcək. Burada işləmək daha sərf etmir".

"Malların qiymətini dollarla tənzimləyirlər"

Qonşu mağazanın sahibi də eyni sözləri deyir. Mağazanın qarşısında düzdüyü malları göstərir: "Dünən 10 manatlıq mal satmışam. Mağazanı bağlasam, nə ilə dolanaram? Özümü aldadıram. İran pulu da bir yerdə qalmır, hər dəfə düşür. Ötən həftə 1 Amerika dolları 600 min rial idi. Yəni 60 min tümən. Malların qiymətini dollarla, manatla tənzimləyirlər. Bizdən İrana manat və dollar gedir. Əvvəllər biz zəng edib mal istəyirdik, indi İran tacirləri yalvarıb mal verirlər".

"Ötən ildən mallarım hələ qalıb"

Bazarlıq etməyə gəlmiş Masallı rayon sakinin deməsinə görə də, bu il bayramda böyük qazanc gözləmir: "Mənim özümün balaca mağazam var. Ötən ildən mallarım hələ qalıb. Bayram ərəfəsində buraya baş çəkirik. Qiymətlər elə də ucuz deyil, fərq azdır. Amma yuyucu tozlarda qiymət münasibdir. İran mallarını ucuzluğuna görə alırdılar. Qiymət fərqi azaldıqca İran mallarını alanlar azalır...".

Astara sərhəd-keçid məntəqəsinin önü
Astara sərhəd-keçid məntəqəsinin önü

Bakı şəhərinə sərnişin aparmaqla məşğul olan taksi sürücüsü isə bunları deyir: "Gəlib burada gün keçirdirik. Ayda üç-dörd adam İrandan bu taya çıxır, onu da sifariş verdiyi taksi gözləyir. İndi vəziyyət elədir ki, Bakıya hər qiymətə aparırıq, təki müştəri olsun. Hər gün bura gəlib gözləyirik. Fikirləşirik ki, İranla münasibətlər, bəlkə, düzəldi, onda gedib-gələn olar. Evdə üç uşağım çörək gözləyir. Novruz bayramı gəlir, bayramın da bir ətək xərci var".

"Elə yük maşınları var ki, həftələrlə gözləyir"

Məhdudiyyətlərə baxmayaraq, İrana yük maşınları gedib-gəlir. İrana getmək üçün İpək yolunda yük maşınlarının uzun növbəsi yaranıb. Əsasən Dağıstandan gələn maşınlarıdır. Rusiyanın həmin bölgəsindən gələn sürücülərdən birinin deməsinə görə, elə yük maşınları var ki, həftələrlə burda gözləyir: "Növbədə Rusiya maşınlarıdır. Azərbaycan, İranın yük maşınları növbə gözləmirlər, onlar birbaşa keçirlər. Deyirlər ki, İran tərəfi ləng işləyir. Bir aya yaxındır ki, burdayam. Bir dostum 12 gündür İranda yük vurub, ona növbə çatmır ki, bu tərəfə çıxsın. Orada da növbədir. Kənd təsərrüfatı məhsulları, mal-qara üçün yem aparırıq".

"Heç nə soruşmadan müharibəyə aparırlar"

Həmin sürücünün deməsinə görə, Rusiyada mal yemi tükənir: "İranda var. Elə maşınlarımız var ki, İrana dolu girir və dolu çıxır. Onlar bir az qazanırlar. Mən boş gəlmişəm, qazancımı burada yeyirəm. Rusiyada yük maşınları üçün əvvəlki illərə nisbətən iş azdır, əvvəlki kimi deyil. Evə dönəndə də qorxu içində yaşayırıq. Heç nə soruşmadan müharibəyə aparırlar. Ora getməkdənsə, burda qalmaq yaxşıdır". (Ötən ilin fevralında Rusiya Ukraynaya qarşı təcavüzkar müharibəyə başlayıb)

Dağıstandan gələn digər sürücü isə deyir ki, növbə gözləməkdən bezib: "Bezmişəm. Günlərlə maşında yatırıq. Maşınların çoxluğundan böyük növbə var. Qonşum Dağıstandan zəng etmişdi, deyir ki, o da gəlir. Dedim, burada növbə var, bir ay çəkər. Deyir ki, tədarükümü görüb gəlirəm. Başqa yerdə iş yoxdur. Harada işıq ucu görürük, ora gedirik".

İrana keçmək istəyən Rusiya maşınları
İrana keçmək istəyən Rusiya maşınları

"Şəkilimi çəkmə, məni işə salarsan"

Rusiyalı sürücü bir az fikrə gedib sonra sözünə davam edir: "Bilirsiniz, Ukrayna ilə müharibə evlərimizə fəlakət gətirib. Müharibə iş yerlərini dondurub. Əvvəllər yük daşımağa Çinə gedirdik, indi o da yoxdur. Qapılar açıq olanda yük daşımağa Ukraynaya da gedirdik. Nəyi pis idi? Belə şeyləri orada danışmaq olmur, qapını döyürlər. Şəkilimi çəkmə, məni işə salarsan. Gündəlik yediyimiz, əsasən, quru çörəkdir. İsti yeməyə həsrətik".

İpək yolunda yaranmış növbə Lənkəran körpüsünə qədər uzanır. Körpüyə qədər məsafə isə 30-35 kilometrdir. Sürücülərə "Jiquli" markalı avtomobillərdən yemək təklif edilir. Maşınların növbəsinə yol polisləri nəzarət edir.

Yazıda səslənən fikirlərlə bağlı Azərbaycan və İranın gömrük qurumlarının əməkdaşları ilə danışmaq mümkün olmayıb.

XS
SM
MD
LG