Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 03:29

‘Uşaqların geyim, çanta və dəftərləri,... yoxdur’


Əfqan Əliyevin məktəbli qızları
Əfqan Əliyevin məktəbli qızları

Astara rayonun Sekaşan kənd sakini Əfqan Əliyev uşaqlarına məktəbli forması ala bilmədiyini söyləyir. O bunu imkansızlıqla, işsizliklə bağlayır:

“Üç uşağım var, ikisi məktəblidir. Biri də bu il hazırlığa getməlidir. Uşaqların geyimləri, çantaları, dəftərləri, qələmləri yoxdur. Həm bahadır, həm də imkanım yoxdur. Kəndimiz dağda yerləşir. Burda çəkməsiz keçinmək mümkün deyil. Qış tez gəlir və uzun çəkir. Ona görə geyimləri möhkəm olmalıdır. Hesablamışam, hər uşaq 180 manat xərc istəyir”.

“BİZİM KƏNDDƏ MƏKTƏB YOXDUR”

Əfqan Əliyev
Əfqan Əliyev

Kənd sakinin bildirməsinə görə, çətinliklər bununla bitmir. Ə. Əliyevin vurğulamasına görə, hər dəfə uşaqlar piyada qonşu kənddəki məktəbə getməli olurlar:

“Bizim kənddə məktəb yoxdur. Kəndin işığı yoxdur, yol bərbaddır. Sakinlərin çoxu burdan köçüblər. Uşaqlarım qonşu kənddə məktəbə gedirlər. Məktəblə kənd arasında 3 kilometr yoldur. Burdan piyada gedirlər qonşu Vəznəş kəndinə, orda da məktəb yoxdur. Ordan da məktəbin yerləşdiyi Şuvi kəndinə yollanırlar. Uşaqları özümüz aparırıq. Kəsə yolla gedirik, elə yerlər var ki, uşaqları dalımıza alırıq. Çox vaxtı uşaqları Şuvi kəndində tanışların evlərində saxlamlı oluruq. Xüsusən qış aylarında. Kənar bir yerdə uşaq nə qədər qalar?”

“PREZİDENTİ ALDADIRLAR”

Əfqan Əliyev işsiz olduğunu deyir:

“Ailəmizdə işləyən yoxdur.Fərdi təsərrüfatım sıfır vəziyyətindədir. Bizi Allah saxlayır.”

O deyir ki, prezident kəndə elektirik xəttini çəkmək üçün vəsait ayırıb.Amma işlər ləng gedir:

“May ayında gəldilər, kabel çəkdilər. Bəzi yerlərdə dirək basdırıblar, elə də qalıb. Bu il burada işıq görəcəyimizə, inanmırıam. Prezidenti aldadırlar. Şəraitsizliyin nəticəsidir ki, burada insanlar qalmır.Ailələr məktəbli uşaqlarına görə, köçüb gediblər. Bir mənim ailəmdə məktəbli uşağı var. Vəziyyətimlə bağlı rayon icra hakimiyyətinə getmişdim. Yol bərbad vəziyyətdə olduğuna görə Astara şəhərinə günorta saatlarında çatdım.Halbu ki, şəhərlə kənd arasında 10-15 kilometr yol var. Məni başçının yanına buraxmadılar. Dedilər ki, başçıya məktub yaz, poçtla göndər. Mən də yazıb göndərmişəm. Bilmirəm nə olacaq? Həftəinin birinci günü dərsdir. Uşaqlarımın dərsə getməsini istəyirəm. Görünür bu mümkün olmayacaq.”

RƏSMİLƏR NƏ DEYİR?

Astara şəhərində yerləşən Təhsil Nazirlyinin ragional idarəsindən bildiriblər ki, aztəminatlı ailələr üçün pulsuz məktəbli forması nəzərdə tutulmayıb.

Astara Rayon İcra Hakimiyyəti Aparatı-ndan isə bunları bildirdilər:

“Demişik ona, məktəbli forması verəcəklər. Keçən il ona məktəbli forması verdik, gəlib götürmədi. Daxili imkanlar hesabına ona məktəbli forması veriləcək. O dağ ərazisində yaşayır. Həmkarlar təşkilatının xətti ilə köməklik ediləcək”

Rahim Nuriyev, 2011
Rahim Nuriyev, 2011

Lənkəran Müəllimlər Cəmiyyətin sədri Rahim Nuriyev də hesab edir ki, aztəminatlı ailələrə məktəbli formasının alınmasında köməklik edilməlidir:

“Valideyinlər Komitəsi məktəbin rəhbərliyi ilə imkansız şagirdləri müəyyənləşdirir, siyahı tutub rayon icra hakimiyyətinə göndərirdilər. Əvvəllər belə idi. İndi hansı qaydalarla bu həyata keçirilir xəbərim yoxdur. Məktəbli formasına ehtiyacı olanlar var, amma bu kütləvi deyil. Çox az sayda şagird var ki, valideyini imkansızlıqdan məktəbli forması ala bilmir”.

Bakı Tikiş Evi, 13 sentyabr 2010
Bakı Tikiş Evi, 13 sentyabr 2010

Bir müddət bundan əvvəl “Bakı Tikiş Evi” Açıq Səhimdar Cəmiyyətinin satış şöbəsinin rəisi Etibar Əzizov mətbuta bildirmişdi ki, aztəminatlı ailələrin övladalrına vermək məqsədi ilə Təhsil Nazirliyi 10 min məktəbli forması sifariş edib:

“Təhsil Nazirliyi hər il bu nəcib təşəbbüsü davam etdirir. Bu il də nazirlik 10 min məktəbli formasının alınaraq aztəminatlı ailələrdə və internatda böyüyən uşaqlara verilməsi üçün bizə müraciət edib. Məktəbli forması Təhsil Nazirliyinin hesabına alınaraq uşaqlara paylanacaq”.

Xatırlatma

Sekaşan kəndində ötən əsrin 90-cı illərindən elktrik enerjisinin olmadığı bildirilir. Bu kənddə cəmi 3-4 ailənin yaşadığı söylənir. Bu il aprelin 12-də prezident İlham Əliyev Astara rayonunun Diqo, Dolu və Sekaşan kəndlərinin elektrik enerjisi ilə təchizatını təmin etmək məqsədi ilə “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinə 1,5 milyon (bir milyon beş yüz min) manat ayrılması haqqında sərəncam imzlamışdı.

XS
SM
MD
LG