Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 15:26

'Astma xəstəsi olan oğlumu buz kimi yerdə saxlayırlar'


B.Əliyev
B.Əliyev

Həbsdə olan oğlu Bəhruz Əliyevin 13 saylı Cəzaçəkmə Müəssisəsində qiymətlərin bahalığına etirazına görə cəzalandırıldığını iddia edən Neftçala sakini Yeganə Əliyeva deyir ki, övladının həyatı təhlükədədir. Onun sözlərinə görə, səhhətində ciddi problemlər olan Bəhruzu cərimə kamerasında (kars), soyuqda saxlayırlar.

Y.Əliyeva bildirir ki, Bəhruzu öncə 13 saylı Cəzaçəkmə Müəssisəsində cəzalandırıblar. Valideynlərinin şikayətləri, olayı ictimailəşdirməsindən sonra aprelin 21-də onu həmin müəssisədən köçürüblər. Amma ailə üzvlərinə onun hara aparılması haqda məlumat verilməyib: "Biz aprelin 27-də öyrəndik ki, 2 saylı Cəzaçəkmə Müəssisəsinə köçürüblər. Aprelin 21-də gətiriblər, 23-də "kars"a salıblar. Ağciyəri zədəli olan adamı soyuqda, buz kimi otaqda saxlayırlar".

Anasının sözlərinə görə, B.Əliyev astma xəstəsidir, əlilliyə görə müavinət alır. Amma bunu nəzərə almırlar.

"2 saylı Cəzaçəkmə Müəssisəsinə gətirən kimi ona xəbərdarlıq ediblər ki, "sən kimsən nəyəsə etiraz edirsən? Özünü nə hesab edirsən ki, qiymət məsələsinə qoşulursan?". Hədələyiblər ki, hələ bu da son deyil, onu Qobustandakı qapalı həbsxanaya göndərəcəklər. Evdən gətirilən yeməyi buraxmırlar, içəridəki dükanlarda da qiymətlər od tutub yanır. Bu adam da deyib ki, "insafınız olsun, qiymətləri bu qədər bahalaşdırmayın, adamlar alıb yeyə bilsinlər". Buna görə adama belə zülm eləyərlər?!", - Y.Əliyeva belə deyir.

Onun sözlərinə görə, Penitensiar Xidmətə, Ombudsman Aparatına, 2 saylı Cəzaçəkmə Müəssisəsinə şikayət edib. Amma nəticəsi yoxdur.

Penitensiar təkzib edir

Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehman Sadıqov isə AzadlıqRadiosuna bildirib ki, hansısa məhkumun soyuqda saxlanması haqda iddialar əsassızdır. Çünki Penitensiar Xidmətin tabeliyində olan bütün müəssisələrdəki saxlanma yerləri mərkəzləşdirilmiş istilik sistemi ilə təchiz edilib: "Ona görə də soyuqda saxlanmadan söhbət gedə bilməz. İkincisi, məhkum cəzaçəkmə müəssisəsinə gətiriləndə 14 gün karantində saxlanılır. Bu müddətdə ona daxili intizam qaydaları haqda məlumat verilir, müayinə olunur, psixoloji söhbət aparılır və s. Bu, hamıya aiddir".

Azərbaycanda COVID-19 (koronavirus) pandemiyasına qarşı mübarizə tədbirləri çərçivəsində martın 6-dan həbs yerlərində saxlanılan şəxslərə sovqat çatdırılması və görüş qadağan edilib. Bir sıra məhbusların yaxınları iddia edir ki, bundan sonra cəzaçəkmə müəssisələrinin daxilindəki ticarət köşklərində ərzaq və başqa zəruri malların qiymətləri kəskin bahalaşıb.

Penitensiar Xidmət isə bu iddiaları təkzib edir. Qiymətlərin adi mağazalardakı kimi olduğunu, ödənişlərin də nağdsız həyata keçirildiyini (məhkumların hesabındakı vəsaitdən çıxmaqla) bəyan edib.

Xatırlatma

"Neytral" İnformasiya Agentliyinin (nia.az) təsisçisi olan Bəhruz Əliyev 2018-ci ilin mayında həbs olunub. O, CM-in 311-ci (rüşvət alma) maddəsi ilə 8 il 6 ay azadlıqdan məhrum edilib. İddia olunur ki, B.Əliyev müxtəlif adamları onları rüsvay edən məlumatlar yaymaqla hədələyib, pul alıb.

Amma anası bu ittihamı rədd edir. İddia edir ki, oğlu yüksəkvəzifəli şəxslər, o cümlədən, SOCAR prezidenti Rövnəq Abdullayev, Prezident İlham Əliyevin keçmiş köməkçisi Əli Həsənov haqqında yazılara görə cəzalandırılıb: "Hətta biz məhkəməyə Əli Həsənovun köməkçisi Cəmaləddin Quliyevin Bəhruzla danışığının səs yazısını da təqdim etmişik. Oradan hər şey aydın olur".

B.Əliyevin işi hazırda Ali Məhkəmədədir.

Azərbaycan rəsmiləri isə ölkədə tənqidlərə görə heç kimin cəzalandırılmadığını bəyan edirlər.

XS
SM
MD
LG