Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 09:41

Avropa İttifaqı bilmir: Rusiya partnyordur, yoxsa problem?


Almaniya kansleri Angela Merkel (sağda), Rusiya prezidenti Vladimir Putin(ortada) və Fransa prezidenti Emmanuel Macron
Almaniya kansleri Angela Merkel (sağda), Rusiya prezidenti Vladimir Putin(ortada) və Fransa prezidenti Emmanuel Macron

AzadlıqRadiosunun müxbiri Rikard Jozwiak yazır ki, Avropa İttifaqının Rusiya ilə münasibətlərinin nə qədər qəliz olduğunu, Avropa Xarici Əlaqələr Xidmətinin 2016-cı ildə tərtib olunmuş Qlobal Strategiya sənədinin qəbulundakı diplomatik çəkişmələr də nümayiş etdirir.

İttifaqın müxtəlif ölkələrlə münasibətlərini tənzimləyən bu sənədin ən qaranlıq bölümü Rusiyaya aid olanıdır.

Bu sənəd tərtib ediləndə Rusiya iki il idi ki, Ukraynanın Krım yarımadasını ilhaq etmiş və bu ölkənin şərqində separatçı hərəkata təkan vermişdi.

O vaxtdan bəri Aİ-nin 28 üzv ölkəsi arasında Rusiyaya münasibətdə mövqelər haçalanıb.

Bundan əvvəl Rusiya uzun müddət “strateji partnyor” terminilə ifadə olunurdu. Macarıstan, Kipr, İtaliya və Yunanıstan kimi ölkələr bunun elə belə qalmasını istəyirdilər.

Lakin Baltik dənizi sahilindəki “qırğılar” üçün belə terminologiya qətiyyən yolverilməzdir. Onlar özlərinin şərq qonşusuna daha çox “strateji problem” istilahının uyğun gəldiyinə inanırlar. Əslində bu termini bir-iki ay əvvəl Avropa Şurasının prezidenti Donald Tusk dilə gətirib.

Axırda Almaniya, Britaniya, Fransa – yəni böyük üçlüyün “strateji çətinlik” termini kompromis variant kimi qəbul olunub.

Amma bu terminologiyanın özü də Aİ üzvlərini bugünədək davam edən üç geniş kateqoriyaya parçalayıb və dolayısı ilə Kremlin işinə yarayıb. Belə vəziyyət Moskvaya Aİ üzvləri arasında potensial nifaq toxumu səpmək imkanı verir.

Berlin, Paris, London

Üzv ölkələrinin baxışları əsasən üç paytaxta – Berlin, Paris və Londona, onların Moskva ilə necə davrandıqlarına yönəlib.

Rusiya ilə ən soyuq münasibətlərə malik olan üzv, xüsusən də Skripalların zəhərlənməsindən sonra, Britaniyadır. Amma London Rusiya oliqarxları üçün oyun meydançasıdır və Britaniya biznesləri Moskvaya qarşı daha güclü iqtisadi sanksiyalar qoyulmasına əngəl yaradırlar.

Digər tərəfdən üzücü Brexit danışıqları Britaniyanın Brüsseldəki nüfuzunu zəiflədib. Təsəvvür edin ki, Skripalların zəhərlənməsində şühəli bilinən dördlüyə qarşı sanksiyalar Solsberi hadisəsindən 10 ay sonra qoyulub.

Fransızlar və almanlar bundan da praqmatikdirlər. Şərqi Ukrayna münaqişəsinin çözümü üçün yaradılmış Normand dördlüyünün üzvü olan Berlin və Paris Rusiyaya qarşı sanksiyaların müddətinin hər 6 aydan bir uzadılmasında həlledici rol ouynayırlar. “Rusiya partnyordur” kateqoriyasına daxil bir neçə ölkəni də sanksyaların təzələnməsinə səs verməyə onlar sövq edirlər. Sanskiyalar 5 ildir ki, davam edir, amma onların sərtliyi olduğu kimi qalıb.

Fransada II Dünya Müharibəsinin başa çatmasının 100 illiyi mərasimində
Fransada II Dünya Müharibəsinin başa çatmasının 100 illiyi mərasimində

Fransa prezidenti Emmanuel Macron sarıjiletlilərin qızışdırılmasında Kremlin əlinin olmasından şübhəlidir. Amma digər tərəfdən elə həmin Macron Fransanı Rusiyanın ən böyük investoru kimi görmək uistəyir.

Almaniya kansleri Angela Merkelin Vladimir Putinlə şəxsi ixtilafları Berlinin Rusiya qazını nəql edəcək ŞimalAxını 2 layihəsinə canatımı ilə ziddiyyət təşkil edir.

Halbuki bir sıra Aİ üzvləri Baltik dənizinin dibi ilə keçəcək bu kəmərin tikilməsinə qarşıdır. Bu da qeyd olunmalıdır ki, Gazprom Avropa İttifaqı daxili bazarının qaydalarını pozduğuna görə cəzalandırılmaqdan Berlinin dəstəyi ilə yaxa qurtarıb. Halbuki eyni vəziyyətdəki ABŞ nəhəngləri - Apple və Google ağır cərimələrə məruz qaldılar.

Realpolitika kölgəsində

Amma realpolitikanın kölgəsində “strateji çətinlik”, “strateji partnyor” və “strateji problem” katreqoriyasında olan üzv ölkələr arasında ümumi məxrəcə heç cür gəlinmir.

“Rusiya strateji problemdir” qrupuna daxil olan Baltikyanı ölkələr, Danimarka, Polşa və İsveç Rusiyaya qarşı daha sərt sanksiyaların qoyulmasına səy göstərirlər. Onlar Ukrayna və Gürcüstan kimi ölkələrə daha geniş Avropa dəstəyinin verilməsinə tərəfdardırlar.

Lakin bu qrup daha çox “Rusiya strateji partnyordur” qrupundakı ölkələrlə qarşıdurmaya girir.

Putin Avstriya xarici işlər naziri Karin Kneisslnin toyunda gəlinlə rəqs edir
Putin Avstriya xarici işlər naziri Karin Kneisslnin toyunda gəlinlə rəqs edir

Onlar, məsələn Avstriyanın Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Vyanaya Aİ nazirlərinin görüşünə qeyri-rəsmi dəvət edilməsinə dair təklifinin qarşısını ala biliblər.

İtaliyanın Rusiyaya qarşı sanksiyalarda dəlmə-deşik açmaq arzusunun həyata keçməsinə Romanın maliyyə çətinlikləri, ümumən Aİ-dən asılılığı imkan vermir.

Macarıstanı Ukraynaya görə veto qoymaq həvəsindən daşındırmaq da bu qəliz oyunun tərkib hissəsdir.

Sonda AzadlıqRadiosu müxbiri yazır ki, Avropa İttifaqının Rusiya ilə münasibətlərini qarşıdan gələn illərdə və hələ uzun müddətdə Moskvaya partnyor və problem deyənlərin çəkişməsi müəyyən edəcək.

XS
SM
MD
LG