Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 15:47

Avropa İttifaqı pandemiya ziyanını ‘qardaş malı’ kimi bölə biləcəkmi?


Aprelin 9-da Avropa İttifaqının maliyyə nazirləri koronavirus epidemiyasının blok üzvlərinə vurduğu ziyanın qarşılanması üçün 500 milyard avroluq xilas paketi barədə razılığa gəliblər.

Bununla belə, nazirlər Fransa və İtaliyanın böhran xərclərinin bütün üzvlər arasında bərabər bölunməsinə dair tələbi barədə ortaq məxrəcə gələ bilməyiblər.

Həm də sözü gedən paket Avropa Mərkəzi Bankının istədiyi məbləğdən kiçikdir.

AMB bildirirdi ki, böhran nəticələrinin aradan qaldırılmasına 1, 5 trilyon avro lazım gələ bilər.

Buna baxmayaraq, Fransanın maliyyə naziri Bruno Le Maire razılaşmanı "Avropa İttifaqının tarixində ən mühüm plan" adlandırıb.

Almaniya geri çəkilməyib, amma mövqeyini yumşaldıb

Beləliklə aprelin 9-da Avropa İttifaqı maliyyə nazirlərinin görüşündə Almaniya öz mövqeyini yumşaltdıqdan və İtaliyanı blokun həmrəylinə əmin etdikdən sonra pandemiyanın vurduğu ziyanın kollektiv şəkildə aradan qaldırılacağına ümid yaranıb.

Bundan əvvəl İtaliyanın baş naziri Giuseppe Conte demişdi ki, blok pandemiya ilə birgə mübarizə və onun nəticələrinin birgə aradan qaldırılmasına dair razılığa gələ bilməsə, bütövlükdə Avropa İttifaqının gələcəyi şübhə altında qalacaq.

Reuters yazır ki, buna qədər Avropa İttifaqının üzv ölkələri həftələrlə həmrəylik barədə ortaq məxrəcə gələ bilmirdilər.

Lakin aprelin 9-da Almaniyanın maliyyə naziri Olaf Scholz işarə edib ki, Niderlandın mövqeyi yumşalmaqdadır.

Almaniya və Niderland Avropa İttifaqının ortaq fondundan faydalana bilmələri üçün İspaniya və İtaliya kimi ölkələrin qarşısında sərt şərtlərin qoyulmasını tələb edir. Sonradan Almaniya mövqeyini azacıq dəyişsə də, Niderland hələ də inadkarlıq göstərir.

Lakin Niderlandın baş naziri Mark Rutte aprelin 9-da Haaqada keçirilən müşavirədən əvvəl müxbirlərə demişdi ki, “biz uğurlu nəticə əldə olunmasına çalışırıq”.

Merkel sülhməramlı rolunda

Daha əvvəl isə Almaniya kansleri Angela Merkelin həm Rutte, həm də Conte ilə uzun telefon danışıqları olmuşdu.

Merkel bu söhbətlərdən sonra bildirib ki, o və Conte Avropada həmrəyliyə böyük ehtiyacın olduğu barədə razılığa gəliblər:

“Almaniya bu həmrəyliyə hazırdır və sadiqdir. Almaniyanın rifahı Avropanın ruifahı deməkdir”.

Merkel izah edib ki, Berlin Fransa, İtaliya və İspaniyanın istədiyi kimi müştərək borc sənədinin imzalanmasına razılıq verməyəcək, lakin başqa maliyyə yolları açıqdır.

Rəsmilərin dediyinə görə, Merkel habelə Ruttedən pandemiyaya görə bu il dərin resessiyaya düşəcəkhökumətlərin, şirkətlərin və fərdlərin xilası paketini bloklamamağı xahiş edib.

İttifaqın şimalı və cənubu arasında ixtilaf

Buna qədər Avropa İttifaqının daha mühafizəkar şimalı ilə, daha çox borca düşən cənubu arasında dərin fikir ixtilafı var idi.

Niderlandın maliyyə naziri Wopke Hoekstra deyib ki, bu razılaşma ilə bağlı müəyyən mürəkkəb məsələlər hələ milli hökumətlər tərəfindən də nəzərdən keçirilməlidir.

Lakin Almaniya rəsmilərindən biri deyib ki, Merkel məsələnin belə qoyuluşunun əleyhinədir.

Onun sözlərinə görə, kansler razılaşma paketinin təkrar hökumət liderlərinin masası üstünə qoyulmasını yox, maliyyə nazirləri tərəfindən imzalanması istəyir.

Xanım Merkelin fikrincə, “nazirlər bunu bugün etməsələr, onda sabah daha bir görüş keçirməli olacaqlar”.

Sözü gedən razılaşma paketi epidemiyanın ziyanlarının aradan qaldırılması üçün Avropa İttifaqının yekun maliyyə fondunu 3.2 trilyon avroya (3.5 trilyon dollar) çatdırmış olacaq.

Bu, hələlik pandemiya ilə bağlı dünya üzrə ən böyük xilas paketidir.

Bu paketlə bağlı problem bundan ibarətdir ki, avrozona hökumətlərinin ucuz kreditləri xilas fondundan – Avropa Stabillik Mexanizmindən hansı şərtlərlə alacağına dair fikir ixtilafı var.

Bu məsələ aprelin 9-da 16 saat ərzində davam etmiş danışıqlarda hələ çözülməmişdi.

Şimallılar şərikli borca razı deyillər

İtaliya və əksər üzv ölkələr daha yüngül şərtlərin qoyulmasını istəyirlər. Niderland daha sərt şərtlərin, həm də hər ölkəyə spesifik şərtlərin qoyulmasını tələb edir. Bu isə İtaliya üçün siyasi baxımdan məqbul deyil.

Maliyyə paketinə habelə şirkətlərin dəstəklənməsi üçün Avropa İnvestisiya Bankına daha çox səlahiyyətlərin verilməsi daxildir.

Şərtlərdən biri də budur ki, xilas paketindən faydalanan şirkətlər işçiləri yox, yalnız iş saatlarını ixtisar edə bilərlər.

Epidemiyadan sonra xilas üçün ayrıca maliyyə planı daha çox suallar doğurur.

Fransa və başqa cənub ölkələri imkan daxilidə Avropa İttifaqı ÜDM-nin 3 faizi qədər (400 milyard avro) kreditin bütün üzv ölkələr tərəfindən birgə götürülməsini istəyirlər.

Amma bu, Almaniya, Niderland, Finlandiya və Avstriya üçün keçilməz qırmızı xətdir.

Bu ölkələr borcun şərikli sənədləşdirilməsinə qarşıdırlar.

XS
SM
MD
LG