Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 22:45

Avropa Parlamenti Ukraynaya Rusiya ərazisini vurmaq icazəsi verilməsinə çağırır


Avropa Parlamenti sentyabrın 19-da Avropa İttifaqı ölkələrini Ukraynanın onların verdikləri silahlarla Rusiya ərazisindəki legitim hərbi hədəfləri vurmasına qoyulmuş məhdudiyyətləri qaldırmağa çağıran qətnamə qəbul edib.

Tövsiyə səciyyəsi daşıyan qətnamənin leyhinə 425, əleyhinə 131 səs verilib. Daha 63 Avropa deputatı bu məsələdə bitərəf qalıb.

Qətnamə mətnində deyilir ki, bu məhdudiyyətlər qaldırılmasa, Ukrayna özünümüdafiə hüququndan tam istifadə edə bilməyəcək və Rusiyanın mülki hədəflərə zərbələri də daxil, hücumlarının qarşısında gücsüz qalacaq.

Qətnamədə habelə Avropa İttifaqı ölkələrinin Ukraynaya hərbi yardımlarının həcmlərindəki azalmadan narahatlıq ifadə olunur. Sənəddə ayrıca olaraq Ukraynaya Almaniya istehsalı Taurus raketlərinin verilməsinə çağırış edilir. Berlin bunu etməkdən israrla boyun qaçırır.

Deputatlar hesab edirlər ki, Aİ-nin NATO-ya üzv ölkələri Ukraynanı hərbi cəhətdən dəstəkləmək öhdəliyi götürməli və öz illik ÜDM-lərinin azı 0.25 faizini buna xərcləməlidirlər.

Sanksiyaların genişləndirilməsi

Avropa deputatları habelə Rusiya və Belarusa, eləcə də İran və Şimali Koreyaya qarşı sanksiyaların genişləndirilməsinə çağırıblar.

Avropa Parlamenti üzvləri eyni zamanda Rusiyaya sanksiyalardan yan keçməkdə kömək edən daha çox Çin vətəndaş və şirkətinə qarşı sanksiyaların qoyulmasına çağırıblar.

Qətnamədə habelə qeyd edilir ki, Aİ ölkələrindəki Rusiya dövlət mülkiyyətinin müsadirəsi üçün hüquqi bazanın hazırlanması zəruridir.

Deputatlar Rusiyanın Gazprom şirkətinin sanksiya siyahısına salınmasına, Rusiyadan maye qaz və nüvə yanacağı alınmasına qadağan qoyulmasına çağırırlar.

Avropa Parlamenti əvvəllər də belə çağırışlarla çıxış edib, lakin bu istiqamətdə heç bir addım atılmayıb.

AzadlıqRadiosu xatırladır ki, bir sıra Avropa ölkələri bundan əvvəl Ukraynaya Rusiya ərazisindəki hədəflərin vurulması üçün icazə vermişdilər.

Avropa İttifaqının xarici işlər komissarı Jozep Borrel bəyan etmişdi ki, Ukraynaya belə bir icazənin verilməsi məsələsində hər bir Aİ üzvü müstəqil şəkildə qərar verməlidir.

Amma hazırda əsas debatlar Ukraynaya ABŞ və Britaniya tərəfindən verilmiş uzaqvuran raketlərdən istifadə ətrafında gedir. Nə ABŞ, nə də Britaniya Aİ üzvü deyillər.

Rusiyanın yeganə hədə vasitəsi – nüvə silahı

Moskvada Avropa Parlamentinin qətnaməsinə ilk reaksiyanı Dövlət Dumasının spikeri Vyaçeslav Volodin verib.

O deyib ki, Avropa Parlamentinin çağırışlarına əməl olunması nüvə silahından istifadə ilə dünya müharibəsinə səbəb ola bilər.

Volodin vurğulayıb ki, Rusiyanın Sarmat raketi Strasburqa 3 dəqiqə 20 saniyəyə çata bilər.

Rusiya prezidenti Vladimir Putin bundan əvvəl demişdi ki, NATO üzvləri Ukraynaya Rusiya ərazisini raketlərlə vurmaq icazəsi versələr, bu, artıq NATO-nun Rusiya ilə müharibədə olması anlamına gələcək.

NATO-nun baş katibi Yens Stoltenberq deyib ki, Putin bundan əvvəl də “qırmızı cızıqların” keçilməsi ilə hədələyib, lakin bu hədələr heç vaxt gerçəkləşməyib.

Onun sözlərinə görə Ukraynanın Rusiya ərazisinə uzaqvuran raketlərlə zərbələr endirməsi NATO-nun müharibədə iştirak etməsi demək deyildir.

XS
SM
MD
LG