Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 19:25

10 il qadağası Azərbaycana gətirilən avtomobil sayına necə təsir edib?


Gürcüstanda avtomobil bazarı
Gürcüstanda avtomobil bazarı

Bu il martın 29-da yaşı 10 ili aşan minik avtomobillərinin Azərbaycana gətirilməsinə dair yeni qərar qəbul edilmişdi. Qərara görə, buraxılış tarixi 10 ili keçən elə avtomobillərin gətirilməsi məhdudlaşdırılırdı. Yeni qaydalar imzalandıqdan 30 gün sonra - aprelin 28-də qüvvəyə minən həmin qərar ölkədə avtomobil parkının köhnəlməsinə, eləcə də havanın çirklənməsinə bağlanmışdı. Rəsmi rəqəmlərə görə, bu ilin əvvəlinə ölkədəki 1.3 milyon minik avtomobilinin cəmi 5 faizinin istismar müddəti beş ildən az idi. Avtomobillərin 83 faizinin istismar müddəti 10 ili aşmışdı. Bəs yeni qaydaların qüvvəyə minməsi Azərbaycana gətirilən avtomobil sayına necə təsir göstərib?

Avtomobil idxalı artıb

Dövlət Gömrük Komitəsinin (DGK) açıqladığı bilgilərə görə, bu ilin ilk beş ayında Azərbaycana toplam 37 min 394 minik avtomobili gətirilib. Onların toplam dəyəri 549 milyon dollar olub. Ötən ilin eyni dövrü ilə müqayisədə ölkəyə gətirilən minik avtomobillərinin sayı təxminən 11 min ədəd və ya 41 faiz artıb. Dəyər baxımındansa avtomobil idxalının həcmi iki dəfə yüksəlib.

Öncəki aylarla müqayisədə apreldə idxal təxminən 2 min ədəd və ya 32 faiz yüksələrək 8 min 325-ə yüksəlib. Nazirlər Kabinetinin qərarında bildirilirdi ki, martın 29-dək pulu ödənilən avtomobillər qadağadan sonra da ölkəyə buraxılacaq. Bu baxımdan, apreldə qeydə alınan kəskin artımın səbəblərindən biri də, çox güman, idxal bazarında sözügedən qərarın qəbulu ilə bağlı öncədən gözləntilərin olmasıdır.

Maraqlıdır ki, avtomobil idxalı ilə bağlı yeni qadağaların tam qüvvəyə mindiyi may ayında Azərbaycana gətirilən minik avtomobillərinin sayı bir qədər də çoxalıb. Ötən ay ölkəyə 9 min 805 ədəd minik avtomobili idxal edilib. Bu, martla müqayisədə 55 faiz, aprellə müqayisədə 18 faiz artım deməkdir.

İdxal edilən avtomobillərin orta qiyməti də artıb

Yeni qaydaların tətbiqindən sonra ölkəyə gətirilən avtomobillərin orta qiymətinin artması da diqqət çəkir. Bu ilin mayında gətirilən bir avtomobilin orta idxal qiyməti 17 min dollar olub. Bu, il ərzində bir ayda qeydə alınan ən yüksək nəticədir. Aprel ayında belə avtomobillərin orta idxal qiyməti mayla müqayisədə 36 faiz ucuz - 12 min 541 dollar idi. İlin ilk rübündə sözügedən qiymət 14 min 435 dollar olmuşdu.

Beləcə, aydın olur ki, avtomobil idxalı ilə bağlı yeni qaydaların tətbiqindən sonra ölkəyə gətirilən avtomobil sayı artıb. Ancaq daha yeni avtomobillər ölkəyə gətirildiyindən orta idxal qiymətində də ciddi artım qeydə alınıb.

Elektromobil idxalı kəskin artıb

Yeni dəyişikliklərin Azərbaycana gətirilən hibrid mühərrikli avtomobil sayına təsiri ayrıca maraq doğurur. Son illər ölkəyə belə avtomobillərin idxalı kəskin artıb. Məsələn, 2020-ci ildə ölkəyə 5 min hibrid mühərrikli avtomobil gətirilmişdisə, 2021-ci ildə bu rəqəm 2.6 dəfə artaraq 13 minə yüksəlib. Düzdür, ötən il bir qədər azalaraq 11 min 337-ə enib. DGK-nın açıqladığı rəqəmlərdən aydın olur ki, yeni qaydaların tətbiqindən sonra ölkəyə gətirilən hibrid avtomobil sayında ciddi dəyişiklik baş verməyib. Əgər apreldə Azərbaycana 1 min 427 hibrid avtomobil gətirilmişdisə, ötən ay bu rəqəm 1 min 410 ədəd olub. Say elə dəyişməsə də, hibrid avtomobillərin toplam idxaldakı payı azalıb. Mart-aprel aylarında Azərbaycana gətirilən avtomobillərin 18.3 faizi hibrid avtomobillər idisə, mayda bu göstərici 14.4 faizə enib.

Bu il Azərbaycana gətirilən elektromobil sayında isə kəskin artım baş verib. Bu ilin ilk beş ayı boyunca ölkəyə 812 ədəd elektrik mühərrikli maşın gətirilib. Ötən ilin eyni dövründə bu say 130 idi. Deməli, son bir ildə ölkəyə idxal edilən elektrik mühərrikli avtomobillərin sayı altı dəfədən çox artıb. Bu il elektrik mühərrikli avtomobillərin idxalı ölkəyə 34.3 milyon dollara başa gəlib. Ötən il eyni avtomobillərin idxalına cəmi 3.7 milyon dollar xərclənmişdi.

XS
SM
MD
LG