Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 04:36

Avtomobilini dollar krediti ilə alanlara məhkəmədə «yaşıl işıq»


Əkrəm Həsənov
Əkrəm Həsənov

-

Ötən il manatın dollara qarşı 100 faizə qədər ucuzlaşması avtomobilini kreditlə alan yüzlərlə adamı çıxılmaz vəziyyətə salıb, çünki bir çoxuna kredit dollarla verilib. Banklar da krediti dolların indiki kursuna uyğun ödənişini tələb edir. Hüquqşünas və bank məsələləri üzrə ekspert Əkrəm Həsənov yaxın günlərdə bu müştərilərin mənafeyini güdən kütləvi məhkəmə çəkişməsinə hazırlaşır.

– Əkrəm bəy, avtomobilini kreditlə alanlarla bağlı kütləvi məhkəmə müraciəti zərurəti nədən yaranıb?

– Bununla bağlı mənə çoxlu müraciətlər olur. Onlarla adam bank yolu ilə kredit alıb və manatın devalvasiyasından sonra ödəməsində ciddi çətinliklə üzləşib. Çünki bank onlara avtomobil üçün krediti dollarla verib və dolların indiki ekvivalenti ilə ölçsək, müştərinin ödəyəcəyi məbləğ iki dəfə artıb, hətta maşının dəyərini də ötüb. Bütün bunlar onların aldadılması nəticəsində baş verib.

– Aldatma predmeti nədir?

– Vətəndaş avtodillerə avtomobilin dəyərinin bir hissəsini (məsələn, 30%-ni) manatla ödədikdən sonra banka üz tutur ki, pulun qalan hissəsini kreditlə ödəsin. Müştəriyə lazım olan valyuta manatdır, bank da bunu bilir. Ölkədə xarici valyuta ilə alqı-satqı qadağandır. Lakin banklar avtodillerə pulu manatla ödəsə də, vətəndaşla müqaviləni dollarla bağlayıb. Bununla da vətəndaşları aldadıblar. Bəzi vətəndaşlar kredit müqaviləsinin dollarda bağlanmasına, ümumiyyətlə, fikir verməyib. Çünki manat xahiş etdiyi təqdirdə ona dolların sırınmasını ağlına belə gətirməyib. Banka etibar edib, bank da bu etibardan sui-istifadə edib. Müqavilənin dollarda olmasına fikir verənlərə isə bank yalandan deyib ki, guya avtodillerə də pulu dollarla ödəyir. Bir sözlə, hər iki halda bank vətəndaşı aldadıb.

– Axı vətəndaşın imkanı var ki, müqaviləni oxusun və istəmədiyi valyutadırsa, kreditdən imtina etsin.

– Kredit müqaviləsini müştəriyə bank təqdim edir, onun bu müqaviləyə hər hansı düzəliş etmək imkanı yoxdur. Buna görə də Mülki Məcəllə (417-420-ci maddələr) belə müqaviləni standart şərtlər əsasında bağlanmış hesab edir. Məsələn, orada deyilir: «Müqavilənin standart şərti müqaviləyə daxil edilmiş olsa da, etimad və vicdanlılıq prinsiplərinə zidd olaraq, müqavilənin digər tərəfi üçün zərərlidirsə, etibarsızdır. Bu zaman həmin şərtlərin müqaviləyə daxil edildiyi şərait, tərəflərin qarşılıqlı maraqları və sair nəzərə alınmalıdır». (420.2-ci maddə). Bu o demək deyil ki, müştəri müqaviləyə imza atıbsa, ona əməl etməlidir. Faktiki olaraq, imzalanma bankın vicdansızlığı və etimaddan sui-istifadəsi nəticəsində baş verib. Qanun da deyir ki, bu halda bağlanmış müqavilə etibarsızdır. Belə müqavilə Mülki Məcəllənin 347.2.2-ci maddəsinə əsasən də etibarsızdır. Ancaq buna, yəni «vacib əhəmiyyətli yanılma əsasına görə» etibarsızlıq məsələsi 1 ay ərzində məhkəmədə qaldırıla bilərdi, bir çoxları üçün bu imkan artıq itirilib. Mülki Məcəllənin 339-cu maddəsinə əsasən isə, aldatmaya görə 1 il ərzində məhkəməyə müraciət etmək olar. Avtokredit alanların çoxu aldadıldığını ötən ilin fevralında birinci devalvasiya zamanı bilib və onlar «aldatma əsası ilə» fevralın sonu-martın əvvəlinədək avtomobil krediti müqaviləsinin etibarsız hesab edilməsinə dair məhkəmədə iddia irəli sürə bilər.
Məhkəmə belə kredit müqaviləsini etibarsız hesab etsə, vətəndaş banka yalnız bankın avtodillerə ödədiyi manat məbləğini ödəməli olacaq. Başqa sözlə, sanki krediti manatla alıb. Yəni, devalvasiya zərərindən tam xilas olacaq. Avtomobil kreditlərində başqa bir nüans da var, qanun avtomobil girovu (ipotekası) müqaviləsinin notariat qaydasında təsdiqini tələb edir. Bu da məhkəmə predmeti ola bilər, özü də bu, bütün avtokreditləri əhatə edən məsələdir.

– Avtomobil girovu ipotekamı sayılır?

– Bəli, Mülki Məcəllənin 269.4-cü maddəsinə əsasən, avtomobil girovu ipoteka hesab olunur. Həmin Məcəllənin 307.7-ci maddəsinə görə isə, ipoteka müqaviləsi notariat qaydasında təsdiqlənməlidir. Düzdür, «İpoteka haqqında» Qanunun 10.2-ci maddəsində deyilir ki, yalnız daşınmaz əşyanın ipotekası haqqında müqavilə notariat qaydasında təsdiqlənməlidir. Lakin «Normativ hüquqi aktlar haqqında» Konstitusiya Qanununun 2.5-ci maddəsinə uyğun olaraq, Mülki Məcəllə hüquqi qüvvəsinə görə «İpoteka haqqında» Qanundan üstündür. Beləliklə, avtomobilin ipoteka müqaviləsi mütləq notariat qaydasında təsdiqlənməlidir. Əks halda, belə müqavilə Mülki Məcəllənin 329.1-ci maddəsinə əsasən, etibarsızdır. Təcrübədə isə bankların çoxunda avtomobil girovu üzərindən bağlanan kredit müqavilələri notariat qaydasında təsdiq olunmur. Bu isə qanun pozuntusudur. Deməli, bankların notariat təsdiqi olmadan bağladıqları avtomobil ipotekası müqavilələri etibarsızdır, yəni onların heç bir hüquqi qüvvəsi yoxdur və avtomobil girovda deyil, tam azaddır. Buna görə də borclular məhkəməyə müraciət edərək avtomobillərini girovdan azad etdirə bilərlər.
Məsələnin digər tərəfi də var. Avtomobil evli şəxs tərəfindən əldə edilirsə, o, bir qayda olaraq, ər-arvadın birgə mülkiyyətidir. Deməli, onun banka ipotekaya qoyulması üçün həyat yoldaşının yazılı razılığı tələb olunur. Təbii, ipoteka müqaviləsi notariusda təsdiqlənmirsə, həyat yoldaşının razılığı da, bir qayda olaraq, alınmır. Bu isə o deməkdir ki, müqavilənin notariat qaydasında təsdiqlənməsi tələbini kənara qoysaq belə, həyat yoldaşının razılığının olmaması da onun etibarsızlığı üçün əsasdır.

– Sizcə, məhkəmə bu iddiaları təmin edəcəkmi?

– Buna yüz faiz təminat verə bilmərəm. Ancaq dediklərim ölkəmizdəki mövcud qanunvericiliyə söykənir. Məqsədim o deyil ki, bankı məğlub edək. Bəzən hətta elə məhkəmə qərarları görmüşəm ki, qanuna zidd, bankın əleyhinə qərar verilib. Məqsədimiz qanunun aliliyidir.

XS
SM
MD
LG