Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 09:44

AXCP üzvü 6 il azadlıqdan məhrum edilib


Şahin Hacıyev
Şahin Hacıyev

Məhkəmədən sonra vəkil AzadlıqRadiosu-na bildirib ki, hökmdən apellyasiya şikayəti veriləcək.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) həbsdə olan üzvü Şahin Hacıyev 6 il azadlıqdan məhrum edilib.

Martın 31-də Gəncə Ağır Cinayətlər Məhkəməsində ona hökm oxunub. Hökmə əsasən, Hacıyev CM-in 234.4.3 (satış məqsədilə narkotik əldə etmə, saxlama) maddəsilə təqsirli bilinib.

“Belə texniki səhv olmaz”

Lakin hökmdən əvvəl AXCP fəalı bildirib ki, üzərindən tapıdlığı iddia olunan narkotikin əslində, ona heç bir aidiyyəti yoxdur. Onun sözlərinə görə, həmin narkotiki üzərinə polislər qoyub:

“Mənim evimdən narkotik yox, noutbukumu götürüblər polislər”, – cəbhəçi belə deyib.

Vəkil Zabil Qəhrəmanov bildirib ki, müvəkkili ilə bağlı əməliyyat keçirilməsinə dair qərarda Şahin Hacıyev əvəzinə Müşfiq İsayev adlı şəxsin ad-soyadı əksini tapıb:

“Deyirlər ki, texniki səhvdir. Belə texniki səhv olmaz...”

Vəkil Hacıyevin saxlanılarkən və ondan sonra polis idarəsində işgəncəyə məruz qalması haqda dediklərini yada salaraq vurğulayıb ki, istintaq təcridxanasının arayışından da bu, təsdiq olunur. Orada göstərilib ki, AXCP fəalı istintaq təcridxanasına gətiriləndə ayağının altında, bud nahiyəsində xəsarət izləri olub.

Məhkəmədən sonra vəkil AzadlıqRadiosu-na bildirib ki, hökmdən apellyasiya şikayəti veriləcək.

Xatırlatma

AXCP Gəncə şöbəsinin üzvü Şahin Hacıyev noyabrın 26-da həbs edilib. Onun üzərindən 13 qram narkotik maddə tapıldığı iddia olunur.

Üzvü olduğu partiya Hacıyevin narkotik və başqa pis vərdişlərdən uzaq olduğunu, onun Facebook hesabında yazdığı statusa görə cəzalandırıldığını bəyan edib.

O, həbsindən iki gün öncə sosial media hesabından paylaşımında prezident İlham Əliyevi Müəmmər Qəddafi ilə müqayisə etmişdi.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev isə bildirib ki, Şahin Hacıyev Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat qrupu tərəfindən, konkret fakt əsasında saxlanılıb. DİN rəsmisinin sözlərinə görə, Hacıyevin həbsində siyasi motivdən söhbət gedə bilməz.

AXCP üzvü Gəncədə şahmat müəllimi kimi fəaliyyət göstərirdi.

XS
SM
MD
LG