Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 00:29

Cəbhəçi və xanımı işdən çıxarılıb [yenilənib]


Cəbhəçi müəllimlər Əflatun Əhmədli və Ülkər Əhmədli piket keçirir. 28aprel2017
Cəbhəçi müəllimlər Əflatun Əhmədli və Ülkər Əhmədli piket keçirir. 28aprel2017

«Aprelin 27-də məni də, xanımımı da işlədiyimiz məktəblərdə müəllimlikdən azad etdilər».

Bunu AzadlıqRadiosuna Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Neftçala rayon təşkilatının sədri Əflatun Əhmədli bildirib.

Onun deməsinə görə, aprelin 25-də rayon təhsil şöbəsinə çağırılıb. Ondan Milli Şuranın bu il aprelin 8-də keçirdiyi icazəli aksiyada iştirak edib-etmədiyi barədə soruşublar: «Mən də cavab verdim ki, iştirak etməmişəm. Ondan sonra izahat tələb etdilər, izahat yazmaqdan imtina etdim. Tələb edirdilər ki, AXCP-dən istefa verək və mən buna getməyəcəyimi bildirdim. Dünən (aprelin 27-si) isə məni də, xanımımı da Əmək Məcəlləsinin müvafiq bəndi ilə işdən azad etdilər. Guya əmək müqaviləsinin tələbələrini yerinə yetirməmişəm».

***Buna da bax-İcazəli mitinqə də getmək olmaz? [video]

Ə.Əhmədli deyir ki, özü Mayak kənd 1 saylı məktəbdə fizika, xanımı isə Neftçala şəhər 3 saylı məktəbdə rus dili fənnini tədris edib.

Ə.Əhmədli hesab edir ki, əmək müqaviləsindən irəli gələn tələblərin yerinə yetirilməməsi ilə bağlı göstərilən əsaslar quramadır: «Görünən budur ki, bizi faktiki siyasi əqidəmizə və mənsubiyyətimizə görə işdən xaric edərək cəzalandırıblar. Bunun başqa adı yoxdur. Bu, həm də rayonda partiyamızın fəaliyyətinin zəiflədilməsinə yönələn addımdır».

TƏHSİL ŞÖBƏSİ: «HAKİMİYYƏT ƏLEYHİNƏ DANIŞIBLAR»

İstər 1 saylı Mayak kənd məktəbinin direktoru Elşən Ağalarov, istərsə də Neftçala şəhər 3 saylı məktəbin direktoru Vüqar Dadaşov bu məsələ ilə bağlı suallara cavab verməyiblər. Onlar rayon Təhsil Şöbəsi ilə əlaqə saxlamağı məsləhət biliblər.

Neftçala rayon Təhsil Şöbəsinin müdiri Əjdər Kərimov isə Ə.Əhmədli və xanımı Ü.Əhmədlinin işdən çıxarılması ilə bağlı qərarı məktəblərin verdiyini deyib: «Bu qərar hər iki məktəbin pedaqoji şuralarının, həmkarlar ittifaqlarının mövqeyi əsasında verilib. Təhsil şöbəsi də bunu əsaslı sayıb. Hər iki şəxsin məktəbdə müəllimlikdən azad olunmasına bir neçə səbəb olub. Həm əmək intizamını pozublar, həm məktəbdə siyasi loyallıq prinsipinə əməl etməyiblər, həm də hakimiyyət əleyhinə danışıblar. Halbuki siyasi baxışlar məktəbdə ifadə edilə bilməz, bundan kənarda olmalıdır. Belə prinsiplərə əməl etmədilər, nəticədə də məktəblər bu qərarı verməli oldular».

Cəbhəçi müəllimlər Əflatun Əhmədli və Ülkər Əhmədli piket keçirir. 28aprel2017
Cəbhəçi müəllimlər Əflatun Əhmədli və Ülkər Əhmədli piket keçirir. 28aprel2017

* * *

İşlədikləri məktəbdən xaric edilən Azərbaycan xalq Cəbhəsi Partiyasının (AXCP) Neftçala şöbəsinin sədri Əflatun Əhmədli və xanımı Ülkər Əhmədli aprelin 28-də buna etirazlarını bildiriblər. Onlar Neftçala rayon Təhsil Şöbəsinin qarşısında əllərində şüar tutaraq, işdən çıxarılmalarının siyasi motivli olduğunu bildiriblər.

XS
SM
MD
LG