Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 19:58

Azərbaycanda futbol komandaları nə qədər qazanır?


Bakı Olimpiya Stadionu
Bakı Olimpiya Stadionu

Azərbaycanda futbol çempionatı başa çatınca, klubların öz maliyyə hesabatlarını açıqlaması da gündəmə gəldi. Ötən il yarımçıq dayandırılan çempionat bu mövsümboyu azarkeşlərin üzünə bağlı qalsa da, sonadək davam etdirildi. Səkkiz komandanın qatıldığı çempionatda oyunlarını Abşeron yarımadasından kənarda keçirən cəmi bir klub var. Azərbaycan çempionatının bir özəlliyi də odur ki, illərdir, sonuncu olsa da, heç bir komanda yüksək liqanı tərk etmir və eyni zamanda alt liqalardakı qalib klubların da əsas çempionata daxil olmasına icazə verilmir.

Gəlirlərin yarıdan çoxu cəmi iki kluba məxsusdur

Son səkkiz ilin yeddisində ölkə çempionu adını qazanan "Qarabağ" klubu gəlir həcminə görə də ölkə futbolunun lideridir. Klubların maliyyə hesabatından aydın olur ki, ötən il Azərbaycan futbol klublarının əldə etdiyi toplam gəlir 42.3 milyon manat olub. Bütün gəlirlərin 30 faizi (12.6 milyon manatı), sadəcə, "Qarabağ"a aiddir. Ümumi aktivlərin həcmi baxımından da lider elə "Qarabağ"dır. Klub aktivlərinin toplam dəyəri 29.7 milyon manatdır. Bu göstərici ən yaxın izləyici "Qəbələ"ni (13 milyon manat) 2.3 dəfə qabaqlamaq deməkdir.

Bu mövsüm UEFA Avropa Liqasının qrup mərhələsinə qatılan "Qarabağ" klubu gəlirlərinin əsas hissəsini (95%) "nümayiş hüququndan daxilolmalar" hesabına əldə edib. Ötən ildən fərqli olaraq klub bilet satışından və sponsorlardan gəlir qazanmayıb. Bu mövsüm boyunca oyunların azarkeşsiz keçirilməsi ucbatından bilet satışından gəlir əldə edilməməsi normal olsa da, 2019-cu ildə sponsorların kluba 8 milyon manat ayırmasına baxmayaraq, ötən il bu məbləğin sıfırlanması maraqlı məqamdır.

Klubun əsas xərc istiqaməti əməkhaqqı və mükafat xərcləri ilə bağlıdır. Toplam xərclərin (16 milyon manat) 56 faizi (9 milyon manat) məhz əməkhaqqına və mükafatlara xərclənib. Bu göstərici ilə "Qarabağ" ölkədə ən böyük əməkhaqqı fonduna sahib olan klubdur. Bütövlükdə ötən ilin nəticələrinə əsasən, klub ili 3 milyon 775 min manat zərərlə başa vurub.

Bu mövsümü çempion kimi başa çatdıran "Neftçi" klubu isə həm də il ərzində ən çox mənfəət qazanan klub adını qazanıb. 2020-ci il boyunca klubun toplam gəlirləri 9 milyon 340 min manat, xərcləri isə 9 milyon 31 min manat olub. Beləliklə, "Neftçi" ili 234 min manat mənfəətlə başa vurub. Komandanın qazandığı hər 100 manatın 85-ni sponsorlar təmin edib.

Sponsordan ən çox pul qazananlar və ən çox maaş verənlər

Klubların sponsorlardan əldə etdiyi vəsaitin və maaş fondunun həcminə baxdıqda pandemiyanın iqtisadiyyata vurduğu zərərin futbol sektorundan da yan ötmədiyi görünür. 2020-ci ildə çempionata qatılan səkkiz komandadan yeddisinin sponsor gəlirləri azalıb. Bu baxımdan gəlirlərini ən çox azaldan klub, qeyd edilən kimi, "Qarabağ"dır. Bir il ərzində klubun sponsor gəlirləri 8 milyon manatdan sıfıra enib. Diqqət çəkən digər bir klub da bir il əvvələdək zəngin komanda sayılan "Qəbələ"dir. Bu klub 2019-cu ildə sponsorlardan 6.3 milyon manat əldə etmişdisə, ötən il bu göstərici heç 300 min manata çatmayıb. Başqa sözlə, bir il ərzində sponsor ödənişlərinin həcmi 20 dəfədən çox azalıb. "Neftçi" klubunun sponsor gəlirləri il ərzində 10.6 milyon manatdan 8 milyon manatadək azalsa da, klub ən çox sponsor gəliri qazanan komanda olub.

Maraqlıdır ki, elə çox azarkeşi olmayan "Keşlə", "Sabah" və "Zirə" klublarının sponsor gəlirlərindəki azalma o qədər də çox olmayıb (4-9 faiz). Çox da populyar olmayan bu klubların illik sponsor gəlirləri, uyğun olaraq, 4.6; 4.3 və 3.6 milyon manat olub. "Səbail" klubunun sponsor gəlirləri isə 561 min manatdan 376 min manata geriləyib və klub il ərzində sponsorlardan ən az gəlir qazanan komandaya çevrilib. İl ərzində qazandığı sponsor gəlirlərinin həcmini artıran tək klubsa "Sumqayıt" olub. 2019-cu ildə ən az sponsor gəliri götürən "Sumqayıt"ın bu istiqamətdəki gəlirlərini cəmi 133 min manat artırması onun sponsor büdcəsini 46 faiz artıraraq 424 min manata çatdırıb.

Çempionatdakı səkkiz komandadan altısında il ərzində maaş ödənişlərinin həcmi azalıb. Maaş fondunu ən çox azaldan klublar "Səbail" və "Qəbələ"dir. Hər iki klubun maaş ödənişləri təxminən yarıbayarı azalıb. Ən çox azalma "Qarabağ"da qeydə alınıb. Ağdam təmsilçisi 2019-cu ildə 13 milyon manata yaxın əməkhaqqı ödəmişdisə, ötən il bu göstərici 4 milyon manata yaxın (30 faiz) azalaraq 9 milyon manata enib. Bununla belə, "Qarabağ" hələ də ən böyük əməkhaqqı fonduna sahib komandadır.

Bütövlükdə il ərzində səkkiz komandadan beşi maliyyə ilini zərərlə başa vurub. İli mənfəətlə başa vuran üç komandadan ikisinin mənfəəti isə çox cüzi olub:

Klub

Mənfəət-zərər

1

Neftçi

234 min (mənfəət)

2

Zirə

40 min (mənfəət)

3

Səbail

18 min (mənfəət)

4

Keşlə

345 min (zərər)

5

Sabah

541 min (zərər)

6

Sumqayıt

2 milyon 62 min (zərər)

7

Qəbələ

2 milyon 301 min (zərər)

8

Qarabağ

3 milyon 775 min (zərər)

XS
SM
MD
LG