Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 06:11

Azərbaycanda xüsusi rejim tətbiq edilir


Arxiv fotosu
Arxiv fotosu

Azərbaycanda xüsusi rejim tətbiq edilir.

Bununla bağlı bu gün, martın 23-də Nazirlər Kabineti yanında operativ qərargah məlumat yayıb.

Məlumatda qeyd edilir ki, martın 23-də Nazirlər Kabinetində baş nazir Əli Əsədovun sədrliyi ilə iclas keçirilib. Qurumun məlumatına görə, iclasda ölkədə koronavirus infeksiyası ilə bağlı vəziyyət müzakirə edilib və infeksiyanın yayılmasının qarşısının alınması məqsədilə xüsusi rejim tətbiq edilməsi haqqında qərar qəbul edilib.

Açıqlamada bu qərar dünyada yayılmış koronavirus (COVID-19) pandemiyası ilə mübarizədə müxtəlif ölkələrin təcrübəsini nəzərə alınması və əhalinin sağlamlığının qorunmasının ali məqsəd kimi qəbul edilməsi ilə izah edilir. Bildirilir ki, həmçinin, məqsəd koronavirus infeksiyasının ölkədə yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının almaqdır:

“... Azərbaycan Respublikasında 24 mart 2020-ci il saat 00:00-dan etibarən 20 aprel saat 00:00-dək xüsusi karantin rejimi elan edilir”.

65 yaşdan yuxarı insanlara evdən çıxmaq qadağan edilir

Qərarda bu müddət ərzində xüsusi rejimin 1-ci maddəsi kimi 65 yaşdan yuxarı insanlara evdən çıxmalarının qadağan edilməsi öz əksini tapıb. Amma bu kateqoriyadan olan tənha yaşayan şəxslərə qanunvericiliyə əsasən sosial xidmətlərin göstərilməsi təmin edilməlidir:

“2. Xüsusi təyinatlı, o cümlədən təcili tibbi yardım, qəza-bərpa, xilasedici, habelə yük daşıyan avtomobillərin hərəkəti istisna olmaqla, Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayonuna giriş və çıxış məhdudlaşdırısın. 3. Mülkiyyət növündən asılı olmayaraq, ölkə üzrə rayon və şəhərarası sərnişindaşınma fəaliyyəti dayandırılsın.”

Bunlardan başqa, azyaşlı uşaqları olan ailələr, yaşlılar, tibbi yardıma ehtiyacı olan şəxslər və qadınlara üstünlük verməklə, müəyyən olunmuş qrafik çərçivəsində xaricdə olan ölkə vətəndaşlarının 14-21 gün ərzində məcburi karantin rejimində yerləşdirməklə xüsusi çarter reysləri ilə Azərbaycana gətirilməsi təmin edilməlidir.

Habelə, Bakı Nəqliyyat Agentliyi metro stansiyaları arasında müəyyən edilmiş marşrut əsasında saat 06:00-22:00 arası xüsusi ekspress avtobus xətlərini tətbiq etməlidir. Eyni zamanda sərnişinlərə də tövsiyə edilir ki, metrodan istifadə minimuma endirilsin:

10 nəfərdən artıq qruplarda toplaşmaq da yasaqlanır

“İctimai yerlərdə, o cümlədən küçələrdə, bulvarlarda, parklarda və sair yerlərdə şəxslərin 10 nəfərdən artıq qruplarda cəmləşməsi qadağan edilsin. 7. İnsanlarası təmaslarda vətəndaşlar tərəfindən 2 metrlik məsafənin saxlanılması tövsiyə edilsin. 8. İctimai iaşə müəssisələrinə yeni iş rejimi tətbiq olunsun: müştərilərə yerində xidmət vaxtı saat 12.00-15.00 arası müəyyən edilsin, evə götürmə, çatdırma və onlayn satışlara məhdudiyyətsiz icazə verilsin”.

Həmçinin, nəzdindəki supermarketlər, ərzaq mağazaları, apteklər istisna olmaqla, ölkə ərazisində ticarət mərkəzlərinin və “Mall”arın fəaliyyəti dayandırılır ( Bununla bağlı qərarın verildiyi Nazirlər Kabineti yanında operativ qərargahdan martın 22-də açıqlanan məlumatında da yer almışdı-red):

“10. Ərzaq mağazalarının, apteklərin və digər həyat əhəmiyyətli obyektlərin fəaliyyəti təmin edilsin. 11. Xüsusi karantin rejimin tələblərinin icrasına nəzarət Azərbaycan Respublikasının Daxil İşlər Nazirliyinə həvalə edilsin”.

Xəstəxanalar koronavirus böhranına hazırdırmı?
Gözlə

No media source currently available

0:00 0:07:57 0:00

Xatırlatma

Ötən ilin sonunda Çində yeni koronavirus aşkar edilib. Sonra bu virus sürətlə dünyanın əksər ölkələrinə yayılıb. Son bir neçə ayda dünyada bu virusdan 14 mindən çox şəxsin vəfat etdiyi bildirilir.

Azərbaycanda indiyə qədər rəsmi şəkildə 72 şəxsdə koronavirus aşkarlandığı açıqlanıb. Onlardan 10 nəfərinin sağalıb evlərinə buraxıldığı, bir nəfərin isə öldüyü deyilir. Üstəlik, hazırda Azərbaycanda bu virusa yoluxma təhlükəsi ilə bağlı yüzlərlə şəxsin karantində saxlandığı açıqlanıb.

Son həftələr dünyada bu virusla bağlı bir sıra məhdudlaşdırcı tədbirlər görülür. Martın 14-dən Azərbaycanda da bir ay ərzində bütün kütləvi tədbirlər ləğv edilib. Ticarət, turizm, ictimai iaşə və başqa sahələrdə xüsusi iş rejimləri tətbiq olunub.

Habelə, martin 3-dən aprelin 20-nə qədər orta və ali məktəblərdə dərslər də dayandırılıb.

Operativ qərargah bəzi dövlət qurumlarının əməkdaşlarının martın 29-dan aprelin 29-dək əməkhaqqı saxlanılmaqla növbədənkənar məzuniyyətə göndərilməsi haqda da qərar qəbul edib. Martın 20-dən 29-na qədər isə Azərbaycanda Novruz bayramı ilə bağlı qeyri-iş günləridir.

XS
SM
MD
LG