Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 09:38

Azərbaycan büdcəsi neft pulu olmasa...


-

Son 10 ildə Azərbaycanın büdcəsi ard-arda artırdı, amma gələn il buna son qoyulacaq. 2016-cı ilin büdcəsi bu ilə nisbətən 25 faiz az proqnozlaşdırılır. Səbəb neftin ucuzlaşmasıdır. Bir anlıq düşünülsə ki, ölkənin belə təbii sərvəti yoxdur, o zaman “büdcəmiz necə olacaq” sualı çox adamı təlaşa salar.

2016-cı ildə dövlət büdcəsinin gəlirləri 14 milyard 566 milyon manat proqnozlaşdırılır. Bunun 6 milyard manatı Dövlət Neft Fondundan birbaşa köçürmələrdir. Vergilər Nazirliyi xətti ilə büdcəyə daxil olan məbləğin də 1 milyard 790 milyon manatı (27 %) neft sektorunun payına düşür.

Həmin sektorda çalışanların büdcəyə ödədikləri vergi və sığorta ödənişlərini nəzərə alsaq, gələnilki büdcənin yarıdan çoxu neftin hesabına formalaşmalıdır. Axı 14 milyardlıq büdcə gəlirinin 8 milyardı neftdən qaynaqlanacaq.

Buna da bax: İlham Əliyev Sumqayıta gedib​

BÜDCƏ GƏLİRLƏRİNİN 64 FAİZİ NEFTDƏN GƏLİR...

Rəşad Həsənob
Rəşad Həsənob

İqtisadçı ekspert Rəşad Həsənovun fikrincə, neftin qiyməti 2 dəfədən çox azalsa da, büdcədə neft gəlirləri gələn il də dominantlığını qoruyacaq:

"2016-cı ildə büdcə gəlirlərinin hər 100 manatından 53.5 manatı birbaşa neft sektorunun payına düşür. Büdcə xərcləmələrinin təxminən 20 faizi vergi olaraq geri qayıdır. Yəni 7.8 milyard manatlıq neft mənşəli xərcləmənin 1.56 milyard manatı vergi şəklində büdcəyə qayıdacaq. Aydın olur ki, büdcə gəlirlərinin 64%-dən çoxu birbaşa və dolayı neft gəlirləri hesabına formalaşır”.

"NEFT PULLARI HÖKUMƏTİ ARXAYIN SALMIŞDI"

Ekspert bildirir ki, büdcənin neftdənkənar gəlirlərinin cəmi 5.2 milyard manat olacağı gözlənilir:

“2016-cı ildə dövlət büdcəsinin sosial xərcləri 5.9 milyarda yaxındır. Neft gəlirləri olmazsa, bu xərcləri ödəməkdə çətinliklər ola bilər. Sosial xərclərin 5.35 milyard manatı əməkhaqqı, təqaüd və sosial müavinətlərin ödənişinə sərf ediləcək ki, qeyri-neft gəlirləri bu xərclərin ödənişinə belə yetmir. Üstəlik, gələn il dövlət büdcəsinin cari xərcləri 10.2 milyad manat olacaq. Deməli, qeyri- neft gəlirləri bu xərclərin yalnız yarısını ödəməyə imkan verir”.

Rəşad Həsənov deyir ki, neft gəlirlərindən asılılıq yetərincə risk yaradır:

“Ötən dövr ərzində böyük həcmli neft gəlirləri hökumətin bu istiqamətdə arxayınçılığına səbəb olub. Amma son baş verənlər təhlükəli vəziyyətin daha dolğun anlaşılmasında və önləyici addımların atılmasında mühüm rol oynayacaq”.

Buna da bax: Neft qiymətləri yenidən düşür​

NEFT ÖTƏN İLDƏN UCUZLAŞIR...

Dünya bazarında neft 2014-cü ilin avqusutundan ucuzlaşmağa başlayıb. Hardasa bir ildə neftin qiyməti azı iki dəfə ucuzlaşıb. Bu da özəlliklə, iqtisadiyyatı neftdən aslı olan ölkələrə ciddi təsir göstərib. 2015-ci ildən başlayaraq, bəzi dövlət layihələri təxirə salınıb.

XS
SM
MD
LG