Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 18:03

Azərbaycan üçün 2027-ci ilədək hansı çağırışlar aktualdır?


Neft erası bitir, yoxsulluq başlayır?
Gözlə

No media source currently available

0:00 0:04:09 0:00

Neft erası bitir, yoxsulluq başlayır?

Maliyyə Nazirliyinin gələn ilin icmal və dövlət büdcəsi ilə bağlı təqdimatında 2027-ci ilədək Azərbaycanın qarşılaşacağı çağırışlara dair bilgilər yer alıb. Nazirlik qarşıdakı üç ildə Azərbaycanın maliyyə durumuna təsir göstərə biləcək 12 çağırışı dörd kateqoriya üzrə ("xüsusən aktualdır", "aktualdır", "qismən aktualdır" və "aktuallığını itirib") dəyərləndirib.

Sənəddə 12 çağırışdan yalnız birinin – COVID-19 pandemiyasının aktuallığını itirdiyi qeyd edilib. Deməli, Maliyyə Nazirliyi COVID-19 pandemiyasının artıq ölkəyə olumsuz təsir imkanlarının olmadığı qənaətindədir. Amma maraqlıdır ki, hökumət hələ də pandemiyanı səbəb göstərərək ölkənin quru sərhədlərini qapalı saxlayır. Azərbaycanın quru sərhədləri 2020-ci ilin mart ayından bəri bağlıdır. Sərhədlərin qapalı qalması ilə bağlı rəsmi açıqlamada bunun tibbi səbəblərdən də qaynaqlandığı qeyd edilir. Sonuncu qərara görə, gələn ilədək ölkənin quru sərhədləri bağlı qalmalıdır. Unutmaq olmaz ki, bu durum özəlliklə qonşu ölkələrə səfər etməli olan şəxslərin yol xərclərinin artmasına və ya bəzən heç baş tutmamasına səbəb olur. Sözügedən qərar sərhədyanı ərazilərdə yaşayan və kiçik ticarətlə məşğul şəxslərin də gəlirlərini kəsilməsinə yol açıb. Bu baxımdan, quru sərhədlərin bağlı qalması uzun müddətdir ki, əhalidə narazılıq doğurur.

Ən aktual çağırışlar

Maliyyə Nazirliyinin açıqladığı sənəddə dörd çağırış "xüsusən aktualdır" kimi qiymətləndirilib. Deməli, 2027-ci ilədək ölkənin ən vacib çağırışları məhz bu yönlərdə olacaq. Yönlərdən birincisi "ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi"dir. Bu baxımdan, hökumət rəsmilərinin Qarabağ münaqişəsinin başa çatması ilə bağlı açıqlamaları olsa da, görünür, ən azı, qarşıdakı üç il boyunca hərbi xərclər Azərbaycan büdcəsinin ən vacib xərc maddələrindən biri olaraq qalacaq. Gələn ilin büdcəsindən müdafiə və milli güvənlik xərclərinə 6.4 milyard manat ayrılması nəzərdə tutulub. Bu, 2024-cü ilin büdcə xərclərinin təxminən 17 faizi deməkdir.

Hökumətin qarşıdakı üç ildə özəlliklə aktual saydığı digər çağırış "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər" və "2022-2026-cı illərdə sosial-iqtisadi İnkişaf Strategiyası" adlı sənədlərin icrasıdır. Adıçəkilən ilk sənəddə ölkənin sosial-iqtisadi inkişafına dair beş milli öncəlik müəyyənləşdirilib:

1. Dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyat;

2. Dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət;

3. Rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı;

4. İşğaldan azad olunmuş ərazilərə böyük qayıdış;

5. Təmiz ətraf mühit və "yaşıl artım" ölkəsi.

Hökumətin özəlliklə aktual saydığı üçüncü çağırış - Qarabağın bərpası, reinteqrasiya tədbirləri və böyük qayıdış tədbirləridir. Gələn ilin büdcə layihəsində işğaldan qurtarılmış ərazilərin bərpasına birbaşa 3 milyard 825 milyon manat ayrılıb. Bu, gələnilki büdcə xərclərinin təxminən 10 faizi deməkdir. Hökumət qarşıdakı üç ildə regional və qlobal geosiyasi gərginliyi Azərbaycana təsir imkanı olan ən aktual çağırışlardan sayır.

Digər hansı çağırışlar var?

Maliyyə Nazirliyinin açıqladığı sənəddən bəlli olur ki, hökumət daha beş istiqamətdəki çağırışları "aktualdır" kimi nəzərə alıb. Hökumətin aktual saydığı ilk çağırış neft gəlirlərinin azalmasıdır. Bunun başlıca səbəblərindən biri həm də neft hasilatının azalmasıdır. Son 10 ildə ölkənin neft hasilatı təxminən 30 faiz azalıb və qarşıdakı illərdə bunun davam etməsi gözlənilir. Gələn il neft-qaz sektorunda ÜDM-in 1.7 faiz azalacağını proqnozlaşdırılır.

Azərbaycan üçün aktual olan digər bir çağırış qeyri-neft sektorundan əldə edilən gəlirlərin toplam büdcə gəlirlərində payının artırılmasıdır. Unutmaq olmaz ki, hökumət uzun illər boyunca qeyri-neft ixracı və gəlirləri ilə bağlı iddialı açıqlamalar versə də, bu istiqamətlərdə köklü dəyişikliklər yoxdur. Azərbaycanın ixrac gəlirlərinin 90 faizə, büdcə gəlirlərinin isə yarısına yaxını enerji gəlirləri hesabına təmin edilir. Bu baxımdan, son illər ölkənin maliyyə durumu sabit qalsa da, bir sahədən böyük asılılıq Azərbaycan iqtisadiyyatı ilə bağlı riskləri hər zaman aktual saxlayır.

Azərbaycan üçün aktual sayılan digər çağırış da xərclərin artımını dayanıqlı gəlirlər hesabına təmin etmək məsələsidir. Maliyyə Nazirliyinin əvvəlki büdcələrlə bağlı sənədlərində də büdcədə enerji gəlirlərinin yüksək paya sahib olması ciddi risk amilləri yaradır. Çünki bu gəlirlər kəskin azalsa, hökumət öz büdcə öhdəliklərini yerinə yetirməkdə çətinliklə üzləşəcək. Hökumətin qarşıdakı üç ildə Azərbaycan üçün aktual çağırış saydığı digər iki çağırış "qlobal miqyasda tənəzzül və böhran meylləri" və "inflyasiya basqıları və ərzaq böhranı"dır.

Qismən aktual çağırışlar

Maliyyə Nazirliyinin hesabatında "qismən aktual" kimi dəyərləndirilən daha iki çağırış var. Bunlardan birincisi pensiya sisteminin dayanıqlılığıdır. Pensiya sisteminin dayanıqlılığı deyərkən, əsasən, pensiya xərclərinin işləyən şəxslərin ödədiyi sosial ödənişlər hesabına qarşılanması nəzərdə tutulur. Başqa sözlə, hökumət DSMF-nin xərclərini qarşılamaq üçün hazırda işləyən şəxslərin ödədiyi sosial ödənişlərdən əlavə vəsait ayırmaqda maraqlı deyil. Bu yanaşma son nəticədə pensiya şərtlərinin çətinləşməsinə və pensiya alanların sayca azalmasına yol açır. Təsadüfi deyil ki, ölkədə sonuncu pensiya islahatının aparıldığı 2017-ci ildən bəri Azərbaycanda yaşı 65-i aşan şəxslərin sayı 30 faiz artsa da, eyni dövrdə ölkədə pensiya alanların sayı 10 faiz azalıb, yəni, əhalinin yaşlandığı bir ortamda pensiya alanların sayı azalıb.

Hökumətin qismən aktual saydığı digər çağırışsa əsas ticarət tərəfdaşı olan ölkələrdə milli valyutanın dəyərsizləşməsidir. Bu trend daha çox Rusiya və Türkiyə ilə bağlıdır.

XS
SM
MD
LG