Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 14:49

Azərbaycanda 250 min insan yetərsiz qidalanır


Ankara sakinləri: Artıq ət ala bilmirik
Gözlə

No media source currently available

0:00 0:03:17 0:00

Ankara sakinləri: Artıq ət ala bilmirik

Aclıqdan əziyyət çəkənlərin sayı çoxalır

Birləşmiş Millətlər Təşkilatının (BMT) 2030-cu ilədək müəyyənləşdirdiyi Dayanıqlı İnkişaf Məqsədlərindən (DİM) biri də dünyada aclığa son qoymaqdır. Ərzaq güvənliyinə təminat, qidalanmanı yaxşılaşdırmaq və kənd təsərrüfatının dayanıqlı inkişafını dəstəkləmək bu məqsədin əsas tərkib hissələridir. BMT-nin fikrincə, aclıq və yetərsiz qidalanma halları aradan qaldırılmalıdır, yoxsa hər bir insanın qaçılmaz azuqə ehtiyacları ödənə bilməz. Axı düzgün qidalanmama təkcə insan sağlamlığına pis təsirlə nəticələnir, dolayısı ilə təhsil və məşğulluq kimi digər sosial sahələrin inkişafını əngəlləyir.

BMT-nin açıqladığı bilgilərə görə, 2014-cü ildən bəri dünyada aclıqla üzləşmiş və ya ərzaq güvənsizliyindən əziyyət çəkən insanların sayı artmaqdadır. COVID-19 pandemiyası durumu daha da ağırlaşdırıb. Ötən il aclıq problemi ilə üzləşənlər 2019-cu illə müqayisədə 150 milyon nəfər artıb. Deməli, dünyada təxminən hər 10 nəfərdən biri aclıqdan əziyyət çəkir. Bununla yanaşı, 2021-ci ildə planet əhalisinin üçdə biri qədər bölümü (2.3 milyard nəfər) tələblərə cavab verən qida məhsullarına müntəzəm çıxış imkanından məhrum olub. Bu, pandemiyanın başlanğıc dövrü ilə müqayisədə 350 milyon nəfər çoxdur. Özəlliklə Saharaaltı (Səhraaltı) Afrika, Mərkəzi və Güney Asiya, Latın Amerikası və Karib hövzəsi ölkələri bu məsələdə artan dinamikaya malikdir.

Rusiya-Ukrayna müharibəsinin təsirləri

BMT-nin fikrincə, planet əhalisinin ərzaq güvənliyinə daha bir təhlükə Ukrayna-Rusiya savaşı sayılır. Nəzərə almaq lazımdır ki, dünya üzrə buğda ixracının 30 faizi, qarğıdalı ixracının 20 faizi, günəbaxandan hazırlanan məhsul ixracınınsa 80 faizi bu iki ölkənin payına düşür. Mütəxəssislərin fikrincə, pandemiya və hərbi konfliktlər, eləcə də iqlim dəyişiklikləri kimi qlobal problemlər fonunda 2030-cu ilədək dünyada aclığın ləğvi istiqamətindəki səylər yetərsiz qala bilər.

BMT bildirir ki, indi aclıqdan əziyyət çəkən insanları və 2050-ci ilədək aclıqdan əziyyət çəkəcəyi gözlənilən daha 2 milyard insanı qidalandırmaq üçün qlobal ərzaq və kənd təsərrüfatı sistemi köklü şəkildə dəyişdirilməlidir. Bu baxımdan, kənd yerlərinin inkişafına və ətraf mühitin qorunmasına, kiçik fermer təsərrüfatlarının gəlişməsinə dəstək verməklə hamıya yetərincə ərzaq təmin edilə və layiqli gəlir imkanı yaradıla bilər. Eyni zamanda, kənd təsərrüfatının istehsal potensialını artırmaq məqsədi ilə beynəlxalq əməkdaşlıq gücləndirilməli, kənd təsərrüfatı sahəsində tədqiqatların aparılması və yeni texnologiyaların tətbiqi genişləndirilməli, kənd infrastrukturuna investisiyalar artırılmalıdır.

Azərbaycanda yetərincə qidalana bilməyənlər var

Dövlət Statistika Komitəsi (DSK) Dayanıqlı İnkişaf Məqsədləri çərçivəsində Azərbaycanda da yetərsiz qidalananlara dair bilgini açıqlayıb. Qurumun fikrincə, əhalinin 2.5 faizi yetərincə qidalanmır. Bu göstərici faiz olaraq az görünsə də, söhbət 250 min civarında insandan gedir. DSK-nın hesablamasına görə, 2020-ci ildə də sözügedən göstərici eyni səviyyədə olub (2.5 faiz). Metodologiyada belə deyilir: "Yetərincə qidalanmama insanın normal, fəal və sağlam həyat tərzinin qorunub saxlanması üçün zəruri enerji təminatına yetməyən qida miqdarına müntəzəm çıxışının olduğu vəziyyətdir".

Problemi necə aradan qaldırmalı?

Birləşmiş Millətlər Təşkilatı aclıq və yetərsiz qidalanmaya dair tövsiyələrini də açıqlayıb. BMT düşünür ki, belə çağırışları adekvat cavablamaqdan ötrü torpağa, digər istehsal resurslarına, müvafiq biliklərə və maliyyə xidmətlərinə güvənli və bərabər çıxışın təmin edilməsi çox vacibdir. Belə olduqda ərzaq məhsulları istehsal edən kiçik istehsalçıların, özəlliklə qadınların, ailə kəndli təsərrüfatlarının, fermer və balıqçılıq təsərrüfatlarının məhsuldarlığını və gəlirlərini ikiqat artırılmaq mümkündür. Bazarlarda ərzağın qiymətində baş verən kəskin dəyişikliyi azaltmaq üçün ərzaq ehtiyatlarına dair bilgilər də vaxtlı-vaxtında açıqlanmalıdır və bu, çox vacibdir.

Dayanıqlı kənd təsərrüfatından ötrü bu addımların da atılması önəmli sayılır:

- dayanıqlı ərzaq məhsulları istehsalı sistemlərinin formalaşdırılması;

- iqlim dəyişikliyinə, kəskin hava şəraitinə, quraqlığa, daşqınlara və s. təbii fəlakətlərə uyğunlaşma potensialının gücləndirilməsi;

- torpağın keyfiyyətini tədricən artıran dayanıqlı kənd təsərrüfatı təcrübələrinin tətbiqi;

- toxumların, becərilən bitkilərin və ferma şəraitində yetişdirilən və əhilləşdirilən heyvanların, eləcə də onların yabanı növlərinin genetik müxtəlifliyinin qorunması.

XS
SM
MD
LG