Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 03:41

‘100-ə nə qaldı?:’ ‘Azərbaycan davasının yorulmaq bilməyən vəkili’ – Topçubaşı [8-ci yazı]


Əlimərdan bəy Topçubaşov
Əlimərdan bəy Topçubaşov

Zadəgan ulu babasının adını daşıyan Əlimərdan bəy Parisdə yaşadığı dönəmdə yazılarını və məktublarını Topçubaşov deyil, Topçubaşı kimi imzalayıb.

BİOQRAFİYASI:

Əlimərdan bəy 1863-cü il mayın 4-də Tiflisin tanınmış bir ailəsində doğulub. Ulu babası gürcü çarının sarayında topçu alayının rəisi və çar sarayının yerləşdiyi qalanın komendantı olduğundan, onlara Topçuoğulları deyilib. Zadəgan ulu babasının adını daşıyan Əlimərdan bəy Parisdə yaşadığı dönəmdə yazılarını və məktublarını Topçubaşov deyil, Topçubaşı kimi imzalayıb.

100-ə nə qaldı?..

100-ə nə qaldı?..

2018-ci il mayında Azərbaycan Cümhuriyyətinin 100 yaşı tamamlanır. Möhtəşəm yubileyə sayılı aylar qalıb.

Məhəmməd Əmin Rəsulzadənin imzası
Məhəmməd Əmin Rəsulzadənin imzası

AzadlıqRadiosunun «İz» proqramı Cümhuriyyətin 100 illiyini yeni rubrika ilə – «100-ə nə qaldı?..» ilə qeyd etməyə qərar verib.

– Müsəlman Şərqində ilk Cümhuriyyət necə yarandı?

– Cümhuriyyətin bani babaları kimlərdir?

– 1 il 11 ay ərzində nələr gerçəkləşdi, nələr yarıda qaldı?

– 1920-ci ilin qara aprel çevrilişindən sonra ölkədə nələr baş verdi?

– İlk etiraz dalğası olan Gəncə üsyanı nədən devrildi?

– «İstiqlal» qəzeti necə dağıdıldı?

– Bu onilliklər ərzində Cümhuriyyət dəyərləri ölkədə gizlicə necə yaşadıldı?

– Xaricdə yaşamağa məcbur qalan mühacirlər hansı sınaqlardan keçdilər?

– II Dünya Savaşı dövründə və savaş sonrası hansı önəmli nəşrlər və radiolar yarandı?

– Bəs ölkədəki dissidentlər nə istəyirdilər?

– Paytaxt Bakıda Azərbaycan dilinin işlənmə məsələsi hansı sınaqlardan keçdi?

– Durğunluq illəri ölkədən nə aldı, nə verdi?

– Və nəhayət, 70 ildən sonra Cümhuriyyət bayrağı «Parlament binasının üzərinə» necə sancıldı?

Bu və bənzər suallara 5 ay ərzində AzadlıqRadiosunun «İz» proqramında cavab aranacaq.

Möhtəşəm yubileyi «İz»lə şərəfləndirin.

«İz»də qalın, «İz»i itirməyin.

Əlimərdan bəy 5 yaşında atası podporuçik Ələkbər bəyi, az sonra anası Sevər xanımı itirib və gələcəyin parlament sədri nənəsinin himayəsində böyüməli olub. İlk təhsilini xüsusi müsəlman mədrəsəsində alıb, sonra Tiflis Birinci Klassik Gimnaziyasını bitirib. 1884-cü ildə Peterburq İmperator Universitetinin tarix-filologiya fakültəsinə daxil olub. Yarımil oxuduqdan sonra fərq imtahanları verərək, öz xahişiylə, hüquq fakültəsinə köçürülüb. 1887-ci ildə rus çarı III Aleksandra sui-qəsdə əli olmaqda şübhə doğuran və universitetdən qovulanlər arasında hüquq fakültəsinin 3-cü kurs tələbəsi, “xalqçılara rəğbət bəsləyən” Əlimərdan bəy də vardı. Amma o, müxtəlif müraciətlərdən sonra qovulmanı karserdə yatmaqla əvəzləyə bilib və təhsilini davam etdirərək, 1888-ci ildə Peterburq İmperator Universitetinin hüquq fakültəsini bitirib. Uğurlu diplom işinə görə onu universitetdə saxlamaq istəyiblər. Di gəl, Rusiyada qəbul olunmuş universitet nizamnaməsi yalnız xristianların akademik vəzifə tutmasını nəzərdə tutduğundan və Əlimərdan bəy də dinini dəyişmək istəmədiyindən, o, 1889-cu ildə Tiflisə qayıdaraq, Tiflis Dairə Məhkəməsində işə başlayıb. Bu illərdə Əlimərdan bəy Tiflis və Peterburq qəzetlərinə məqalələr də yazıb. 1895-ci ildə nümunəvi xidmətə görə Tiflis Dairə Məhkəməsinin andlı iclasçısı seçilib və şəhərin müsəlman cəmiyyətinin aparıcı simasına çevrilib. 1896-cı ildə Bakıya köçüb. 1897-ci ildə Bakı şəhər Dumasına üzv seçilib və burada da, şəhərin müsəlman əhalisinin ehtiyaclarının müdafiəçisi kimi ün qazanıb. Rus dilində çıxan milli düşüncəli “Kaspi” gündəlik qəzetinin naşiri və redaktoru (1898), “Həyat” qəzetinin (1905) naşiri, “Nicat” Maarif Cəmiyyətinin sədri olub. 1902-ci ildə Bakı Şəhər Dumasının sədri seçilib. Rusiya Müsəlmanlarının birinci, ikinci və üçüncü qurultaylarının təşəbbüsçüsü və təşkilatçısı kimi şöhrətlənib. Bu dövrdən başlayaraq Əlimərdan bəy Rusiya imperiyasındakı müsəlman xalqların liderinə çevrilib.

1906-cı ildə Bakıdan 1-ci Rusiya Dövlət Dumasının üzvü, Dumanın ilk iclasında Müsəlman fraksiyasının lideri seçilib. Rusiyanın ilk Dövlət Dumasının ömrü qısa olub. Çar inqilabi mövqe sərgiləyən Dumanı buraxıb. Dumanın buraxılmasına etiraz edən və məşhur Vıborq müraciətnaməsini imzalayanların arasında Əlimərdan bəy də olub.

Buna da bax: '100-ə nə qaldı?..': 'İstiqlal Bəyannaməsi' kimin əsəridir? [1-ci yazı]

Bu və başqa səbəblərdən izlənilib və hətta 3 aylıq həbs edilərək Krestı qalasına salınıb. 1917-ci ilin martında Bakıda yaradılan İctimai Təşkilatlar Şurasında təmsil olunub və az sonra sədr seçilib. 1917-ci ildə Bakıda keçirilən Qafqaz Müsəlmanları qurultayının və Moskvada keçirilən Rusiya Müsəlmanları qurultayının 5-ci və 6-cı iclasına sədrlik edib. Həmin ilin payızında keçirilən Bakı şəhər Duması seçkilərinə qatılıb və qələbə qazanıb. Əlimərdan bəy Zaqafqaziya Seyminin üzvü olub. 1918-ci il mart qırğınları zamanı iki dəfə erməni-bolşevik ittifaqı sayəsində həbs olunub və dəfələrlə ölümlə üz-üzə qalıb. Elə bu səbəbdən də, Azərbaycan Cümhuriyyətinin birinci hökumətinin tərkibində Əlimərdan bəy olmayıb. İkinci hökumətdə onunla əlaqə qurmaq mümkün olmadığından, portfelsiz nazir təyin edilib.

Həbsdən zaminə çıxandan sonra Cümhuriyyət hökuməti 1918-ci il avqustun 18-də Osmanlı dövləti və Avropayla diplomatik əlaqələr qurmaq üçün onu fövqəladə səlahiyyətli səfir kimi İstanbula göndərib. 1918-ci il dekabrın 7-də cümhuriyyət parlamenti açılanda, İstanbulda olan Əlimərdan bəy parlament sədri seçilib. 1919-cu ildə Paris Sülh Konfransına yola düşən Azərbaycan nümayəndə heyətinin başçısı da Əlimərdan bəy Topçubaşı olub. Onun gərgin əməyi sayəsində Azərbaycanın müstəqilliyi 1920-ci ilin yanvarın 11-də Ali Şura üzvləri tərəfindən de-fakto tanınıb. Əlimərdan bəy bolşevik işğalını sülh konfransı dövründə Parisdə eşidib və bir daha Vətənə dönə bilməyib. Bundan sonra onun keşməkeşli həyatının yeni və son dövrü - xaricdə Azərbaycan davası dövrü başlanıb.

Buna da bax: '100-ə nə qaldı?': 'Azərbaycanda onların heç birinin qəbri yoxdur' [2-ci yazı]

TOPŞUBAŞININ TARİXƏ HƏKK OLUNAN SÖZLƏRİ:

Fransada Əlimərdan bəy Topçubaşovun vəfatı. 1934
Fransada Əlimərdan bəy Topçubaşovun vəfatı. 1934

Azərbaycan Cümhuriyyətinin de-fakto tanınmasından sonra Parisdən baş nazir Nəsib bəy Yusifbəyliyə Əlimərdan bəyin məktubundan: "Siyasət qədər çox elastik və dəyişkən heç nə yoxdur... bizim də azad və müstəqil yaşamaq ümidlərimizin möhkəmləndiyi bir dövr başlanır. Biz heç vaxt ümidimizi itirmirdik... Ona görə də belə hərəkət edirdik ki, xalqımızın müstəqil yaşaya biləcəyinə, hər hansı yolla olur-olsun, müstəqillik əldə edəcəyimizə inanırdıq... Belə dəyərli xoşbəxtliyin qarşısında biz heç vaxt geri çəkilməmişik və çəkilməyəcəyik də, çünki biz bu səadətə bərabər olan heç nə tanımırıq".

Buna da bax: ‘100-ə nə qaldı?’: Nə üçün Gəncə? [3-cü yazı]

“SÖHBƏT XALQIN TALEYİNDƏN GETDİKDƏ”

Ondan xeyli öncə Fətəli xan Xoyluya Paris Sülh Konfransına hazırlıqla bağlı məktubunda yazırdı: “Yaranmış vəziyyətlə əlaqədar bizim hər birimiz daha gərgin və səmərəli işləməli, taleyin gətirdiyi şıltaqlıq və zərbələrə hazır olmalıyıq. Oturub fal açmamalıyıq ki, bizi nə gözləyir. İndiyədək nə olubsa, hər halda ondan pis olmayacaq. Yalnız qüvvələri düzgün bölmək lazımdır ki, hərə öz yerində olsun, öz gücünə inansın... Söhbət xalqın taleyindən getdikdə, şəxsi xarakterli fikirlərə yer yoxdur və olmamalıdır!”.

TOPÇUBAŞI VƏ “QAFQAZ KONFEDERASİYASI”

Keçmiş diplomat, «M. Ə. Rəsulzadə və Qafqaz konfederasiyası» kitabının müəllifi Ramiz Abutalıbov AzadlıqRadiosu-na danışır:

Ramiz Abutalıbov: "1934-cü ildə Brüsseldə həm Əlimərdan bəy, həm də Məhəmməd Əmin bəy bu pakta qol çəkdilər"
Gözlə

No media source currently available

0:00 0:08:00 0:00
Direct-ə keçid

“Çar Rusiyası dağılandan sonra bu ideya - Qafqaz Konfederasiyası ideyası həmişə vardı. Mən də təzə sənədlər tapdım. Qafqaz ideyası necə inkişaf edib və niyə alınmayıb? Onun təşəbbüsçüsü və dəstəkləyəni Əlimərdan bəy Topçubaşı idi. Onun bir çıxışı var. Orda deyir, Rusiya dağılandan sonra Qafqaz respublikaları - Gürcüstan, Ermənistan, Azərbaycan və Şimali Qafqaz bir konfederasiya yaratmalıdır. İsveçrə konfederasiyası kimi. Orada italyanlar, almanlar, fransızlar bir ittifaq yaratmışdılar. Əlimərdan bəy də belə bir ittifaq arzulayırdı. Sonra bu ideya qismən həyata keçdi - Zaqafqaziya Seymi yarandı. Bu da Qafqaz respublikalarının birliyi idi. Hələ mühacirətdən qabaq Əlimərdan bəyin böyük ölkələrə bir memorandumu var. Orada deyilir ki, 4 respublika artıq müstəqildir və biz Qafqaz Konfederasiyası yaratmaq istəyirik. Mühacirətdə olanda da bu ideyanı dəstəkləyib. Səhv eləmirəmsə, 1921-ci ildə 4 respublika yığışıb müqavilə imzalayıblar ki, bir yerdə əməkdaşlıq edəcəyik. Amma bu 4 respublika Parisdə sülh danışıqları keçirəndə, hər dəfə böyük dövlətlər buna şübhə ilə yanaşıblar ki, siz kiçik ölkələrsiniz, müstəqil yaşamağınız çətin olacaq, çalışın konfederasiya yaradın”.

Buna da bax: '100-ə nə qaldı?': Cümhuriyyət nazirləri: Baş nazir Fətəli xan Xoyski [4-cü yazı]

ERMƏNİLƏR FEDERASİYAYA GİRMƏK İSTƏMƏDİLƏR

Parisdə Azərbaycan parlamentinin Topçubaşovun başçılıq etdiyi nümayəndə heyəti. 1919
Parisdə Azərbaycan parlamentinin Topçubaşovun başçılıq etdiyi nümayəndə heyəti. 1919

“1934-cü ildə Qafqaz Konfederasiyası barədə böyük bir müqavilə bağlandı. Amma orada ermənilər iştirak etmədilər. Çünki onlar bu ideyanı bir növ dəstəkləsələr də, tam bir federasiyaya girmək istəmirdilər. Əlimərdan bəyin yoxluğundan sonra bu ideyanı Məhəmməd Əmin bəy inkişaf etdirdi. 1952-ci ildə Münhendə bir konfrans oldu, müqavilə bağlandı ki, konfederasiya yaratmaq lazımdır. Və əsas götürdülər 1934-cü il danışıqlarını. Ondan əvvəl 1924-cü ildə Türkiyədə İstiqlal Komitəsi yaranmışdı. Xosrov bəy Sultanovun Qafqaz Komitəsi və s. vardı. Beləliklə, mən xırda-xırda məlumatları bir yerə yığıb Qafqaz Konfederasiyası ideyasını kitab halına gətirdim”.

BU İDEYANIN ARXASINDA DURANLAR - ƏLİMƏRDAN BƏY VƏ ƏMİN BƏY İDİ

Buna da bax: '100-ə nə qaldı?': Cümhuriyyət nazirləri: Nəsib bəy Yusifbəyli [5-ci yazı]

“Əlimərdan bəy çox çalışdı. Axırda qol da çəkdi. 1934-cü ildə Brüsseldə həm Əlimərdan bəy, həm də Məhəmməd Əmin bəy bu pakta qol çəkdilər. Amma alınmadı. Əmin bəy hələ 1919-cu ildə Müsavat Partiyasının konfransında da bu ideyanı irəli sürürdü. Bu ideyanı o dövrdə də dəstəkləyənlər vardı. Ancaq əsas bu ideyanın arxasında dayanan iki nəfər idi - Əlimərdan bəy və Əmin bəy. Bir də son vaxtlar Türkiyədə, Parisdə yeni sənədlər ortaya çıxıb. İndiyəcən biz yazırdıq ki, Azərbaycan Milli Mərkəzi İstanbulda 1924-cü ildə yaranıb. Amma yeni sənədlər göstərir ki, bu Mərkəz 1927-ci ildə qurulub. İlk sədri də Əlimərdan bəy Topçubaşı olub".

TOPÇUBAŞININ MƏZARI BAŞINDA M.Ə. RƏSULZADƏNİN ÇIXIŞINDAN:

“Tale ona Vətənə dönmək imkanı verməsə də, gələcək azadlığın yollarını göstərmişdi. Azərbaycanın qanuni təmsilçisi olan Əlimərdan bəy sonda istəyinə nail oldu. O, Qafqaz Konfederasiyası Paktına imza atdı. Bu sənədin imzalanmasından və yayılmasından böyük mənəvi zövq duydu. Onun gözləri önündə gələcəyə - ittifaq münasibətlərinə doğru addımlayan Qafqaz canlandı. Mən həmin anlarda mərhumun keçirdiyi sevinc və məmnunluq hissinin şahidi olmuşam”.

Buna da bax: '100-ə nə qaldı?': Cümhuriyyət nazirləri: Doktor Həsən bəy Ağayev [6-ci yazı]

“QAFQAZ XALQLARINDAN HEÇ BİRİ RUSLARLA YAŞAMAQ İSTƏMİR”

Əlimərdan bəy Topçubaşov (1863–1934)
Əlimərdan bəy Topçubaşov (1863–1934)

ABŞ-ın Türkiyədəki diplomatik nümayəndəsi Peykin qəbulunda. 6 yanvar, 1919-cu il. Bazar ertəsi. Amerika səfirliyinin binası. Saat 15-16 arası.

Peyk: Necə düşünürsünüz? Xalqlarınız yenə Rusiya ilə birgə olmağa razılaşarmı? Axı siz Melyukov və Sazonov cənablarıyla görüşdüyünüz üçün bu məsələyə onların baxışından xəbərdarsınız...

Buna da bax: '100-ə nə qaldı?': Rəsulzadə - müstəqil dövlət yaradan adam [7-ci yazı]

Mən (Topçubaşı özünü nəzərdə tutur - red.): Həmin cənabların baxışlarına görə, Rusiyada heç kəs müstəqilliyini ağlına da gətirə bilməz. Hərçənd, əminəm ki, Qafqaz xalqlarından heç biri ruslarla birgə yaşamaq istəmir. Xüsusən biz azərbaycanlılar bunu ona görə istəmirik ki, əvvəla xalqımızla rusların sosial və siyasi baxışlarında böyük uyğunsuzluq var. Ruslar arasında sosializm ideyaları , üstəlik, ifrat sosializm, bolşevizm düşüncəsi olub və indi ildırım sürətilə yayılır. Xalqımız bu ideyaları nə mənimsəyə, həzm edə, nə də onlarla barışa bilər.

Peyk: Bu, çox doğrudur. Deməli, xalqınızın sosial quruluşa sağlam yanaşması var. Bu, çox arzulanan haldır.

Mən: Ümid edirik ki, məşhur prezidentinizin başçılığıyla Şimali Amerika Respublikası (ABŞ-ı nəzərdə tutur – red.) bütün gənc respublikalara, o cümlədən Azərbaycana etibarlı dəstək verəcək. Amerikalıların simasında ən yaxşı dost və hamilərimizi görürük. Heç şübhə etmirəm ki, xalqınızın yaxın qatqılarıyla həm Bakının neft sənayesi, həm də ticarətimiz inkişaf edəcək.

Buna da bax: 2018 'Azərbaycan Xalq Cümhuriyyəti ili' elan edilib

Peyk: Sizinlə tanışlıq xoş oldu mənə. Ümid edirəm ki, yenə görüşəcəyik.

(Azərbaycan Cümhuriyyətinin fövqəladə səfiri və səlahiyyətli naziri Əlimərdan bəy Topçubaşovun diplomatik qeydlərindən. Orijinal ruscadır).

Əlimərdan bəy Topçubaşov Azərbaycan parlamentinin üzvləri ilə
Əlimərdan bəy Topçubaşov Azərbaycan parlamentinin üzvləri ilə

AİLƏSİ

Ramiz Abutalıbov: “Əlimərdan bəyin ömür yoldaşı Pəri xanım Həsən bəy Zərdabinin qızı idi. Onların 3 oğlu, 2 qızı vardı. Oğlu Rəşid nümayəndə heyətinin üzvü idi, atasına kömək edirdi. Sorbon universitetində oxuyurdu. Cümhuriyyət tələbələrindəndir. 1926-cı ildə vərəmdən ölüb. Ələkbər bəy də nümayəndə heyətinin katibi sayılırdı. Ələkbər bəy 1977-ci ildə dünyadan köçdü. Mən onunla görüşüb dostlaşmışdım. Böyük qızı Sara Cümhuriyyət nazirinin müavini olmuş Ələşrəf Sultanova ərə getmişdi. 2 qızı vardı. İndi rəhmətə gediblər. Nəticələri sağdır. Türkiyədə yaşayırlar. Oğlu Ənvər və qızı Sevər ailə qurmayıblar. Hazırda onlar - Sara xanımdan başqa - Parisdə Sen-Kluda bir məzarda uyuyurlar”.

PARİS...MÜHACİRƏT HƏYATI...ÖVLAD İTKİSİ...”DİLƏNÇİ VƏZİYYƏT”

Cümhuriyyətin süqutundan sonra Parisdə yaşamağa məcbur olan Əlimərdan bəy böyük sınaqlardan keçib. Araşdırıcı Vilayət Quliyev onun Türkiyəyə - Xəlil bəy Xasməmmədliyə yazdığı məktubunu “kədərli məktub” adlandırıb:

“Artıq 4 ildən çoxdur ki, özüm də sakitliyi və aramı məndən ötrü həmişəyaşar fikirlərdə, hərəkətlərdə, jestlərdə, xarakterlərdə - bir sözlə, əziz Rəşidimi xatırladan, surətini gözümdə canlandıran hər şeydə tapıram. Siz də, Suad xanım da onu tanıyırdınız... Hər cümə axşamı xanımımla, Əli Əkbərlə birlikdə qəbrinin üstünə gedirəm, dua oxuyuram, məzarını çiçəklərlə bəzəyirəm. Tez-tez yazılarını, kitablarını, qeydlərinı gözdən keçirirəm. Ötən ildən yazı masama yenidən oğlumun portretini qoymuşam. Ağlımla onun artıq dünyada olmaması fikri ilə barışıram, ürəyimsə övladımla birlikdədir...

Tuş olduğum böyük bəla, üstəlik, bir sıra maddi və mənəvi zərbələrin vurulması ilə daha da dərinləşdi. Həmin zərbələr məni nəticə etibarilə mənəvi cəhətdən məhvin astanasına, maddi baxımdan isə dilənçi vəziyyətinə gətirib çıxardı...

1931-ci ili də çox acınacaqlı vəziyyətdə qarşıladıq. Borclar daha da artmışdı, verilən bütün möhlətlərin vaxtı çoxdan ötm6üşdü. Hər gün ailəmlə birlikdə küçəyə atılacağımı gözləyirəm. Amma hər şeydən də aydın göründüyü kimi, bunun heç kəsə isti-soyuğu yoxdur. Fəqət başıma gələnlər barədə sizə yazıram...”.

VƏFATI

“Parisdən məktublar” sənədli filmindən:

“Parisdən məktublar” sənədli filmindən səslər
Gözlə

No media source currently available

0:00 0:29:55 0:00
Direct-ə keçid

“Əlimərdan bəy 1934-cü il noyabrın 5-də saat 12-də keçirdiyi ağır iflic nəticəsində həyatla vidalaşıb. Topçubaşının cənazəsi minlərlə insanın müşayiətiylə Parisin məşhur Zəfər Tağı qapısının qarşısından keçirilib. Fransada Zəfər tağından yalnız dünya miqyaslı siyasətçilər, siyasi xadimlər son mənzilə yola salınır. O, Paris yaxınlığındakı Sen-Klu məzarlığında dəfn olunub”.

TOPÇUBAŞININ MƏZARI BAŞINDA M.Ə. RƏSULZADƏNİN ÇIXIŞINDAN. PARİS, NOYABR, 1934-CÜ İL:

Topçubaşovun Parisdə qəbri
Topçubaşovun Parisdə qəbri

“Biz azərbaycanlılar Əlimərdan bəyin şəxsində milli hərəkatımızın müəyyən dövrünü təmsil edən, müstəqil Azərbaycanın böyük dövlət adamını, Azərbaycan istiqlalının sayqılı mücahidini qeyb etdik. Ey davamızın yorulmaq bilməyən vəkili! İndi sənə xitab edirəm! Sən vəzifəni yapdın, üzərinə aldığın davanı son imkanına qədər yürütdün. Fəqət əcəl sənə aman vermədi. İstəmişdin ki, bütün həyatını sərf etdiyin Azərbaycan qurtulsun və sən ora dönəsən. Və təkcə özünlə və arkadaşlarınla deyil, istəmişdin ki çox sevdiyin oğlunun burada əmanət buraxılan nəşini də özünlə bərabər alasan və məmləkətə öylə qovuşasan. Çox çəkməz, məmləkət qurtular! Və o zaman mütəşəkkil millət ilk parlamentinin rəisini, istiqlal davasının vəkilini xatırlar, gələr, səni oğlunla bərabər buradan alar, arzu etdiyin Vətən torpağına gətirər və xatirəni əbədiləşdirər”.

“Qurtuluş” jurnalı, nömrə 2, dekabr, 1934-cü il. Berlin.

“Cümhuriyyət-100” davam edəcək

XS
SM
MD
LG