Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 09:40

Azərbaycan cəbhədə son gündə 50 hərbçisini itirib


Azərbaycan 50 hərbçisini itirdiyini açıqladı
Gözlə

No media source currently available

0:00 0:14:58 0:00

Azərbaycan 50 hərbçisini itirdiyini açıqladı

Azərbaycan və Fransa prezidentləri BMT-də gözlənən müzakirədən danışıblar

Fransa Prezidenti Emmanuel Makron sentyabrın 13-də Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.

Bu barədə Azərbaycan Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Bildirildiyinə görə, İ.Əliyev Ermənistan-Azərbaycan sərhədində baş vermiş insidentə görə məsuliyyətin bilavasitə Ermənistanın siyasi-hərbi rəhbərliyinin üzərinə düşdüyünü və Azərbaycan tərəfindən cavab tədbirlərinin görüldüyünü diqqətə çatdırıb.

İ.Əliyev Fransanın təşəbbüsü ilə BMT Təhlükəsizlik Şurasının gündəliyinə Ermənistanla Azərbaycan arasında sərhəddə yaranmış gərginlik məsələsinin çıxarılacağına toxunaraq bu müstəvidə müzakirələrin obyektiv aparılmasının vacibliyini vurğulayıb.

Azərbaycanın cəbhədə son gündə 50 hərbçisi həlak olub

Azərbaycan Müdafiə Nazirliyi sentyabrın 13-də axşam saatlarında cəbhədəki itkiləri açıqlayıb.

Nazirliyin bildirməsinə görə, sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri Azərbaycan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın, Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədib.

Vurğulandığına görə, həmin vaxt Azərbaycan ordusundan 42, Dövlət Sərhəd Xidmətindən isə 8 hərbi qulluqçu olmaqla ümumilikdə Silahlı Qüvvələrin 50 hərbi qulluqçusu həlak olub.

Ceyhun Bayramov Jozep Borrellə danışıb

Sentyabrın 13-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Jozep Borrel ilə telefon danışığı olub.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, telefon danışığı zamanı tərəflər arasında bölgədə cari vəziyyət və Ermənistanla sərhəddə yaranmış gərginlik müzakirə olunub.

Açıqlamya görə, Ceyhun Bayramov diqqətə çatdırıb ki, Ermənistan genişmiqyaslı təxribatlar törədib və Azərbaycanın mövqelərinin intensiv atəşə tutulması nəticəsində 50 hərbçiləri həlak olub. O vurğulayıb ki, Azərbaycan Silahlı Qüvvələri ölkənin ərazi bütövlüyünün qorunması məqsədilə hərbi təxribatlara adekvat cavab tədbirləri həyata keçirib:

“Ali nümayəndə Jozep Borrel Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycanla Ermənistan liderləri arasında danışıqların davam etməsinin vacib olduğunu qeyd edib. Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın 14 sentyabr tarixində bölgəyə səfər etmək niyyətini diqqətə çatdırıb.”

Öz növbəsində Ermənistan rəsmiləri də baş verənlərə görə, Azərbaycanı günahlandırırlar. Ermənistan tərəfi onlardan 50-ə qədər şəxsin həlak olduğunu açıqlayıb.

Ötən ilin dekabrından Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan liderləri 4 dəfə görüşüblər.

Son görüşdən (avqustun 31-i) sonra ikitərəfli sülh sazişinin layihəsi üzərində əsaslı danışıqların xarici işlər nazirləri səviyyəsində davam etdirilməsi ilə bağlı razılıq əldə edildiyi açıqlanmışdı.

Blinken Əliyevə zəng edib

Sentyabrın 13-də ABŞ dövlət katibi Antoni Blinken Azərbaycan prezidenti İlham Əliyevə zəng edib.

Bu barədə Azərbaycan Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, telefon söhbəti zamanı ABŞ dövlət katibi Ermənistan-Azərbaycan dövlət sərhədində yaranmış gərginliklə bağlı narahatlığını ifadə edib.

“Prezident İlham Əliyev bildirdi ki, bu gərginlik Ermənistanın genişmiqyaslı təxribatları nəticəsində baş verib və buna görə də məsuliyyət tam şəkildə Ermənistanın siyasi-hərbi rəhbərliyinin üzərinə düşür”, - mətbuat xidməti qeyd edir.

Məlumata görə, Antoni Blinken ABŞ-ın regionda davamlı sülhün və təhlükəsizliyin təmin olunması, Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılması üçün öz səylərini davam etdirəcəyini qeyd edib.

Bildirildiyinə görə, İlham Əliyev Azərbaycanın sülh gündəliyini dəstəklədiyini və bu istiqamətdə səylərin davam etdirilməsinin vacibliyini deyib.

Entoni Blinken Azərbaycanla Ermənistan arasında toqquşmadan danışıb

ABŞ dövlət katibi Entoni Blinken sentyabrın 13-də İndiana ştatında çıxış edərkən Azərbaycan və Ermənistan arasında ağır hərbi toqquşmalara münasibət bildirib:

"Biz bir daha döyüşlərin bərpa olunduğunu görürük. Bu, heç kimin marağında deyil. Nə Azərbaycan xalqının marağındadır, nə Ermənistan xalqının və qətiyyətlə deyə bilərik ki, nə də ətraf regionun. Mən hər iki tərəflə danışmışam və onları hər hansı münaqişədən çəkinmək üçün mümkün olan hər şeyi etməyə və ölkələri arasında davamlı sülhün qurulmasına dair danışıqlara qayıtmağa çağırmışam. Bizim xüsusi elçimiz hazırda regiondadır və hər iki ölkə ilə işləyir. Mən irəlidə onlarla sıx əlaqədə olacağam və ümidim onadır ki, bu münaqişəni geriyə. danışıqlar masasına və sülhün qurulmasına qaytaraq”.

Blinken son hadisələrdə habelə Moskvanın mümkün rolundan danışıb:

"Onların niyyətləri həmişə narahatlıq doğurur, çünki Rusiya hər hansı bir şəkildə aranı qatmağa və diqqəti Ukraynadan yayındırmağa çalışır. Bu bizim daim narahat olduğumuz bir məsələdir. Rusiya əslində öz nüfuzundan yaxşı məqsədlə itifadə edə, təlatümü sakitləşdirməyə, zorakılığa son qoyulmasına çalışa və xalqları xoş məramla sülhün qurulmasına çağıra bilər. Bu çox pozitiv bir iş olardı”.

Bayramov Lavrovla danışıb

Bugün, sentyabrın 13-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı olub.

Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatına görə, telefon danışığı zamanı bölgədə baş vermiş toqquşmalar və gərginlik müzakirə edilib.

Bildirildiyinə görə, Sergey Lavrov bölgədə qarşıdurmaya yol verilməməsinin zəruri olduğunu, habelə Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında imzalanmış üçtərəfli bəyanatların tam şəkildə icrasının əhəmiyyətini diqqətə çatdırıb.

2020-ci ildən bəri Azərbaycan, Ermənistan və Rusiya Federasiyası liderləri birgə üç bəyanat imzlayıblar.

Birinci bəyanata əsasən 2020-ci ildə 44 günlük svaş dayandırılıb, Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

2021-ci ildə isə tərəflər bölgədə nəqliyyat və iqtisadi əlaqələrin bərpasının gərəkli sayldığı daha iki bəyanat imzlayıblar.

Azərbaycan atəşkəsin pozulduğunu deyir

Azərbaycan Müdafiə Nazirliyi atəşkəsin pozulduğunu bildirir.

Nazirliyin açıqlamasına görə, sentyabrın 13-də saat 16:55-də Ermənistan silahlı qüvvələri atəşkəsin elan olunmasına baxmayaraq öz mövqelərindən Azərbaycan ordusunun Laçın rayonunun Əhmədli yaşayış məntəqəsi istiqamətində mövqelərini artilleriya qurğularından atəşə tutub.

Bildirildiyinə görə, Azərbaycan ordusu cavab tədbirləri görüb.

“09.00-dan etibarən (sentyabrın 13-də) atəşkəsin elan olunmasına baxmayaraq Ermənistan tərəfindən artilleriya və digər ağır silahlardan istifadə olunmaqla sərhəd boyunca atəşkəs intensiv şəkildə pozulur” - məlumatda vurğulanır.

Hələlik, bu məlumata Ermənistan tərəfinin münasibəti bəlli deyil

Prezident operativ müşavirə keçirib

Sentyabrın 13-də Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev Silahlı Qüvvələrinin rəhbər heyətinin iştirakı ilə operativ müşavirə keçirib. Müşavirə Ermənistan–Azərbaycan sərhədində yaranmış son vəziyyətə həsr edilib.

AZƏRTAC-ın xəbərinə görə, müşavirədə məruzələr təqdim edilib, Ermənistan silahlı qüvvələrinin iki dövlətin sərhədində törətdiyi təxribatların qarşısının alındığı bildirilib.

Qeyd olunub ki, yaranmış gərginliyin məsuliyyəti tam şəkildə Ermənistanın siyasi rəhbərliyinin üzərinə düşür.

Operativ müşavirə
Operativ müşavirə

KTMT Ermənistanın sorğusuna cavab verdi

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Ermənistan-Azərbaycan sərhədində vəziyyətin tənzimlənməsindən ötrü mexanizmləri işə saldığını bəyan edir.

Qurum bildirir ki, "Ermənistanın yardım üçün KTMT-nin Kollektiv Təhlükəsizlik Şurasına müraciəti ilə əlaqədar olaraq,... yaranmış vəziyyətin nizamlanması üçün KTMT mexanizmlərinin aktivləşdirilməsi üzrə iş təşkil olunub".

KTMT hansı mexanizm və addımlardan söhbət getdiyini açıqlamayıb. Sadəcə gücdən istifadəni qəbuledilməz saydığını qeyd edir, qarşıdurmaları müstəsna şəkildə siyasi-diplomatik metod və razılaşmalarla tənzimləməyə çağırır.

Peskov sualı cavabsız qoydu

"Prezident [Vladimir Putin] sərhəddə gərginliyin azaldılmasına töhfə verməkdən ötrü hər şeyi edir. Cəhdlər davam edir", – Kremlin sözçüsü Dmitri Peskov deyib.

Moskva Yerevanın KTMT-yə kömək üçün müraciəti ilə bağlı nəsə edəcəkmi? Peskov bu sualı detallı cavablandırmayıb. "İndi bundan artıq nəsə demək istəməzdim. İş gedir, müxtəlif razılaşmalar var, təsdiq prosesi tamamlanmayınca nəsə elan etmək istəməzdim", – Peskov vurğulayıb.

Fransa BMT-nin iclasını çağırır

Fransa Ermənistanla Azərbaycan arasında son toqquşmaları BMT Təhlükəsizlik Şurasında müzakirəyə çıxaracaq. "Reuters" xəbəri Fransa Prezidenti Emmanuel Makronun ofisinə istinadla yayıb. Makron tərəfləri atəşkəsə əməl etməyə çağırıb.

Fransa, ABŞ və Fransa uzun illər Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə danışıqlara vasitəçilik etmiş ATƏT-in Minsk qrupunun həmsədrləridir. Ancaq Azərbaycan artıq bu qrupun missiyasının başa çatdığını, Dağlıq Qarabağ münaqişəsinin tarixdə qaldığını bildirir.

Karasin: "Qarşıda böyük iş var"

Rusiyanın səyləri, o cümlədən Prezident Vladimir Putinin Ermənistanın Baş naziri Nikol Paşinyanla telefon söhbəti və Rusiya XİN-in işi sayəsində Ermənistan-Azərbaycan sərhədində atəşkəs əldə olunub. Bunu sentyabrın 13-də Rusiya Federasiya Şurasının Beynəlxalq komitəsinin rəhbəri Qriqori Karasin deyib.

Onun sözlərinə görə, səhər saat 10-da atəşkəs elan edilib, vəziyyəti nisbətən sakit və dinc məcraya yönəltmək mümkün olub, amma "qarşıda böyük iş var", çünki Ermənistan KTMT-yə (Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı) müraciət edib. Karasin söhbətin hansı işdən getdiyini açıqlamayıb.

Mişel sülhə alternativ görmür

Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel Ermənistanın Baş naziri Nikol Paşinyana telefon zəngində hər iki tərəfi eskalasiyadan çəkinməyə çağırıb.

Onun sözlərinə görə, Aİ gələcək eskalasiyanın qarşısını almaq üçün səy göstərməyə hazırdır, "regionda sülh və sabitliyin alternativi yoxdur". Məlumatı Ermənistan yayıb

Atəşkəs razılığı əldə edilib

Rusiya Xarici İşlər Nazirliyi (XİN) sentyabrın 13-nə keçən gecə Ermənistan-Azərbaycan sərhədinin müxtəlif istiqamətlərində vəziyyətin kəskinləşməsindən həddən artıq narahat olduğunu bildirib.

"Tərəfləri vəziyyətin eskalasiyasından çəkinməyə, təmkin nümayiş etdirməyə, Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 2020-ci il 9 noyabr, 2021-ci il 11 yanvar və 26 noyabr tarixli üçtərəfli bəyanatlarına uyğun olaraq atəşkəs rejiminə şərtsiz əməl etməyə çağırırıq", – bəyanatda vurğulanır.

Moskva ümid edir ki, Rusiyanın vasitəçiliyi ilə sentyabrın 13-ü saat 10:00-dan elan olunmuş atəşkəsə tam əməl olunacaq.

Çavuşoğludan Ermənistana çağırış

Azərbaycanın müttəfiqi Türkiyə toqquşmalara görə Ermənistanı günahlandırıb, Yerevanı Bakıya qarşı provokasiyaları dayandırmağa çağırıb.

"Ermənistan provokasiyaları dayandırmalı, Azərbaycanla sülh danışıqları və əməkdaşlığa fokuslanmalıdır", – Xarici İşlər naziri Mövlud Çavuşoğlu azərbaycanlı həmkarı Ceyhun Bayramovla telefon söhbətindən sonra tvitində yazıb.

Paşinyan 49 erməni hərbçinin öldüyünü deyir

Azərbaycan-Ermənistan sərhədində ötən gecəki toqquşmalarda azı 49 nəfər həlak olub. Bunu parlamentin iclasında Baş nazir Nikol Paşinyan açıqlayıb.

"Təəssüf ki, bu, son rəqəm deyil", – o vurğulayıb.

Ermənistan sentyabrın 13-nə keçən gecə Azərbaycan silahlı bölmələrinin müxtəlif istiqamətlərdə hücuma keçdiyini, mülki infrastrukturu vurduğunu deyir. Azərbaycan isə Ermənistanı genişmiqyaslı təxribatda ittiham edir.

Azərbaycan, hələlik, itki sayını açıqlamayıb. Rəsmi qurumlar bu barədə yaxın vaxtlarda açıqlama olacağını bildiriblər. Amma bəzi media orqanlarında, sosial şəbəkələrdə Azərbaycanın sentyabrın 12-dən 13-nə keçən gecə və səhər Ermənistan sərhədindəki toqquşmalarda 10-dan çox hərbi qulluqçu itirdiyi qeyd olunur.

Qarabağda vəziyyətin sabit olduğu bildirilir

Sentyabrın 13-ü səhər saat 9-a olan məlumata görə, Qarabağda təmas xəttində vəziyyətin sabit olduğu bildirilir.

Ermənistan ötən gecə atışma nəticəsində Sotk kəndində inzibati binaya ziyan dəydiyini, bir neçə evin yandığını, bəzi evlərin dam və pəncərələrinin zədələndiyini bildirir. Bu haqda Facebook səhifəsində Sotk icmasının başçısı Sevak Xaçatryan yazıb. O, atışmanın davam etdiyini bildirib.

Qarabağdakı etnik ermənilər də bir neçə yaşayış məntəqəsinin atəşə tutulduğunu, evlərə ziyan dəydiyini iddia edirlər. Erməni mənbələr bu haqda fotolar da paylaşırlar. Ancaq Azərbaycanın Müdafiə Nazirliyi bu informasiyaları yalan adlandırıb, mülki infrastrukturu vurmadığını bildirib. "Bununla Ermənistan tərəfi törətdiyi genişmiqyaslı təxribatı ört-basdır etməyə və beynəlxalq ictimaiyyətin diqqətini yayındırmağa çalışır", - məlumatda deyilir.

ABŞ Ermənistanla Azərbaycanı əməliyyatları dərhal dayandırmağa çağırır

Birləşmiş Ştatlar Ermənistan-Azərbaycan sərhədi boyunca hücumlar, o cümlədən Ermənistan daxilində yaşayış məntəqələri və mülki infrastrukturun vurulması xəbərlərindən narahatdır. Bunu Dövlət katibi Entoni Blinken bəyanatında bildirir.

"Uzun müddətdir aydın şəkildə deyirik ki, bu münaqişə hərbi yolla həll oluna bilməz. Hərbi əməliyyatları dərhal dayandırmağa çağırırıq", – Blinken vurğulayıb.

Azərbaycan Müdafiə Nazirliyi isə Ermənistanda mülki hədəflərin vurulması haqda məlumatları "yalan" adlandırıb.

+++

Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putin, Fransa Prezidenti Emmanuel Makron, ABŞ-ın Dövlət katibi Entoni Blinkenlə telefonla danışıb.

Ermənistan Rusiyaya, KTMT-yə müraciət edib

Ermənistan hökuməti "suveren ərazisinə təcavüzlə əlaqədar" Rusiyaya, KTMT-yə və BMT-nin Təhlükəsizlik Şurasına müraciət etdiyini bildirir. Bu haqda Ermənistanın İctimai Televiziyası hökumətə istinadla məlumat yayıb.

Rusiyaya və beynəlxalq təşkilatlara müraciətlə bağlı qərar ötən gecə Təhlükəsizlik Şurasının iclasında qəbul edilib. Şura gecəyarı "Azərbaycanın Ermənistanın suveren ərazisinə təcavüzkar hərəkətlərinə qarşı gələcək addımları müzakirə edib".

Azərbaycan XİN Ermənistanı sülh prosesinə zərbə vurmaqda günahlandırır

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) sentyabrın 13-də Ermənistanla sərhəddəki vəziyyətlə bağlı bəyanat yayıb.

Bəyanatda vurğulandığına görə, sentyabrın 12-də gecə saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri iki ölkənin dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib: "Nəticədə silahlı qüvvələrimizin şəxsi heyəti arasında itkilər var, hərbi infrastruktura ziyan dəyib".

XİN hesab edir ki, erməni silahlı birləşmələrinin Azərbaycan ərazisindən çıxarılmaması, Ermənistanda istehsal olunan minaların son zamanlarda Laçın ərazisində yerləşdirilməsi, kommunikasiyaların açılması işlərində yeni şərtlərin irəli sürülməsi Ermənistanın sülh prosesində maraqlı olmadığını və prosesə zərbə vurulması məqsədlərini nümayiş etdirirdi.

+++

Müdafiə Nazirliyi Ermənistan KİV və sosial media seqmentində Azərbaycanın Ermənistan ərazisinə müdaxilə etməsi barədə yayılan xəbərlərin yalan olduğunu bildirir.

İtkilər var

Azərbaycanın Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrini sentyabrın 12-də gecə saatlarında sərhədin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törətdiyini deyir.

Nazirlik bildirir ki, qarşı tərəfin diversiya qrupları sutkanın qaranlıq vaxtında ərazinin dağlıq relyefi və dərə boşluqlarından istifadə edərək müxtəlif istiqamətlərdə Azərbaycan Ordusunun mövqeləri arasındakı əraziləri və təminat yollarını minalayıb. Bunun qarşısını almaq üçün Azərbaycan ordusu təxirəsalınmaz tədbirlər görüb və döyüş toqquşması baş verib.

Nazirlik Daşkəsən, Kəlbəcər və Laçın rayonları ərazisindəki bəzi mövqelərin, sığınacaqlar və dayaq məntəqələrinin müxtəlif çaplı silahlar, o cümlədən minaatanlardan intensiv atəşə tutulduğunu bildirir. Nəticədə şəxsi heyət arasında itkilər olduğu, hərbi infrastruktura ziyan dəydiyi qeyd olunur.

Ermənistan Azərbaycanı ittiham edir

Ermənistan Müdafiə Nazirliyi Azərbaycan ordusunun Gorus, Sotk və Cermuk istiqamətində Ermənistanın mövqelərini artilleriya vasitələrindən və iriçaplı pulemyotlardan intensiv atəşə tutduğunu bildirib. Bu barədə AzadlıqRadiosunun erməni xidməti məlumat yayıb.

Nazirlikdən həmçinin Azərbaycan tərəfinin zenit raketlərindən istifadə etdiyi bildirilib.

Xatırlatma

Azərbaycan 2020-ci ildə 44 günlük savaş nəticəsində Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qalıb. Amma, hələlik, tərəflər arasında sülh sazişi imzalanmayıb.

Azərbaycan və Ermənistan liderləri bu il Şarl Mişelin vasitəçiliyi ilə üç görüş keçiriblər. 31 avqust görüşündə iki ölkənin xarici işlər nazirlərinə sülh sazişinin mətni üzərində işləmək tapşırılıb.

Hazırda ABŞ-ın ATƏT-in Minsk qrupunda yeni həmsədri, həm də Qafqaz üzrə Baş məsləhətçi Filip Riker regionda səfərdədir. O, Ermənistanda görüşlərdən sonra Gürcüstana gedib, bu həftə Azərbaycana gələcəyi gözlənir. Azərbaycan Minsk qrupunu fəaliyyətini qəbul etmir, Qarabağ münaqişəsinin artıq həll olunduğunu bildirir.

XS
SM
MD
LG