Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 06:59

İran səfiri də Azərbaycan XİN-ə çağırılıb


Azərbaycan XİN
Azərbaycan XİN

Noyabrın 11-də İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi bu ölkənin Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

Bu barədə Azərbaycan XİN-dən məlumat verilib.

Məlumata görə, görüşdə son zamanlar İran mediasında Azərbaycan əleyhinə aparılan təbliğat, qarayaxma kampaniyası, yüksək vəzifəli rəsmilərin təhdid xarakterli ritorikaları ilə bağlı narazılıq və narahatlıq qarşı tərəfin diqqətinə çatdırılıb: "Azərbaycanın Konstitusiya quruluşunun əsaslarına qarşı cinayət törətmiş və barələrində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilərək beynəlxalq axtarışa verilmiş Azərbaycan vətəndaşlarının İranda məskunlaşmalarına şərait yaradılmasının qəbuledilməzliyi və cinayətkarların təhvil verilməsinin zəruriliyi qeyd olunub".

Habelə, açıqlamaya görə, Azərbaycanda separatçılığı qızışdıran və cinayət təqibindən yayınaraq digər ölkələrdə gizlənən şəxslərin İran səfirliklərində qəbul edilməsinin qeyri-dost addım olduğu bildirilib: "İranda Azərbaycana qarşı bu kimi məlumatların yayımlanmasının və fəaliyyətin aparılmasının qəbuledilməz olduğu və ən qısa zamanda bunlara son verilməsinin gözlənildiyi vurğulanıb".

Bu məlumata, hələlik, İranın Azərbaycandakı səfirliyindən münasibət almaq mümkün olmayıb.

ABŞ rəsmisi Azərbaycan-İran münasibətlərindən danışdı

Noyabrın 10-da ABŞ Dövlət Departamenti təmsilçisi İran rəsmilərinin son günlər regiondakı bəzi qonşuları, o cümlədən Azərbaycanın ünvanına səsləndirdikləri tənqidi fikirlərə reaksiya verib.

"Bizə tamamilə aydın idi ki, İran region üçün təhlükə təşkil edir", - mətbuat katibi Ned Prays (Ned Price) gündəlik mətbuat konfransında bildirib.

"Turan"ın müxbiri Praysa son həftələrdə Tehran və Bakı arasında gərginliyin artması, bu vəziyyət davam edərsə, Vaşinqtonun Azərbaycanı qorumağa hazır olub-olmadığı haqqında sual verib.

"Biz tərəfdaşlarımızı dəstəkləməyə, son nəticədə İranın regionda və, bəlkə də, onun hüdudlarından kənarda sabitliyi pozan təsirinə qarşı mübarizə aparmağa davam edəcəyik", - Prays bildirib.

Azərbaycan səfiri İran XİN-ə çağırılıb

Azərbaycanın İrandakı səfiri Əli Əlizadənin bu ölkə rəsmiləri və mediasının İslam Respublikasına qarşı davam edən təbliğat kampaniyasına etiraz olaraq Xarici İşlər Nazirliyinə (XİN) çağırıldığı bildirilir. Bu barədə IRNA xəbər verir.

Xəbərə görə, nazirlik Azərbaycanın yüksək səviyyəli rəsmilərinin "qeyri-dost" açıqlamalarına və ölkə mediasının İrana qarşı apardığı kampaniyaya kəskin etirazını bildirib, bu cür hərəkətlərə dərhal son qoymağa və onların təkrarlanmasının qarşısını almaq üçün tədbirlər görməyə çağırıb.

Bildirildiyinə görə, Azərbaycan səfiri vəziyyətdən təəssüfləndiyini bildirib və İranın etirazını dərhal Bakıdakı hakimiyyət orqanlarına çatdıracağına söz verib.

Hələlik, bu məlumata Azərbaycan Xarici İşlər Nazirliyindən münasibət almaq mümkün olmayıb.

Hərbi təlim keçirən İran deyir ki, sərhəddə hansısa dəyişikliyə biganə qalmayacaq
Gözlə

No media source currently available

0:00 0:05:13 0:00

Qarşılıqlı ittihamlar

Bir müddət öncə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) bildirmişdi ki, İran xüsusi xidmət orqanının nəzarəti altında yaradılmış qanunsuz silahlı birləşmə ifşa olunub. Məlumata görə, ittiham olunan şəxslərdən birinin İran səfirliyinin avtomaşını ilə Azərbaycana çatdırılan, üzərində dini şüarlar yazılmış köynəklərin rayonlarda planlaşdırılan aksiyaların iştirakçılarına paylanmasını təşkil etməsinə şübhələr yaranıb.

Bundan bir qədər sonra İranın İnformasiya və Kəşfiyyat Nazirliyinin yaydığı məlumatda isə iddia olunurdu ki, oktyabrın 26-da bu ölkənin Şiraz şəhərindəki məsciddə törədilən terror aktının koordinatoru Azərbaycan vətəndaşıdır. Həmin hücuma görə məsuliyyəti öz üzərinə "İslam Dövləti" ekstremist təşkilatı götürmüşdü. Hadisəyə görə 26 nəfərin həbs edildiyi açıqlanıb. Noyabrın 7-də verilmiş bəyanatda deyilir ki, hücuma rəhbərliyi Azərbaycan vətəndaşı edib və o, hücumun əsas fiqurudur: "Həbs edilənlərin heç biri iranlı deyil. Bunlar Azərbaycan Respublikasının, Tacikistan və Əfqanıstanın vətəndaşlarıdır".

Hücumda azı 15 nəfərin həlak olduğu deyilirdi.

Bu açıqlamaya Azərbaycanın rəsmi qurum və şəxslərindən münasibət almaq mümkün olmamışdı.

XS
SM
MD
LG