Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 16:31

Azərbaycan Konstitusiyasında Ermənistana ərazi iddiaları varmı...


Azərbaycan Respublikasının Konstitusiyası
Azərbaycan Respublikasının Konstitusiyası

Bu həftə Azərbaycan Konstitusiyasında Ermənistana ərazi iddialarının olması ilə bağlı Yerevandan gələn bəyanatları nəzərdən keçiririk.

Ermənistanın baş naziri Nikol Paşinyan bu həftə Nyu-York görüşlərində bu məsələni bir daha dilə gətirib. O iddia edib ki, Azərbaycan konstitusiyasında da Ermənistana ərazi iddiaları var, amma Yerevan bunu mübahisə mövzusuna çevirmir. Çünki sülh müqaviləsinin artıq razılaşdırılmış mətnində deyilir ki, Ermənistan beynəlxalq razılaşmalar üzrə götürdüyü öhdəliklərdən daxili qanunvericiliyə əsaslanmaqla geri çəkilə bilməz.

N.Paşinyan sentyabrın 26-da BMT Baş Assambleyasındakı çıxışında isə deyib ki, "Azərbaycan Konstitusiyasında Ermənistana qarşı ərazi iddiaları barədə yazılı arqumentlərimizi beynəlxalq tərəfdaşlarımıza təqdim edə bilərik".

O, öz ölkəsinin əsas qanununda belə iddiaların olmadığını söyləyib.

"Amma diqqət edin: biz Azərbaycan Konstitusiyasını sülh sazişinə əngəl saymırıq. Bunun sadə səbəbi var: Sülh sazişi layihəsinin razılaşdırılmış hissəsində deyilir ki, tərəflərdən heç biri bu sazişin yerinə yetirməməsini əsaslandırmaq üçün daxili qanunvericiliyə istinad edə bilməz", - Paşinyan sözlərinə əlavə edib.

Azərbaycan XİN
Azərbaycan XİN

1918-ci il respublikasının varisi

N.Paşinyan son bir ayda artıq bir neçə dəfə sözügedən məsələni qaldırıb. Azərbaycan XİN Ermənistan baş nazirinin bəyanatını "yanlış" adlandırıb. Qurum qeyd edib ki, Azərbaycan Konstitusiyasında istinad olunan 1991-ci il Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı və 1918-ci il İstiqlal Bəyannaməsində Ermənistana qarşı heç bir ərazi iddiası yoxdur.

Sözügedən iki sənəddə hansısa ölkəyə qarşı birbaşa ərazi iddiası yer almır. Ancaq Müstəqillik aktında Azərbaycanın 1918-ci il mayın 28-dən 1920-ci il aprelin 28-dək mövcud olmuş Azərbaycan Cümhuriyyətinin varisi olduğu yazılıb.

XİN-in mövqeyincə, "İlk Azərbaycan Respublikası dövründə hansı ərazilərin Azərbaycanın tərkibində olduğu, onların nə zaman Ermənistan tərkibinə qatıldığı isə tarixi faktlardır və bu faktları danmaq mümkün deyil. Bu heç bir halda hal-hazırda Azərbaycan qanunvericiliyində Ermənistana qarşı ərazi iddialarının olması anlamına gəlmir".

Azərbaycan prezidenti İlham Əliyev çıxışlarında bir neçə dəfə müasir Ermənistanın tarixi Azərbaycan torpaqlarında yarandığını deyib. O, hətta 1918-ci ildə Azərbaycan Cümhuriyyətinin Yerevanı (prezident "İrəvan" deyib) Ermənistana faktiki olaraq bağışlamaqda ittiham edib, bunu "xəyanət", "cinayət" adlandırıb. Ermənistan isə bu bəyanatları özünə qarşı yeni ərazi iddiaları kimi dəyərləndirib.

Ancaq Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktında qonşu dövlətlərin suverenliyinə hörmət, sərhədlərin hansı şərtlər altında dəyişdirilə biləcəyi, dövlət müstəqilliyi əldə olunana qədər qüvvədə olan normativ aktların, müqavilələrin səlahiyyətləri aydın yazılıb.

Araz Əliyev
Araz Əliyev

Tarixçi Araz Əliyev AzadlıqRadiosuna deyir ki, bu baxımdan həmin sənəddə qonşu ölkələrə qarşı ərazi iddialarının olduğunu demək absurddur. Tarixçi Ermənistan Konstitusiyasında ərazi iddiasının daha aydın ifadə olunduğunu və buna görə də Azərbaycanın tələbi ilə konstitusiyaya dəyişikliklərə razılıq verdiyini düşünür: "Azərbaycanın Konstitusiya Aktının yalnız ilk səhifələrində deyil, bütün Akta nəzər salanda aydın olur ki, Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı dövlət müstəqilliyi əldə olunarkən sərhədlərin, suverenliyin və ərazi bütövlüyünün tamamilə qorunmasına xidmət edir, nəinki ekspansiv siyasət həyata keçirməyə".

Ermənistan Konstitusiyasına dəyişiklik edilməsə...

Azərbaycan Ermənistan Konstitusiyasının preamblunda özünə qarşı ərazi iddiasının olduğunu deyərək bu sənədə düzəliş olunmadan sülh sazişinin imzalanmayacığını vurğulayıb. Belə ki, Ermənistan Konstitusiyasında ölkənin 1990-cı il Müstəqillik Bəyannaməsinə istinad edilir. Həmin bəyannamədə isə Sovet Ermənistanı ilə Azərbaycanın keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin birləşdirilməsinə dair 1989-cu il aktına istinad olunur.

Ermənistan müxalifəti isə hələ ilin əvvəlində konstitusiyaya dəyişikliklər təklifi ortaya çıxanda buna qarşı çıxırdı. Onlar Bakının bu məsələni ortaya atmaqla Yerevanla sülh sazişini imzalamaqdan yayınmağa çalışdığını deyirlər. Üstəlik, tənqidçilərin fikrincə, Azərbaycan və Türkiyə Ermənistana yeni tələblər irəli sürməkdə davam edəcək.

Ruben Mehrabyan
Ruben Mehrabyan

Yerevandan siyasi şərhçi Ruben Mehrabyan isə AzadlıqRadiosuna deyir ki, bu "heç kəsə lazım olmayan" söhbətin təşəbbüskarı Ermənistan tərəfi deyil, şəxsən cənab Əliyevdir: "Paşinyanın bəyanatlarına bu söhbəti bağlamağın vacibliyi kontekstində baxmaq lazımdır. Söhbət ondan gedir ki, konstitusiyalarla bağlı iddialar danışıqlar prosesindən çıxarılmalıdır. Sazişdə bir maddə olmalıdır, tərəflər onun əsasında daxili qanunvericiliyə istinad edərək onun icrasından yayına bilməsinlər".

Elə N.Paşinyan da saziş layihəsinin razılaşdırılmış hissəsində belə bir maddənin olduğunu deyir. Ancaq Azərbaycan XİN-in son mövqeyi belə idi ki, heç bir beynəlxalq saziş Konstitusiyadan üstün deyil.

Beləliklə, Ermənistan Konstitusiyasına dəyişiklik tələbindən dolayı Azərbaycanla sülh sazişinin imzalanması 2027-ci ildən tez baş verə bilməz. N.Paşinyan konstitusiyanın dəyişdirilməsi istiqamətində ilk addım kimi xüsusi islahat şurasına Ana Qanunun yeni mətninin layihəsinin hazırlanmasını tapşırıb. Görünən odur ki, yeni konstitusiya 2026-cı ilin sonunadək referendumla qəbul olunmalıdır.

Tarixçi A.Əliyevin fikrincə, belə yubanma regionda münaqişələrin qalmasını istəyən qüvvələrin əlinə oynayır: "Regionda münaqişənin davam etməsi ilk növbədə Rusiyanın bu və digər şəkildə müdaxilə etmək imkanları yaradır. O, "sülhyaradıcı" missiyaları adı altında yenidən buraya daxil olmağa, nəzarəti ələ almağa cəhdlər göstərə bilər. Ona görə də sülh müqaviləsi nə qədər tez imzalanarsa, hər iki xalq üçün, bütövlükdə region üçün uğurlu olar".

İlham Əliyev
İlham Əliyev

Xalq, yoxsa "cici-bacı" diplomatiyası?

A.Əliyev cəmiyyətin sülhə hazırlanmasını vacib sayır, ancaq Azərbaycan hakimiyyətinin ritorikasında bunun əksinin göründüyünü vurğulayır. Onun sözlərinə görə, sülh sadəcə iki hakimiyyət, iki şəxs arasında imzalanmış sənəd olmalı deyil, insanlar özləri sülhə hazır olduqlarına qərar verməlidirlər.

Xalqların sülhə hazırlanması kontekstində prezident İ.Əliyevin bugünlərdə Qarabağda tələbələrlə görüşündə dedikləri diqqət çəkir. O, Azərbaycandan "xaricə satılmışlar"ı QHT-lərin keçirdiyi seminarlarda, təlimlərdə ermənilərlə "cici-bacılıq" etməkdə qınayıb.

Son aylar sülh tərəfdarı fəal Bəhruz Səmədov və talış hüquqları fəalı İqbal Əbilov dövlətə xəyanət ittihamı ilə saxlanılıblar, daha bir neçə nəfər isə dindirilib.

+++

Azərbaycan bir il öncə Qarabağdan kütləvi köç etmiş ermənilər üçün reinteqrasiya planı açıqlayıb. Qarabağ ermənilərindən geri qayıtmaq istəyən varmı? AzadlıqRadiosu "İzahla" proqramında bu suala cavab axtarıb:

'Heç kim qayıtmaq istəmir' - Qarabağ erməniləri Bakının planı ilə razılaşacaqmı?
Gözlə

No media source currently available

0:00 0:14:12 0:00
+++

Azərbaycan ərazi bütövlüyünü bərpa etməzdən öncə "Qarabağ boyda dərdimiz var" ifadəsi bir çox problemlərin cavabında eşidilirdi. Artıq suverenliyin bərpasının bir ili tamam oldu. Ölkədə təməl hüquq və azadlıqların təminatı yönündə irəliləyiş varmı? Tənqidçilər durumu ürəkaçan saymırlar.

+++

BMT-nin illik iqlim konfransı olan COP29 öncəsi Bakıya insan haqları ilə bağlı çağırışlar daha tez-tez eşidilir. Ən son çağırış "Human Rights Watch" insan haqları təşkilatının və daha 10 insan haqları qrupundan gəlib. Onlar Avropa Şurası Parlament Assambleyasını (AŞPA) Azərbaycan nümayəndə heyətinin səlahiyyətini bərpa etməzdən öncə bəzi tədbirlər görməyə səsləyiblər. Onlar israr edirlər ki, AŞPA Azərbaycandan insan hüquqlarına dair götürdüyü bütün öhdəlikləri yerinə yetirməsini tələb etməlidir.

Gəzlənti

Gələn həftə, sentyabrın 30-dan oktyabrın 4-dək AŞPA-nın payız sessiyası keçirilir. Sessiyanın gündəliyinə "Azərbaycanda demokratiya, qanunun aliliyi və insan hüquqlarının vəziyyətinin pisləşməsi" mövzusunun da salınacağı gözlənilir. Bu sessiya çərçivəsində qurumun Vatslav Havel İnsan Haqları Mükafatı təqdim olunmalıdır. Hazırda həbsdə olan azərbaycanlı siyasətçi Akif Qurbanov da mükafata namizədlər siyahısındadır. 3-cü Respublika Platformasının qurucusu A.Qurbanov bu ilin martından həbsdədir. O, bir sıra həmkarları ilə birlikdə qaçaqmalçılıqda ittiham olunur. Amma ötən noyabrdan oxşar ittihamla saxlanan jurnalistlər və fəallar bu ittihamları rədd edir, peşə fəaliyyətlərinə görə həbs olunduqlarını deyirlər.

XS
SM
MD
LG