Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 08:22

Qərb Azərbaycanı Cənubi Qafqazda ayırır, yoxsa…


Ermənistanın baş naziri N.Paşinyan, Avropa Komissiyasının sədri U.Fon der Leyen, ABŞ dövlət katibi A.Blinken və Aİ-nin ali nümayəndəsi J.Borrel Aİ-ABŞ-Ermənistan görüşündən sonra mediaya müraciət edirlər.
Ermənistanın baş naziri N.Paşinyan, Avropa Komissiyasının sədri U.Fon der Leyen, ABŞ dövlət katibi A.Blinken və Aİ-nin ali nümayəndəsi J.Borrel Aİ-ABŞ-Ermənistan görüşündən sonra mediaya müraciət edirlər.

Son həftələr hökumətin rəsmi təbliğatında belə bir tezis önə çıxıb ki, Qərb Cənubi Qafqazda ayırıcı xətlər yaradaraq Azərbaycanı təcrid edir.

Aprelin 3-də prezident İlham Əliyev ABŞ dövlət katibi Antoni Blinken ilə telefon danışığında deyib ki, Vaşinqton-Brüssel-Yerevan üçtərəfli görüşünün Azərbaycanın iradlarına baxmayaraq təxirə salınmaması Cənubi Qafqazda sülhə, əməkdaşlığa deyil, ayırıcı xətlərin və nəticə etibarilə gərginliyin yaranmasına gətirib çıxaracaq.

Aprelin 5-də Brüsseldə Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen, ABŞ dövlət katibi Antoni Blinken və Ermənistan baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş keçirilib. Orada ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) rəhbəri Samanta Pauers, habelə Avropa İttifaqının xarici işlər komissarı Jozep Borrel də iştirak ediblər. Danışıqlarda Ermənistana birlikdə toplam 356 milyon dollarlıq yeni yardım vəd edilib. Bu yardım, elan olunduğuna görə, Ermənistanın dayanıqlığını artırmalı və onun Rusiyadan asılı olan iqtisadiyyatının şaxələndirilməsinə kömək etməlidir.

Ancaq başqa tərəfdən, Azərbaycan hələ 2009-cu ildə Avropa İttifaqının (Aİ) "Şərq Tərəfdaşlığı" proqramına qoşulub. 2017-ci ilin əvvəllərindən isə konkret danışıqlara başlasa da, Aİ ilə tərəfdaşlıq sazişini imzalamayıb. Baxmayaraq ki, bu proqrama qoşulan altı ölkədən Ermənistan həmin il Avropa İttifaqı ilə belə bir saziş imzalayıb. Qalan ölkələrdən Ukrayna, Moldova və Gürcüstana bu quruma üzvlük məsələsində yaşıl işıq yandırılıb. Yalnız Belarus Aİ ilə əməkdaşlığı dayandırıb.

Azər Qasımlı
Azər Qasımlı

"Azərbaycan daxildə liberallaşmaya getmədiyinə görə..."

Siyasi Menecment İnstitutunun rəhbəri Azər Qasımlı AzadlıqRadiosunun deyib ki, əksinə, Azərbaycan özünü təcrid edir: "Məsələn, Azərbaycan 2001-ci ildə Avropa Şurasına üzv olanda hökumət üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyib. Hakimiyyət siyasi məhbusları azad etməyib, siyasi institutları sıradan çıxarıb və, nəhayət, ötən il insan hüquqlarını pozduğuna görə orada mandatı dondurulub. Bundan əlavə, Azərbaycan "Şərq Tərəfdaşlığı" proqramı ilə Qərblə yaxınlaşmışdı və öhdəliklər də götürmüşdü. Burada da söhbət azad iqtisadi və siyasi mühitin yaradılmasından gedir. Ancaq bunlar da həyata keçirilmədi".

A.Qasımlının sözlərinə görə, bütün bunlara baxmayaraq, Azərbaycana 2013-2014-cü illərdə Assosiasiya sazişi imzalamaq təklif olunmuşdu: "Rəsmi Bakı təklifi qəbul etmədi. Ondan sonra Bakı ilə Brüssel arasında strateji tərəfdaşlığa dair sənədin müzakirəsi prosesi başladı. Lakin yenə də Azərbaycan tərəfi daxildə liberallaşmaya getmədiyinə görə bu sənəd də imzalanmadı...".

Elşad Mirbəşiroğlu
Elşad Mirbəşiroğlu

"Məgər, bu, Qərbin Azərbaycanı təcrid etmək istəyi deyilmi?"

Deputat Elşad Mirbəşiroğlu isə "Turan"a bildirib ki, Qərb Azərbaycana münasibətdə hər zaman qeyri-obyektiv mövqe sərgiləyib. Onun qənaətinə görə, bunu əsaslandırmaq üçün çoxlu nümunələr gətirmək olar: "2020-ci ildə Azərbaycan ərazilərini işğaldan qurtaranda BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsini təmin edirdi. Bu baxımdan Qərbə sual vermək lazımdır ki, Azərbaycana "sağ ol" demək əvəzinə nəyə görə qərəzli müzakirələr açmışdın? Təhlükəsizlik Şurasında yeddi dəfə Azərbaycana qarşı qərəzli müzakirə keçirib qətnamələr qəbul etmək istədilər. Məgər, bu, Qərbin Azərbaycanı təcrid etmək istəyi deyilmi? Amma "Qərbin Azərbaycanı təcrid etməsi" ifadəsi də doğru deyil. Qərb istəsə də, bunu edə bilməz. Qərb Azərbaycanı özündən də təcrid edə bilməz, ona görə ki, Avropanın enerji bazarı Azərbaycanın karbohidrogen ehtiyatlarından asılıdır".

"Hökumət deyir ki,... sadəcə neft-qaz sahəsində əməkdaşlıq edək"

A.Qasımlı "Azərbaycan özünü niyə ayırır və belə olan halda, niyə Qərbi günahlandırır" sualına isə belə cavab verib: "Çünki Qərb institutlarına inteqrasiya olmaq öhdəliklər götürüb ölkədə insan hüquqlarına hörmət etmək, demokratik seçkilər keçirmək deməkdir. Təbii ki, bunlar Azərbaycan hakimiyyətinin maraqlarına cavab vermir. Hökumət Qərbə deyir ki, bax, qaz, neft satacağam, iqtisadi əməkdaşlığımız olacaq, amma özümüz dünya bazarına inteqrasiya olmayacağıq, daxildə iqtisadi azadlıqlara getməyəcək. Necə ki, hələ Azərbaycan qonşularından fərqli olaraq Ümumdünya Ticarət Təşkilatının üzvü deyil. Yəni hökumət deyir ki, bizi rahat buraxın, sadəcə neft-qaz sahəsində əməkdaşlıq edək".

'Əliyevin və Putinin dünyaya baxışı çox yaxındır'. Müttəfiqlik bəyannaməsinin iki ili #Izahla
Gözlə

No media source currently available

0:00 0:09:16 0:00

"Əgər həqiqətən də Ermənistana Azərbaycana qarşı dəstək vermək fikrində deyildilərsə…"

Aprelin 5-də Brüsseldə üçtərəfli görüşə və bu münasibətlə Avropa Komissiyasının sədri və ABŞ dövlət katibinin Azərbaycan prezidentinə zəng etməsinə gəlincə, deputat E.Mirbəşiroğlu da bunları deyib: "Əgər həqiqətən də Ermənistana Azərbaycana qarşı dəstək vermək fikrində deyildilərsə, nəyə görə prezidentə zəng edib görüşün kiməsə qarşı yönəlmədiyini bildirirlər? Lap yaxşı, o zaman nə üçün yönəlmədiyini əsaslandırırsan? Amma ondan əvvəl NATO baş katibi Yens Stoltenberq regiona səfər etdi, ardınca isə Brüssel görüşünün tarixi müəyyənləşdi. Azərbaycanın reaksiyası olmadan görüşün məqsədi o cür izah edilirdi ki, Ermənistana təhlükəsizlik təminatı verəcəklər. Azərbaycanın qarşısında təhlükəsizlik təminatı vermək istəyirlər və guya biz Ermənistana qarşı hansısa addımlar atmaq istəyirik".

Deputatın vurğulamasına görə, Cənubi Qafqazda Ermənistan üzərindən ikinci cəbhə açmaq istəyirlər: "Bunu başqa cür izah etmək də mümkün deyil. Sadəcə, Qərbin maraqlarına cavab verdiyinə görə növbəti eksperimenti Ermənistan üzərində keçirmək istəyirlər".

XS
SM
MD
LG