Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 02:20

Azərbaycan, İran və Rusiya vahid elektrik şəbəkəsindən danışır


İran, Rusiya və Azərbaycan arasında elektrik mübadiləsi altı ay ərzində başlana bilər
İran, Rusiya və Azərbaycan arasında elektrik mübadiləsi altı ay ərzində başlana bilər

Son günlər Azərbaycan, İran və Rusiya arasında vahid elektrik şəbəkəsi yaratmaq mövzusu yenidən müzakirə edilməkdədir.

İranın energetika naziri Əli Əkbər Mehrabian noyabrın 20-də Rusiya ilə vahid elektrik enerjisi şəbəkəsinin yaradılacağı ilə bağlı jurnalistlərə deyib ki, Azərbaycan bu sahədə hər iki ölkə üçün ən əlverişli marşrutdur. Onun sözlərinə görə, İranla Rusiya arasında elektrik şəbəkəsinin Gürcüstan, Azərbaycan və Türkmənistan daxil olmaqla üç marşrut vasitəsilə birləşdirilməsi üçün araşdırmalar aparılıb: "Bu baxımdan Azərbaycan həyata keçirilməsi çox asan görünən və şəbəkənin inkişafı tələb olunmayan marşrutdur. Xoşbəxtlikdən bu sahədə Azərbaycan Respublikası və Rusiya Federasiyası ilə çox yaxşı razılaşma əldə olunub. Bu saziş ona gətirib çıxarıb ki, biz Azərbaycanın elektrik şəbəkələrini tez bir zamanda birləşdirə bildik".

Energetika naziri İran, Rusiya və Azərbaycan arasında elektrik mübadiləsinin növbəti altı ay ərzində başlanacağına ümid etdiyini bildirib.

2016-cı ildən bəri...

Məsələ 2016-cı ildən başlayaraq müzakirə edilirdi, hətta mövzu ilə bağlı konkret görüşlər olmuşdu. Amma Azərbaycanla İran arasında münasibətlər pisləşəndə məsələ aktuallığını itirmişdi. İndi isə həmin müzakirələr yenidən başlayıb.

E.Nəsirov
E.Nəsirov

"Qərbin xoşuna gəlib-gəlməyəcəyi onların öz problemidir"

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Elman Nəsirov "Turan"a bildirib ki, Azərbaycan, İran və Rusiya arasında vahid elektrik şəbəkəsinin yaradılması ilə bağlı addımların atılması hər üç dövlətin maraqlarına xidmət edən hadisədir: "Yəni, burada hər hansı üçüncü tərəfə qarşı bir hərəkət yoxdur. Əgər kimlərsə elə düşünürlərsə, deməli, onların öz xislətlərində eyni yanaşma tərzi var".

Deputat da xatırladıb ki, bu, yeni ideya deyil: "Sadəcə geopolitik vəziyyət və digər amillər bu planın reallaşmasına mane olmuşdu. İran ilə Azərbaycan arasında münasibətlərdə gərginlik dövrü yaşandı, indi isə münasibətlərdə ilıqlaşma prosesi getməkdədir. O gərginlik dövründə belə bir layihənin reallaşdırılması mənasız olardı".

E.Nəsirovun sözlərinə görə, yeni reallıq ondan ibarətdir ki, Ermənistan faktiki olaraq "Zəngəzur dəhlizi"nin (Ermənistanin Sünik bölgəsindən keçib Azərbaycanı digər ərazisi olan Naxçıvanla birləşdirməli yol) işə salınmasına imkan vermir və Azərbaycanın B planı var: "Bu, "Zəngəzur dəhlizi" üçün İranın ərazisindən istifadə etməkdir. Artıq bununla bağlı ilkin razılaşmalar var və iş gedir. Qərbin xoşuna gəlib-gəlməyəcəyi onların öz problemidir".

N.Məmmədli
N.Məmmədli

"Rusiya və İran üçün bir fürsətə çevrilib"

Siyasi şərhçi Nəsimi Məmmədli isə AzadlıqRadiosuna bildirib ki, Azərbaycan, Rusiya və İran arasında münasibətlərdəki dinamika daha çox mövcud geosiyasi proseslərlə bağlıdır: "Çox sürətlə dəyişən proseslər var. Bu, həm Rusiya-Ukrayna münasibəti ilə bağlıdır, həm də İsrail-Fələstin məsələsi da özünü göstərir".

Onun sözlərinə görə, digər tərəfdən, Azərbaycan Qarabağ məsələsini tam həll etdikdən sonra Qərblə yaranmış müəyyən anlaşılmazlıq Rusiya və İran üçün bir fürsətə çevrilib: "Onlar daha çox bu münasibətləri gərginləşdirəcək addımlar atmağa çalışırlar. Yəni, Qərblə Azərbaycan arasında daha çox gərginlik yaransın. Bu layihə də onlardan biridir".

XS
SM
MD
LG