Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 03:16

Azərbaycanda ötürülən neft və qazdan gəlirlər 66 faiz azalıb


Səngəçal terminalı
Səngəçal terminalı

Ötən il neft və qazın Azərbaycan ərazisi ilə ötürülməsindən əldə edilən tranzit gəlirlərinin həcmi 7.2 milyon manat olub. Nazirlər Kabinetinin ötənilki fəaliyyətinə dair parlamentə hesabatında belə deyilir.

Tranzit haqlarından götürülən gəlir proqnozun (21.8 milyon manatın) cəmi 33 faizidir. Başqa deyimlə, Azərbaycan ötən il neft və qazın ötürülməsindən əldə edilən gəlirə dair proqnozun cəmi üçdə birini gerçəkləşdirib.

Ötən il neftlə qazın ölkə ərazisi ilə ötürülməsindən Azərbaycanın gəliri 2021-ci illə müqayisədə 66 faiz azalıb. Bu gəlir maddəsi üzrə daxilolmaların azalması Ukraynadakı müharibədən qaynaqlanıb.

Açıqlanan məlumatlardan bəlli olur ki, Rusiyanın Ukraynaya hücumu nəticəsində Qara dənizlə daşımalarda məhdudiyyətlər yaranıb. Bunun nəticəsində ötən il Qərb İxrac Boru Kəməri (Bakı-Supsa) fəaliyyətini dayandırmışdı. Həmin kəmər Xəzərdəki yataqlardan xam nefti Qara dəniz sahilinə nəql edir və orada tankerlərə yüklənən xam neft Bosfor boğazından keçməklə Avropa bazarlarına yola salınır.

Daha öncə mediaya verilən məlumatlardan aydın olur ki, keçən il Bakı-Supsa boru kəməri ilə axın öncə keçici olaraq, ardınca – may ayında tam dayandırılıbmış. Buna səbəb dənizdə sərbəst üzən minalarla bağlı xəbərlər olub. Beləcə, Qara dənizdə naviqasiya təhlükəsizliyi üzündən narahatlıq yaranıb. Daha sonra Bakı-Supsa ilə nəql olunan neft Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəmərinə yönəldilib.

Bakı-Supsa kəmərinin yenidən işə düşməsi bu ilin fevralına təsadüf edib. Həmin vaxt bp açıqlama yayaraq, Bakı-Supsa kəməri ilə neftin ixracını müvəqqəti bərpa etdiyini açıqlayıb. Bunun səbəbi isə Türkiyədə baş verən zəlzələ nəticəsində neftin Ceyhanda yerləşən terminaldan tankerlərə yüklənilməsində problem yaşanması olub. Problem aradan qalxınca sözügedən kəmər fəaliyyətini yenidən dayandırıb.

Qazaxıstan nefti Azərbaycandan ötürüləcək

Bakı-Supsa kəməri son dövrlər Azərbaycan-Qazaxıstan münasibətləri ilə də bağlı tez-tez gündəmə gəlir. Qazaxıstan Azərbaycan üzərindən dünya bazarına neft tədarükünü artırmağı planlaşdırır. Bu barədə bu ilin aprelində prezident İlham Əliyevlə birgə mətbuat konfransı zamanı Qazaxıstan lideri Kasım-Jomart Tokayev məlumat vermişdi. Bir müddət öncə “Reuters" agentliyinin xəbərində də deyilirdi ki, Azərbaycan Qazaxıstana 2023-cü ildə Bakı-Supsa kəməri ilə 5 milyon ton neftin öz ərazisindən nəqlini təklif edib. Razılıq əldə olunarsa, Qazaxıstanın Xəzər dənizindəki Kaşaqan yatağından neft tədarük edilə bilər.

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Qazaxıstan neftinin artıq Bakı-Tbilisi-Ceyhan (BTC) kəməri ilə tranzitinə başlayıb. “Tengiz” yatağından çıxarılan Qazaxıstan neftinin ilk bölümü martın 23-də Aktau limanından Azərbaycanın Səngəçal terminalına çatdırılıb.

Qazaxıstan neftinin BTC ilə nəqli SOCAR və “KazMunayQaz” şirkəti arasında ildə 1.5 milyon ton neftin tranzitini nəzərdə tutan saziş çərçivəsində gerçəkləşdirilir. Bu ilin sonunadək Xəzər dənizi ilə ayda 12-14 tanker reysinin həyata keçirilməsi planlaşdırılır.

SOCAR Qazaxıstan neftini BTC-yə qəbul etmək üçün ötən il Səngəçal terminalının ərazisində toplayıcı boru kəmərləri şəbəkəsini yeniləşdirib. Bu, BTC-nin ötürmə gücündən istifadə səviyyəsini artırıb.

Rəşt-Astara dəmir yolu problemlə üzləşə bilər

Rusiyanın ucbatından baş verən problemlər Azərbaycanın daha bir logistika layihəsinə risklər yaradıb. "Fitch Solutions” reytinq agentliyinin “İran-Azərbaycan dəmir yolunun “Şimal-Cənub” nəqliyyat dəhlizinə töhfəsi” adlı proqnozunda belə deyilir.

Həmin proqnozda bildirilir ki, Rəşt-Astara dəmir yolunun nəzərdə tutulan 48 aylıq müddətdə tamamlanması baş tutmaya bilər. Agentlik bu proqnozunu üç əsas səbəblə əsaslandırıb. Bunlar qlobal enerji bazarında qiymətlərin ucuzlaşması, Rusiyanın maliyyə problemləri və geosiyasi risklərdir.

Agentliyin açıqlamasında bildirilir ki, qlobal enerji qiymətlərinin gözləniləndən daha çox ucuzlaşması Rusiyanın Rəşt-Astara dəmir yolu üçün nəzərdə tutduğu 1.6 milyard dollar məbləğində öhdəliyini yerinə yetirmək istəyinə təsir edir. Digər tərəfdən, Ukrayna ilə müharibə xərcləri də bu vəsaitin ödənməsinə marağı azalda bilər.

Proqnozda o da bildirib ki, Rusiyanın Rəşt-Astara dəmir yolunun tikintisini maliyyələşdirməsi ilə bağlı razılaşması Kremlin Tehranla iqtisadi və strateji əlaqələri gücləndirmək istəyini əks etdirir.

"Rusiya Ukrayna ilə müharibə üzündən Avropa ölkələri ilə yaşadığı ixrac itkisini kompensasiya etmək üçün “Şimal-Cənub” nəqliyyat dəhlizinin son halqasını maliyyələşdirməyə könüllü olub. Ancaq Rəşt-Astara dəmir yolunun başa çatması, “Şimal-Cənub” nəqliyyat dəhlizi Rusiyanın Avropa İttifaqı ilə ticarətində yaranan itkisini kompensasiya etməyəcək. Səbəb - dəmiryolu daşımalarında bəlli problemlərin mövcudluğudur. Buna misal olaraq Azərbaycan, Rusiya və İran arasında müxtəlif ölçülü dəmir yollarını göstərmək olar".

Reytinq agentliyi vurğulayıb ki, “Şimal-Cənub” nəqliyyat dəhlizi Süveyş kanalına alternativ kimi nəzərdə tutulsa da, ABŞ və Avropanın Rusiyaya qarşı davam edən sanksiyaları bu məqsədə nail olmağa imkan verməyəcək. Axı Ukrayna ilə müharibə başa çatsa da, 2030-cu ilədək Rusiya ilə Qərb arasında sürətli yaxınlaşma ehtimalı çox azdır.

XS
SM
MD
LG