Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 19:19

Hökumətin sevimli sözü: 'Avropada vergi dərəcələri bizdən yüksəkdir'


ATM. Karikatura. Gündüz Ağayev.
ATM. Karikatura. Gündüz Ağayev.

Bu gün – martın 10-da “Şəffaflığa doğru birlikdə” mövzusunda vergi məsələlərinə həsr olunmuş konfrans keçirilib.

Amerika Ticarət Palatasının (“AmCham-Azerbaijan”) və Vergilər Nazirliyinin təşkil etdiyi bu tədbirə qatılan sahibkarlar vergilərin çoxluğundan gileyləniblər.

“Azərsun Holdinq” MMC-nin baş icraçı direktoru Savaş Uzan istehsal üçün ölkəyə gətirilən xammal və materialların vergidən azad edilməsini istədiklərini bildirib. Onun fikrincə, kənd təsərrüfatı mallarının istehsal və satışında vergi tənzimləmələrinə də yenidən baxmaq yaxşı olardı. S. Uzan vurğulayıb ki, əməkhaqları ilə bağlı vergi yükünün azaldılması şəffaflığın artmasına və insanların sistemə daha tez inteqrasiyasına yol aça bilər. Tədbirə qatılan “MasterCard” nümayəndəsi də xidmət haqlarını azaltmağa çağırıb.

Buna da bax:​ 'Belə hökumətlə böhranı durdurmaq mümkün deyil'

Bütövlükdə götürəndə, sahibkarların vergi dərəcələrinin yüksəkliyindən şikayətlənməsində təəccüblü heç nə yoxdur. Onlar bütün dünyada, adətən, belə davranırlar. Azərbaycana gəlincə, yerli ekspertlər belə şikayətləri əsaslı sayır və bunu biznesin vergidən başlıca yayınma səbəbi kimi qiymətləndirirlər.

İqtisadçı ekspert Qalib Toğrul deyir ki, vergi dərəcələrinin optimallaşdırılması indiki dövrdə çox aktualdır: “Tənəzzül dövrü yaşayan iqtisadiyyatda sahibkarlara vergi tətillərinin verilməsi, vergi dərəcələrinin aşağı salınması klassik iqtisadi nəzəriyyələrdən tutmuş, çağdaş iqtisadi yanaşmalaradək təqdir olunan bir addımdır”.

“Bu ödənişlərin hamısı sahibkarın cibindən çıxır”

Qalib Toğrul
Qalib Toğrul

Vergi dərəcələrinin rəqabətqabiliyyətliliyi baxımından Azərbaycanın region dövlətləri arasında ən aşağı mövqedə dayandığını vurğulayan ekspert deyir: “Bütün vergi ödənişləri dərəcəsi Azərbaycanda 39,8 faizdir. Bu göstərici Gürcüstanda 16,4 faiz, Qazaxıstanda 29,2 faizdir. Ancaq bir nüansı nəzərə almaq lazımdır ki, Azərbaycanda toplam vergi ödənişləri dərəcəsinin belə yüksək olmasına səbəb sosial sığorta ödənişləridir. Toplam vergi ödənişlərinin 24,82 faizi məhz sosial sığorta ödənişlərinin payına düşür. Ona görə də, məsələyə kompleks yanaşılmalıdır. Burda mütləq gömrük rüsumlarını, sosial ödənişləri də nəzərə almaq lazımdır, çünki bu ödənişlərin hamısı sahibkarın cibindən çıxır”.

Buna da bax: Son vergi dəyişiklikləri və rüsumları nəyi dəyişib?

Ekspertin fikrincə, işəgötürən kimi, əməkhaqqı fondundan sahibkarın ödədiyi 22 faizlik sosial ayırma çox yüksəkdir: “Bir neçə il əvvələdək 25 faizlik sosial sığorta ödəməsinin işəgötürən və işçi arasında ədalətli bölgü nisbətinin tapılması müzakirəyə çıxarılsa da, çox təəssüf ki, bu məsələdə yekun qənaət hasil olmadı. Digər vergilərin dərəcələri isə, məncə, bizdə o qədər də yüksək deyil”.

“Böhran dövründən ötrü ayrıca güzəştlər tətbiq oluna bilər”

Qalib Toğrul böhran dövründə ayrıca güzəştlərin tətbiqini mümkün sayır: “Məsələn, sahibkarın mənfəətdən investisiyaya yönəltdiyi məbləği vergidən azad etmək olar. ƏDV-nin differensiallaşdırılmasına yönələn konkret addımlar da atıla bilər. Yeri gəlmişkən, bu məsələ prezidentin ötən yay imzaladığı sənəddə 21 vergi islahatı istiqamətindən biri idi. Ancaq nədənsə Vergi Məcəlləsinə dəyişikliklər zamanı nəzərə alınmadı”.

“Vergini artırmaqla büdcəni doldurmaq üsulu seçildi”

Yaxın zamanda Vergi Məcəlləsinə 200 dən çox əlavə və dəyişiklik olunduğunu yada salan iqtisadçı Natiq Cəfərli bütün bunların biznes çevrələri ilə müzakirə edilmədiyini vurğulayır: “Əslində, ölkədə indi istehsal və ixracatı stimullaşdıran vergi siyasəti olmalıdır, amma təəssüf ki, vergini artırmaqla büdcəni doldurmaq üsulu seçildi”.

Buna da bax:​ Qanunsuz sahibkarlığın cəzası kəskin azaldı

Onun fikrincə bu, iqtisadi fəallığı zəiflədir, biznesin inkişafını əngəlləyir: “Nəticədə fəallıq və yatırımlar, iş yerləri və gəlirlər azalır, bu da öz növbəsində vergilərdən daxilolmaları azaldır”.

“Vətəndaş gəlirinin 57 faizini vergi və sosial sığortahaqqı kimi ödəyir”

Əkrəm Həsənov
Əkrəm Həsənov

Hüquqşünas Əkrəm Həsənov da Azərbaycanda vergi yükünü ağır sayır: “Təsəvvür edin ki, vətəndaş, orta hesabla, gəlirinin 57 faizini vergi və sosial sığortahaqqı kimi ödəyir: 14 faiz gəlir vergisi (2500-dan yuxarı məbləğə 25 faiz) +25 (3+22) faiz sosial sığortahaqqı + 18 ƏDV (aldığı mal, iş və xidmətlərə görə). Hələ üstəlik, vətəndaş üçün əmlak və torpaq vergisi də var”.

Buna da bax:​ "Əslinə qalsa, vergi sistemi formalaşa bilmədi"

Hökumətin “Avropada vergi dərəcələri daha çoxdur” fikrinə ekspert belə cavab verib: “Bizdə məmurlar Avropada vergi dərəcələrinin bizdən yüksək olmasını deməyi xoşlayırlar. Bu, həqiqətdir, amma Avropada vergitutma bazası aşağıdır. Məsələn, bizdə vətəndaşın gəliri, bir qayda olaraq, çıxıntısız vergiyə cəlb edilir. Avropada isə bir sıra aylıq xərclər - ipoteka krediti üzrə ödənişi, tibbi xərc, xeyriyyə xərcləri və s. çıxılandan sonra vergi tutulur. Həm də orada dərəcələr daha müxtəlifləşdirilir. Məsələn, ailəli insanlar vergiyə birgə cəlb olunur və onlar daha az vergi ödəyirlər. Bizdə də belə yanaşmalar olsa, yük azalar”.

XS
SM
MD
LG