Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 01:20

‘100-ə nə qaldı?’: Cümhuriyyət nazirləri: Sənaye və ticarət naziri Məmməd Yusif Cəfərov [14-cü yazı]


Azərbaycan Xalq Cümhuriyyəti, Sənaye və ticarət naziri Məmməd Yusif Cəfərov
Azərbaycan Xalq Cümhuriyyəti, Sənaye və ticarət naziri Məmməd Yusif Cəfərov

Hakimiyyəti “bolşeviklərə təhvil verən” adam kimi tarixə düşən Məmməd Yusif Cəfərov cümhuriyyət parlamentinin son spikeri - parlamentin son - 27 aprel iclasının sədri olub.

BİOQRAFİYASI:

Məmməd Yusif Hacıbaba oğlu Cəfərov 1885-ci il martın 14-də Bakıda doğulub. Orta təhsilini Bakı Aleksandrovsk Gimnaziyasında başa vurub (1907), hüquq təhsilini Moskva Dövlət Universitetində alıb. O dövrdə Moskvada oxuyan tələbələrin yaratdığı “Azərbaycan Həmyerlilər Təşkilatı”nın qurucularından sayılır. 1912-ci ildə universiteti fərqlənmə diplomu ilə bitirib Bakıya qayıdıb. Şəhər məhkəmələrinin birində andlı hakim koməkçisi işləyib.

100-ə nə qaldı?..

100-ə nə qaldı?..

2018-ci il mayında Azərbaycan Cümhuriyyətinin 100 yaşı tamamlanır. Möhtəşəm yubileyə sayılı aylar qalıb.

Məhəmməd Əmin Rəsulzadənin imzası
Məhəmməd Əmin Rəsulzadənin imzası

AzadlıqRadiosunun «İz» proqramı Cümhuriyyətin 100 illiyini yeni rubrika ilə – «100-ə nə qaldı?..» ilə qeyd etməyə qərar verib.

– Müsəlman Şərqində ilk Cümhuriyyət necə yarandı?

– Cümhuriyyətin bani babaları kimlərdir?

– 1 il 11 ay ərzində nələr gerçəkləşdi, nələr yarıda qaldı?

– 1920-ci ilin qara aprel çevrilişindən sonra ölkədə nələr baş verdi?

– İlk etiraz dalğası olan Gəncə üsyanı nədən devrildi?

– «İstiqlal» qəzeti necə dağıdıldı?

– Bu onilliklər ərzində Cümhuriyyət dəyərləri ölkədə gizlicə necə yaşadıldı?

– Xaricdə yaşamağa məcbur qalan mühacirlər hansı sınaqlardan keçdilər?

– II Dünya Savaşı dövründə və savaş sonrası hansı önəmli nəşrlər və radiolar yarandı?

– Bəs ölkədəki dissidentlər nə istəyirdilər?

– Paytaxt Bakıda Azərbaycan dilinin işlənmə məsələsi hansı sınaqlardan keçdi?

– Durğunluq illəri ölkədən nə aldı, nə verdi?

– Və nəhayət, 70 ildən sonra Cümhuriyyət bayrağı «Parlament binasının üzərinə» necə sancıldı?

Bu və bənzər suallara 5 ay ərzində AzadlıqRadiosunun «İz» proqramında cavab aranacaq.

Möhtəşəm yubileyi «İz»lə şərəfləndirin.

«İz»də qalın, «İz»i itirməyin.

Həmin il Peterburqda açılan 4-cü dövlət Dumasına Bakı, Gəncə və İrəvan quberniyalarının müsəlman əhalisi tərəfindən deputat seçilib. Dumada kadet partiyasına qoşulub. Çıxışlarında çar hökumətinin Azərbaycanda yeritdiyi müstəmləkəçilik siyasətini tənqid edib. 1917-ci ildə Zaqafqaziya komissarlığında sənaye və ticarət komissarı olub. 1918-ci ildə yaranan Zaqafqaziya seyminə seçilib. Cümhuriyyət Milli Şurasının icra komitəsində təmsil olunub. M.Y. Cəfərov İstiqlal Bəyannaməsini imzalayan 24 nəfərdən biridir. F. X. Xoyski kabinetində ticarət və sənaye naziri, hökumətin istefasından sonra Azərbaycan hökumətinin Gürcüstan hökuməti yanındakı diplomatik nümayəndəsi olub. 1919-cu il aprelin 14-də N. B. Yusifbəylinin sədrliyi ilə qurulan yeni hökumətdə M.Y. Cəfərov xarici işlər naziri vəzifəsini tutub. O bu vəzifədə 1919-cu il dekabrın 22-dək çalışıb. 1919-cu ilin oktyabrında Türk Ədəmi-Mərkəziyyət Partiyası - Müsavatın sıralarına daxil olub. Həmin ilin dekabrında Yusifbəyli kabinəsi istefaya çıxıb və M.Y. Cəfərov da tutduğu vəzifəni tərk edib. 1920-ci ilin fevralında Azərbaycan parlamenti sədrinin müavini seçilib. Parlament sədrinin müavini H. B. Ağayev xəstəliyi ilə bağlı istefa verdiyindən, bu postu M. Ə. Rəsulzadənin təklifi ilə “Müsavat” fraksiyası adından M.Y. Cəfərov tutub. Parlament sədri Ə. B. Topçubaşov Paris Sülh Konfransına yollandığından, həmin vəzifəni aprelin 27-dək M.Y. Cəfərov icra edib. M. Y. Cəfərov 1920-ci il aprelin 27-də - parlamentin son iclasında gərgin müzakirədən sonra hakimiyyətin, başda N. Nərimanov olmaqla, Azərbaycan Müvəqqəti İnqilab Komitəsinə verilməsi haqqında qərarı imzalayıb. Azərbaycan Cümhuriyyətinin işğalından sonra M. Y. Cəfərov Azərbaycan pambıqçılıq və şərabçılıq trestlərində hüquq məsləhətçisi vəzifəsində çalışıb. O,1938-ci il mayın 15-də vəfat edib.

Buna da bax: '100-ə nə qaldı?..': 'İstiqlal Bəyannaməsi' kimin əsəridir? [1-ci yazı]

MƏMMƏD YUSİF CƏFƏROVUN TARİXDƏ QALAN ƏMƏLLƏRİ

Araşdırıcı Lətif Şüküroğlu “Cümhuriyyət hökuməti repressiya məngənəsində” kitabında yazır: “Azərbaycanın demokratik dövlət kimi beynəlxalq aləmdə tanınmasında M.Y.Cəfərovun danılmaz xidmətləri var. Onun rəhbərliyi altında həmin dövrdə məşhur Azərbaycan siyasətşünasları və ictimai xadimləri Məmməd Ağa oğlu və Hüseyn Mirzəcamalovun arxivlərindən toplayaraq çap etdirdikləri “Zaqafqaziyada rus siyasətinə aid sənədlər” kitabını xüsusi qeyd etmək lazımdır. Azərbaycan ziyalılarının çar hökuməti tərəfindən təqib olunmasını ifşa edən sənədlər toplusu 1920-ci ilin əvvəllərində Bakıda rusca çapdan çıxmışdı”.

Buna da bax: '100-ə nə qaldı?': 'Azərbaycanda onların heç birinin qəbri yoxdur' [2-ci yazı]

MƏŞHUR SİMALAR GƏNCƏDƏ. 23 MART 1919-CU İL

Parlamentin orqanı “Azərbaycan” qəzeti yazırdı: “23 martda Novruz bayramının səhəri günü xüsusi qatarla Azərbaycan Parlamenti və hökumət üzvləri hərbi paradda iştirak etmək üçün Gəncəyə gəlmişlər. Qrup heyətinə Nazirlər Şurasının sədri Fətəli Xan Xoyski, daxili işlər naziri Xəlil bəy Xasməmmədov , xalq təhsili naziri Nəsib bəy Yusifbəyli, poçt və teleqraf naziri Aslanbəy Səfıkürdlü, xarici işlər nazirinin müavini Adil Xan Ziyadxanov, Parlament üzvü, “Müsavat” fraksiyasının lideri Məmməd Əmin Rəsulzadə, parlamentin müdafiə komitəsinin sədri Camo bəy Hacınski, parlament üzvü və “Azərbaycan” qəzetinin redaktoru Üzeyir bəy Hacıbəyov və b. şəxslər daxil idi. Saat 9-da qatar Gəncəyə çatdı. Qatarı qarşılamağa hərbi nazir general Səməd bəy Mehmandarov, nazir müavini general Əlağa Şıxlinski, Gəncə qubernatorunun müavini Hüseynqulu Xan Xoyski, Azərbaycanın Gürcüstandakı nümayəndəsi Məmməd Yusif Cəfərov, Gəncə şəhərinin başçısı Ələsgər bəy Xasməmmədov, ictimaiyyət nümayəndələri və ağsaqqallar çıxmışdılar”.

Buna da bax: ‘100-ə nə qaldı?’: Nə üçün Gəncə? [3-cü yazı]

Dekabr 1919 Aslan bəy Səfikürdski, Aslan bəy Qardaşov, Səməd bəy Mehmandarov, Nəsib bəy Yusifbəyli, Məmməd Yusif Cəfərov, Rəşid xan Qaplanov, Ağa Əminov, Məmmədhəsən Hacınski, Nəriman bəy Nərimanbəyli
Dekabr 1919 Aslan bəy Səfikürdski, Aslan bəy Qardaşov, Səməd bəy Mehmandarov, Nəsib bəy Yusifbəyli, Məmməd Yusif Cəfərov, Rəşid xan Qaplanov, Ağa Əminov, Məmmədhəsən Hacınski, Nəriman bəy Nərimanbəyli

Buna da bax: '100-ə nə qaldı?': Cümhuriyyət nazirləri: Baş nazir Fətəli xan Xoyski [4-cü yazı]

XARİCİ İŞLƏR NAZİRİ MƏMMƏD YUSİF CƏFƏROV

Məmməd Yusif bəyin xarici işlər naziri kimi fəaliyyəti çox mürəkkəb bir dövrə düşüb. Ermənilərin törətdiyi münaqişələr nazirliyi dəfələrlə qarşı tərəfin xarici işlər nazirliyinə nota göndərməyə vadar edib. Həmin notalardan birində deyilirdi: “1918-ci ilin yanvarından türklərin İrəvan quberniyasına gəlməsinə qədər ermənilər həmin quberniyada üç yüzdən çox müsəlman kəndini dağıtmış, əhalinin əksər hissəsini qırmışlar. Türklərin getməsi və Qafqaza müttəfiq qoşunlarının girməsi ilə Azərbaycan əhalisi ümid edirdi ki, erməni hökuməti sülhün və əmin-amanlığın bərqərar edilməsi məqsədilə artıq müsəlman qırğınlarına yol verməyəcək. Ancaq türklərin İrəvan quberniyasından getməsindən sonra - 1918-ci ilin dekabrında Sasunlu alayı quberniyanın Qaraxaç və Vediçay kənd cəmiyyətlərinin müsəlmanlarını tərksilah etmiş və Qədili, Şahablı, Qaraxaç, Doxnaz, Qarabəylər, Ağası Bəkli və s. kəndlərini dağıtmış, həmin cəmiyyətin az qala bütün müsəlmanlarını qırmışlar. Milli Dərəsi rayonunun bir sıra kəndləri də eyni vəziyyətə salınmışdır. Erməni qoşunları eyni vaxtda Basarkeçər rayonunun, Yenibəyazid qəzasının kəndlərini mühasirəyə almış və kəndlərin əhalisini qırmışlar... Erməni hökuməti qısa müddətdə, 17-31 avqust arasında Eçmiədzin, Sürməli, İrəvan və Yenibəyazid qəzalarında 50-yə yaxın kəndi dağıdıb, əhalisini qırmışlar...”

Buna da bax: '100-ə nə qaldı?': Cümhuriyyət nazirləri: Nəsib bəy Yusifbəyli [5-ci yazı]

“HAMIYA! HAMIYA! HAMIYA!”

M. Y. Cəfərovun göstərişi ilə 1919-cu il oktyabrın 1-də radioda belə bir teleqram səsləndirilib: “Hamıya, hamıya, hamıya! 1918-ci ilin əvvəllərindən başlayaraq ermənilər öz hərbi hissələrinin və hökumət nümayəndələrinin iştirakı ilə sistemli şəkildə İrəvan hökuməti rayonlarında dinc müsəlman əhalisinin əzilməsini təşkil etmişlər”.

NEFT... YENƏ NEFT

Lətif Şüküroğlu yazır: “M. Cəfərovun dövlət adamı kimi Azərbaycanın mənafeyini hər şeydən üstün tutmasını, milli maraqları qorumaq yolunda kimsəyə güzəştə getməməsini təsdiqləyən neçə-neçə arxiv sənədi, tarixi materiallar var. O, 1919-cu ilin noyabrın 15-də Zaqafqaziyadakı Ali Britaniya komissarına ünvanladığı məktubda İngiltərə komandanlığı nümayəndələrinin Azərbaycandan neftin daşınmasında özbaşınalığı barədə söhbət açaraq yazırdı: “Bütün qüvvəni sərf etməklə Bakıdan hər gün 40-45 sistern neft göndərmək mümkündür. Əgər bu miqdardan hər gün 30 ədədini ingilis komandanlığına versək, onda ən zəruri ehtiyaclar üçün də bir şey qalmır. Dəmiryolu nazirliyi bütün danışıqlara baxmayaraq, ingilis komandanlığının ehtiyaclarını ödəmək arzusu ilə general Brefə hər gün 15 sistern göndərməyə razı olmuşdur. Ancaq bir neçə gün sonra general Brefin göstərişi ilə Kabulletlə Batum arasında kerosin ötürülməsi dayandırılmışdır... Əgər bu itkini pula çevirsək Azərbaycan və Gürcüstan respublikaları ingilis komandanlığı rütbəlilərinin bu hərəkətlərinin ucbatından gündə bir neçə milyon rubl itirmişlər ki, bu da bizim sənayeni və maliyyəni məhv edir”.

Buna da bax: '100-ə nə qaldı?': Cümhuriyyət nazirləri: Doktor Həsən bəy Ağayev [6-ci yazı]

MƏMMƏD YUSİF CƏFƏROV BOLŞEVİKLƏRİN GÖZÜNDƏ

Bolşeviklər Azərbaycan Cümhuriyyətini yıxandan 4 il sonra Cəfərov həbs olunur. Azərbaycan Fövqəladə Komissiyasının (FK) həbs edilənlər və qeydə alınaraq saxlanılanlar üçün 1182 №-li anketindən: “Cəfərov Məmməd Yusif Hacıbaba oğlu, Az.SSR vətəndaşı, türk, 1885-ci ildə anadan olub, 40 yaşında, ali təhsilli (universitet qurtarıb), həyat yoldaşı Yekaterina - 31 yaş, evdar qadın, qızı Xəyalə - 8 yaş, şagird. Minə - 5 yaş, oğlu Məmməd Rauf - 5 aylıq, anası Minəbəyim - 70 yaş. Bitərəf, 4-cü dövlət Dumasının üzvü. Xüsusi Qafqaz Komitəsinin üzvü (Tiflis şəhərində). Müsavat dövründə nazir. Parlament sədrinin müavini, 28 dekabr 1924-cü ildə həbs edilib. Az.SSR CM-in 61, 68-ci maddələri ilə ittiham olunur”.

Buna da bax: '100-ə nə qaldı?': Rəsulzadə - müstəqil dövlət yaradan adam [7-ci yazı]

Məmməd Yusif Cəfərov və həyat yoldaşı Yekaterina Oçeorik-Paçarskaya
Məmməd Yusif Cəfərov və həyat yoldaşı Yekaterina Oçeorik-Paçarskaya

“SİYASİ GÖRÜŞLƏRİ ŞÜBHƏLİDİR”

Əslində, Məmməd Cəfər bəyə tutulmazdan xeyli öncə göz qoyublar. Əvvəl kimlərlə görüşdüyünü, oturub-durduğunu müəyyənləşdiriblər. “Cəfərov rəis kimi tabeliyində olanlarla çox mədəni davranır, ancaq qapalı adamdır, heç kimlə artıq şey danışmır. Yaxşı təəssürat oyadır, ancaq onun siyasi görüşləri şübhəlidir”. Hətta kommunistləri işə götürmədiyinin də fərqinə varıblar: “İnzibati maliyyə idarəsinin rəisi, Müsavat dövründə parlament üzvü Cəfərov Məmməd Yusif yanına işə götürülmək üçün göndərilən kommunistlərə “iş yoxdur” deyir, halbuki öz adamlarını qəbul edir. Son vaxtlar onun kabinetində keçmiş şəhər rəisi Kovalyov və Şirin bəy Səfərəlibəyov olur və hansısa mövzuda söhbət edirlər”.

Buna da bax: ‘100-ə nə qaldı?:’ ‘Azərbaycan davasının yorulmaq bilməyən vəkili’ – Topçubaşı [8-ci yazı]

“YAXŞI YAŞAYIR. HƏR CÜMƏ AVTOMOBİLLƏ ƏHMƏDLİDƏKİ BAĞA GEDİR”

Yenə arxivə üz tuturuq: “Cəfərov Nikolay rejimi dövründə 4-cü Dövlət Dumasının üzvü, Müsavat hökuməti dövründə Tiflisdə Gürcüstan menşevik respublikasında konsul olub. 1919-cu ildə xarici işlər naziri, 1920-ci ilin aprel inqilabı ərəfəsində Müsavat partiyası tərəfindən cümhuriyyət parlamentinin sədri təyin edilib. Müsavat partiyasının üzvü olub, arvadı rusdur, iki uşağı var, yaxşı yaşayır, hər cümə günü avtomobillə Əhmədlidəki bağa gedir”.

Buna da bax: ‘100-ə nə qaldı?’: Cümhuriyyət nazirləri: Ədliyyə naziri Xəlil bəy Xasməmmədli [9-cu yazı]

ONU NƏDƏ SUÇLAYIRDILAR?

Bolşeviklər hakimiyyəti onlara təhvil verən adamın varlığına ancaq 4 il dözə biliblər. 1924-cü ildə onu 2 nəfər Müsavat partiyası fəalının (Abbasqulu Kazımzadə və Məmməd Əli Rəsulzadədən söhbət gedir - red.) İrana keçirilməsinin təşkilində və mənzilində siyasi cəhətdən səbatsız şəxsləri toplayıb dövlət əleyhinə iş aparmaqda günahlandırıblar. İlk dəfə onu qeyri-rəsmi şəkildə Az. FK-nın ən yüksək vəzifəli şəxsləri, sədr və sədrin müavini dindirib, ancaq protokolu istintaq işinə əlavə etməyiblər. Lətif Şüküroğlunun fikrincə, işi aparanlar həmin dindirmənin qeyri-rəsmi xarakter daşıdığını nəzərə alıblar.

Buna da bax: ‘100-ə nə qaldı?’: Cümhuriyyət nazirləri: Milli təhlükəsizlik təşkilatının rəhbəri Nağı bəy Şeyxzamanlı [10-cu yazı]

İLK DİNDİRMƏ PROTOKOLUNDAN:

Sual: Siz Az. FK-nın sədri yol. Bağırovun mənzilində 28 dekabrda sədr müavini Qaber-Kom, Qorovçenkonun yanında dediyiniz sözləri təsdiq edirsinizmi?

Cavab: Tam təsdiq edirəm.

Sual: Həmin sözləri təkrar edin.

Cavab: 2 nəfər müsavatçının Bakıdan İrana yola salınmasında iştirakım olduğunu qəti inkar edirəm. Xarici missiyalarla əlaqəm olduğunu, mənzilimdə yığıncaqlar keçirdiyimi, kiməsə müxtəlif kağızlar və əşyalar olan zənbili saxlamağa verməyimi inkar edirəm”.

Buna da bax: ‘100-ə nə qaldı’: Cümhuriyyət nazirləri: daxili işlər naziri Behbud xan Cavanşir [11-ci yazı]

RƏSULZADƏNİN ŞƏRƏFİNƏ TOST?

Bundan sonra Cəfərovu daha ilginc məsələlərdə ittiham edirlər:

Sual: Sizin mənzilinizdə Ələkbər Məmmədov, Ağa İsmayıl Tağıyev, Əli Əsədullayev, Əziz bəy Tahirov, Yusif Məlikov, Baxış bəy Rüstəmbəyov, Məmməd Həsən Hacınski, Mirzə Məcid Qəniyev və Nərimanbəyli olublarmı və gəlişlərinin məqsədi?

Cavab: Adlarını saydıqlarınızın hamısı mənim tanışlarımdır və evimdə olublar, gəlişlərinin məqsədi preferans oynamaq olub. Xüsusilə həmin tanışlarım, yanıma Tiflisdən Hacınski gələndə, - Nərimanbəylidən başqa, o, həbs olunduqdan sonra mən də ondan qaçırdım və həmin vaxtdan mənim evimdə olmurdu, - yığılıblar.

Sual: Qonaqlar yığılanda hansısa içki içilir, tostlar deyilirdimi?

Cavab: Bəli içki olurdu. Hamının sağlığına içilirdi. Ancaq siyasi xarakterli tostlar olmurdu.

Sual: Bizdə olan məlumatlara görə, orada Əli Əsədullayev Məmməd Əmin Rəsulzadənin və gələcək nazirin sağlığına tost deyib.

Cavab: Kim tərəfindənsə belə tostlar deyildiyini xatırlamıram və inkar edirəm.

Sual: Sizə yığılan tanışlarınız müxtəlif təmayüllü və inamlı adamlar idilər. Necə olurdu ki, söhbət indiki vəziyyətdən, ümumiyyətlə siyasi mövzulardan düşmürdü?

Cavab: Bizim yığıncaqlarda siyasi mövzuda söhbətlər olmurdu və biz belə məsələlərə toxunmurduq.

Buna da bax: ‘100-ə nə qaldı?’: Cümhuriyyət nazirləri: son baş nazir Məhəmməd Həsən Hacınski [12-ci yazı]

ÜZLƏŞDİRİLMƏ. ƏBDÜLƏLİ BABAYEV: “BADƏSİNİ AXIRADƏK İÇDİ...”

Sual: Babayev, Cəfərovun mənzilində qonaqlar olanda həmin qonaqlıqda hansı tostlar deyilirdi və iştirak edənlərdən kim hansı tost deyirdi?

Cavab: İştirak edənlərin hər birinin sağlığına tostlar deyilməklə bərabər, belə hal olmuşdu ki, Əli Əsədullayev Məmməd Əmin Rəsulzadənin sağlığına tost demişdi. Həmçinin gələcək nazirlərin sağlığına tost deyilmişdi. Ancaq sonuncu sağlığı kimin dediyini xatırlamıram. Bu sağlıqlar ev sahibi Məmməd Yusif Cəfərovun yanında deyilmişdi və o, tosta cavab olaraq badəsini axıradək içdi.

Sual: Babayevin tost barəsində dedikləri həqiqətdirmi?

Cavab: Mənim evimdə kimsə tərəfindən belə tost deyilməyib, Babayev yalan danışır.

Buna da bax: ‘100-ə nə qaldı?’: Bağırovun şəxsən güllələdiyi əmək və əkinçilik naziri Əhməd bəy Pepinov [13-cü yazı]

“TÜRKİYƏDƏ BİZİM ÖZ ADAMIMIZ - RƏSULZADƏ VAR”

Daha bir nəfərlə - Hacı Əhmədlə üzləşdirilmə:

Sual: - Siz birinci dəfə, ikinci və üçüncü gecə Cəfərovun mənzilində nədən söhbət edirdiniz?

Cavab: - Məmməd Yusif Cəfərovun xahişi ilə mən İranda inqilab və Kiçik Xanla inqilabçıların apardıqları iş barədə danışdım. 10-15 gün sonra Babayev məni yenidən, Məmməd Yusif Cəfərovun xahişi ilə, onun mənzilinə apardı. Bu dəfə də yenə Cəfərovun iki qardaşı orada idi. İkinci gecə Məmməd Yusif mənə sübut etməyə çalışırdı ki, bolşeviklər İranda inqilabı necə boğdular və sonra buraya gəlib bütün ziyalıları güllələdilər. Söhbət yenə gecə yarısınadək çəkdi. Üçüncü dəfə Cəfərovun mənzilində 25 gün keçmiş oldum. O, söhbəti yenə əvvəlki mövzunun üstünə gətirərək dedi ki, siz mühacirlər bolşeviklərdən yaxşı heç nə gözləməyin, yaxşı olar birlikdə işləyək. İranda olan mühacirlər qoy bizimkilərlə işləsinlər. Burdakılar da bizimlə işləsinlər. Türkiyədə bizim öz adamımız - Məmməd Əmin Rəsulzadə var. Onun vasitəsilə çox şey Konstantinopoldan (İstanbuldan – red.) gəlir. Təşkilatın İranın bütün şəhərlərində öz adamları var. Mühacirlərlə birlikdə aparılan iş yaxşı nəticələr verə bilər. Mən bir neçə gün sonra Babayev vasitəsilə cavab verəcəyimi bildirdim. Sonra onunla əlaqə saxlamadım.

Buna da bax: Əli Kərimli: 'İlham Əliyev Cümhuriyyət dəyərlərinə sadiq olsaydı...' [video]

İŞDƏ QƏRİBƏ DÖNÜŞ. MİR CƏFƏR BAĞIROVUN TELEQRAMI

Maraqlıdır ki, birdən-birə işdə qəribə dönüş baş verib. Əvvəlcə Zaq.FK yanında Xüsusi müşavirə M. Y.Cəfərovun RSFSR-in şəhərlərindəki həbs düşərgələrindən birinə 3 il müddətinə sürgünə göndərilməsi haqqında qərar çıxarıb. Və birdən-birə Tiflisdən Bakıya bu məzmunda şifrli teleqram gəlib: “Y. Qorobçenkoya çatdırılsın ki, Cəfərov Məmməd Yusifi dərhal həbsdən azad etsin. Bağırov, şifrə açılmışdır 11.03. 1926”. Və daha bir sənəd: “Vət. Cəfərov Məmməd Yusif Hacıbaba oğlu Az DSİ-nin keçmiş sədri yol. Bağırovun şəxsi göstərişi ilə həbsdən azad edilmiş və sürgünə göndərilməsi dayandırılmışdır”.

HƏYATINI CƏHƏNNƏMƏ DÖNDƏRİRLƏR

Və Məmməd Yusif Cəfərov həbsdən azad edilir. Ancaq bu hələ son deyildi. Bir il sonra onu yenidən həbs edir və bir neçə gündən sonra buraxırlar. Çünki haqqında olan sürgün qərarı ləğv olunmamışdı. Üstəlik, sürgünə göndəriləcəyi Uraldan Bakıya aramsız məktub və teleqramlar axışırdı. Onu tələb edirdilər. Lətif Şüküroğlu yazır: “sürgün qərarı ləğv edilmədiyi üçün 1928-ci ildən başlayaraq onu yenidən çək-çevirə salır, həbsə atılmaq təhlükəsi ilə üz-üzə qoyurlar. Uzun əzablardan, yazışmalardan sonra o, vəziyyəti qismən də olsa, aydınlaşdıra, sürgündən canını qurtara bilir”.

Buna da bax: Cümhuriyyətin 100 illiyinə hazırlıq gedir

YENƏ İZLƏNİLİRDİ

Tam məxfi qrifli belə məlumatlardan birində deyilir: “2.09.1929-cu il tarixli tapşırıqla əlaqədar bildirilir ki, Cəfərov Məmməd Yusif Hacıbaba oğlu həqiqətən Nijne-Kladbişenski küçəsi 100/12-də yaşayır, ailəlidir, Bakı sakinidir, meşşan ailəsindəndir, əvvəllər “Az.pambıq”da direktor müavini işləyib. Hazırda öz ixtisası üzrə hüquqşünas kimi fərdi praktika ilə məşğuldur”.

“SÜRGÜN MƏNİM, HƏM DƏ AİLƏMİN NORMAL YAŞAYIŞINI POZUR”

1930-cu il yanvar ayının 2-də Məmməd Yusif Cəfərov Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinə yazırdı: “...Ötən il 28 sentyabrda mən yenidən Az. DSİ URSO-ya çağırıldım ki, XDSİ XM-in yuxarıda göstərilən qərarı ilə mən sürgünə göndərilməliyəm və izah etdilər ki, işdə mənim 1924-cü ildə qaldırılmış cinayət işinin ləğv olunması barədə məlumat yoxdur. Mənim həbsdən iki dəfə azad edilmə faktımın özü işin bağlanması və ləğvi üçün sübut olmalı idi. Buna baxmayaraq, iş keçmiş biabırçı məlumatlarla üçüncü dəfədir ki, yenidən qaldırılır və təhlükəli sürgün məni normal işləməkdən məhrum edir və mənim, həm də ailəmin normal yaşayışını pozur. Yuxarıda göstərilənlərlə əlaqədar Az. MECİ-yə mənim işimin ləğv edilmiş sayılması və həmişəlik dayandırılması üçün müraciət edirəm”.

Buna da bax: Azərbaycan tarixçiləri Bağırov cinayətlərinə necə haqq qazandırır...

SON SPİKERİN SON İCLASI

Azərbaycan Cümhuriyyətinin 1920-ci il aprelin 27-də keçirilən son iclasına parlament sədrini əvəz edən Məmməd Yusif Cəfərov sədrlik edirdi. Saat 23-də Azərbaycan parlamenti hakimiyyəti müqavimət göstərmədən bolşeviklərə təhvil vermək haqqında qərar çıxardı və bu qərarı Məmməd Yusif bəy şəxsən imzaladı. İki il öncə İstiqlal Bəyannaməsinə imza atan 24 nəfərdən biri olan bu şəxsə bolşevik hakimiyyəti ilk illər bəlkə də məhz bu səbəbdən dəymədi. Ancaq ilan əvvəl-axır öz xislətini ortaya qoymalıydı və qoydu da. Kimini həmən çaldı, kimini həyatını zəhərləyərək aradan qaldırdı. Məmməd Yusif Cəfərov ikincilərdəndi. Aramsız təzyiqlər, izlənmələr, istintaqlar “yaxşı yaşayan, hər cümə avtomobillə Əhmədlidəki bağ evinə yollanan” Cəfərovun səhhətini pozdu. O, 1938-ci ildə mayın 15-də cəmi 53 yaşında dünyadan köçdü və Şağan kəndində dəfn olundu...

Cümhuriyyət-100 davam edəcək.

XS
SM
MD
LG