Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 05:56

Azərbaycanla Ermənistan sərhədi necə müəyyən edilir?


Ermənistan Sünikdə sərhəddə neytral zona yaratmağa çalışır
Gözlə

No media source currently available

0:00 0:04:19 0:00

Ermənistan Sünikdə sərhəddə neytral zona yaratmağa çalışır

Azərbaycanın Ermənistanla sərhədlərinin demarkasiyası (müəyyən əraziləri (əsasən, mübahisəli) xüsusi işarələrlə ayırma) və delimitasiyası (dövlət sərhədi xəttinin müqavilə ilə müəyyən olunması) yekunlaşır.

Bunu Azərbaycan Təhlükəsizlik Şurasının katibi Ramil Usubov 10 noyabr bəyanatının müddəalarının icrasına münasibət bildirərkən deyib.

"Azərbaycanın milli maraqlarının bir zərrəsi də..."

Bəyanatın imzalanmasından artıq altı ay ötdüyünü xatırladan Təhlükəsizlik Şurasının katibi qeyd edib ki, bütün prosesin mükəmməl getdiyini demək hələ tezdir və görüləcək işlər çoxdur: "Azərbaycanın milli maraqlarının bir zərrəsi də nə güzəştə gedilir, nə də gözardına qoyulur".

Bəs ümumilikdə bu prosesin yekunlarından nə gözləmək olar? Yeri gəlmişkən, Azərbaycanda da indi bu məsələ ilə bağlı tez-tez belə bir sual eşidilir. Ötən əsrin 90-cı illərində Ermənistanın işğal etdiyi Qazax rayonunun yeddi, Naxçıvan Muxtar Respublikasının bir (Kərki) kəndinin və eləcə də bəzi digər ərazilərin taleyi necə olacaq?

A.Abbas
A.Abbas

"...Onlar, təbii ki, qaytarılmalıdır"

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aqil Abbas "Turan"a bildirib ki, ötən il noyabrın 10-da imzalanmış bəyanatın müddəalarının hamısı icra olunmalıdır: "Əgər həmin bəyanatda həmin kəndlər nəzərdə tutulubsa, onlar qayıtmalıdır. Sərhədlər dəqiqləşəndən sonra, - bu da bitmək üzrədir, - bizə aid olan ərazilər qaytarılacaq. Hansı ərazilər ki, anklav kimi Ermənistanın işğalı altında qalıb, onlar, təbii ki, qaytarılmalıdır. Sənədlər də var".

"Amma hadisələrin gedişatı göstərir ki,…"

"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlunun isə AzadlıqRadiosuna deməsinə görə, R.Usubov sərhədlərin demarkasiyası və delimitasiyası barədə danışarkən, yəqin ki, Qarabağ istiqamətini nəzərdə tutub: "Çünki, həqiqətən də, gündəmdə olan Qazaxın yeddi kəndi və Naxçıvanın Kərki kəndi məsələsi həll olunmayıb. Bir ara dedilər ki, guya bu 10 noyabr 2020-ci il tarixli bəyanatdan kənar razılaşdırılıb. Amma hadisələrin gedişatı göstərir ki, bu vaxtdan bəri böyük müzakirələr getməyib".

E.Şahinoğlu
E.Şahinoğlu

"Sanki bu məsələ yoxdur"

Politoloq qeyd edib ki, Azərbaycanın bu tələbi var: "Qazaxın yeddi kəndi və Naxçıvanın Kərki kəndi məsələsi bizim üçün aktual olaraq qalır. Çox maraqlıdır ki, Ermənistan tərəfi də bu barədə heç nə yazmır. Sanki bu məsələ yoxdur".

Ekspertin fikrincə, Azərbaycan tədricən məsələni gündəmə gətirməlidir: "Çünki bu məsələ də həll olunmalıdır. Üstəgəl də, bizim strateji tərəfdaş olan Gürcüstanla da hələ ki, sərhədlərimizi müəyyənləşdirməmişik. Uzun müddətdir ki, proses gedir".

E.Şahinoğlu vurğulayıb ki, Ermənistanla sərhədlər müəyyənləşdiriləcək, amma onun bunu qəbul edib-etməyəcəyi hələ ki, böyük sual altındadır: "Rusiya xarici işlər naziri Sergey Lavrov dünən (mayın 6-da) Ermənistanda səfərdə idi. Mətbuat konfransında Zəngəzur dəhlizi (Sünik vilayəti) ilə bağlı sualdan sonra belə bir fikir işlətdi ki, bunun üçün qarşılıqlı istək və razılıq olmalıdır. Onun sözlərindən elə çıxdı ki, əgər Ermənistan istəməsə, Zəngəzur dəhlizi işə düşməyəcək. Halbuki, 10 noyabr və 11 yanvar bəyanatlarında qəti surətdə yazılmışdı ki, kommunikasiya xətləri açılmalıdır, o cümlədən də Zəngəzur dəhlizi".

Lavrov Yerevanda nələrdən danışdı?
Gözlə

No media source currently available

0:00 0:01:51 0:00

"Seçki bitəndən və hökumət formalaşandan sonra…"

Politoloq deyir ki, Ermənistan hələ ki, buna razılıq verməyib: "Ölkə indi parlament seçkilərinə gedir və indi orada heç bir siyasətçi Azərbaycanla əməkdaşlıqdan danışmayacaq. Seçki bitəndən və hökumət formalaşandan sonra bəyanatların icrasına qayıdacaqlar. Azərbaycan üçün əsas məsələ Zəngəzur dəhlizinin açılmasıdır, çünki biz quru yolla Naxçıvana, oradan da Türkiyəyə çıxış yolunu əldə etməyə çalışırıq. Amma ermənilər həmin məsələni son günə qədər uzatmağa çalışacaqlar".

Xatırlatma

2020-ci ildə Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı. 44 günlük bu müharibə, sonrakı razılaşma nəticəsində Azərbaycan Dağlıq Qarabağın bir hissəsinə və ətraf yeddi rayona nəzarəti ələ alıb. Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında) əsasən, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir. Bu il yanvarın 11-də də Moskvada növbəti üçtərəfli bəyanat imzalanıb. Həmin bəyanat isə, əsasən, regionda nəqliyyat infrastrukturunun, iqtisadi əlaqələrin bərpa və genişləndirilməsini nəzərdə tutur.

Müasir mərhələdə Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik yeddi rayonu və daha bir çox kəndi işğal edilmişdi.

XS
SM
MD
LG