Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 20:35

Bələdiyyə tikinti üçün satıb, neft şirkəti sökdürür...


Ev yaxınlığında neft buruğu. Foto arxiv
Ev yaxınlığında neft buruğu. Foto arxiv

"Binagady Oil Company" şirkəti iddia edir ki, 2004-cü ildə bağlanmış sazişlə Azərbaycan hökuməti müəyyən ərazilərdə torpaq sahələrindən maneəsiz istifadəyə təminat verib. Amma bir sıra hallarda o ərazilərdən təyinatı üzrə istifadə edə bilmirlər. Çünki orada çoxlu sayda yaşayış evləri və başqa tikililər var.

Hazırda məhkəmələrdə neft şirkəti ilə həmin tikililərin sahibləri arasında xeyli məhkəmə çəkişmələri var. Bu mübahisələrdən biri də şirkətlə Amir Alıyev arasında iki ildir ki, davam edir. Şirkətin iddiasına görə, müqavilə üzrə ona aid sahədəki iki neft quyusunun təhlükəsizlik zolağı daxilində A.Alıyev özbaşına tikinti aparıb. Həmin tikili də o ərazidə neft-qaz əməliyyatları həyata keçirməyə imkan vermir. Hələ iki il əvvəl "Binagady Oil Company" məhkəmədə iddia qaldırıb ki, sözügedən tikili A.Alıyevin öz hesabına sökülsün, ərazi boşaldılıb şirkətə təhvil verilsin.

İş üçüncü dəfə apellyasiya məhkəməsinə göndərilib

Bu mübahisəyə bir dəfə Binəqədi məhkəməsində, iki dəfə Bakı Apellyasiya Məhkəməsində, iki dəfə də Ali Məhkəmədə baxılıb. Hələ də çəkişmə davam edir və apellyasiya instansiyası bir daha bu məsələni araşdırmalıdır. Çünki Ali Məhkəmə bu günlərdə həmin işi yenidən baxılması üçün növbəti dəfə ora göndərib.

Öncə Binəqədi Rayon Məhkəməsi şirkətin xeyrinə qərar verib və belə nəticəyə gəlib ki, tikinti sökülməlidir. Amma apellyasiya məhkəməsi o qərarı ləğv edib. Şirkətin şikayəti əsasında Ali Məhkəmə də vətəndaşın xeyrinə olan qərarı ləğv edib və işi təkrar araşdırma üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarıb. Apellyasiya məhkəməsi bu dəfə də vətəndaşın xeyrinə qərar verib. Əvvəlki kimi, yenə də neft şirkəti Ali Məhkəməyə üz tutub. Bu qurum mayın əvvəlində bir daha apellyasiya məhkəməsinin qərarını ləğv edərək işi üçüncü dəfə ora göndərib.

Mübahisəli ərazidəki 250 kvadratmetrlik torpaq sahəsi 2007-ci ilin noyabrında Binəqədi qəsəbə bələdiyyəsinin sərəncamıyla, yaşayış evinin tikintisi üçün Hürü Nəcəfovaya ayrılıb. Bələdiyyə ilə vətəndaş arasında bu barədə alqı-satqı müqaviləsi imzalanıb. H.Nəcəfova təxminən il yarım sonra o torpaq sahəsini etibarnamə ilə A.Alıyevə verib.

"Binagady Oil Company"nin nümayəndəsi Rəşad Məmmədov bildirib ki, şirkət hələ 2009-cu ildə sərəncamında olan ərazilərdəki qanunsuz tikililərlə bağlı monitorinq keçirəndə həmin tikintini də qeydə alıb. 2012-ci ildə bələdiyyənin o ərazinin satılması barədə sərəncamının ləğvi üçün məhkəmədə iddia qaldırıb. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi də 2012-ci ilin noyabrında bələdiyyənin sərəncamının etibarsız sayılması haqda qərar çıxarıb.

Ali Məhkəmənin yanvar qərarında deyilirdi ki...

Cavabdeh A.Alıyev isə məhkəmədə bildirib ki, nə torpaq sahəsi ona aiddir, nə də mübahisəli tikili. Onun sözlərinə görə, 2009-cu ildə verilmiş etibarnamə bir müddət sonra ləğv edilib. O ərazidəki tikili isə atasının xalası oğlu Malik Şahnəzərova məxsusdur.

Ali Məhkəmə hesab edir ki, apellyasiya instansiyası bu mübahisəni araşdırarkən M.Şahnəzərovu da çağırıb dindirməliydi, bələdiyyə və yerli icra hakimiyyətinin nümayəndələrinin iştirakıyla əraziyə baxış keçirilməliydi və s. Ona görə də apellyasiya məhkəməsinin qərarı ləğv olunub.

Ali Məhkəmə bu ilin yanvarında "Binagady Oil Company"nin Qeybəli Məmmədov adlı başqa bir vətəndaşa qarşı eyni tələblə iddiası üzrə də qərar vermişdi. Ali Məhkəmə o işdə Avropa Məhkəməsinin "Öner Yıldız Türkiyəyə qarşı" qərarına istinad etmişdi. 2004-cü ildə çıxarılan sözügedən qərarda Avropa Məhkəməsi sənədləri olmayan gecəqonduda yaşayanların o tikili ilə bağlı mülkiyyət hüququnu tanıyıb. Avropa Məhkəməsi hesab edir ki, əgər şəxs uzun müddət bir yerdə yaşayır, kommunal xidmətlərdən istifadə edib, haqqını ödəyirsə, deməli, dövlət avtomatik onun mülkiyyət hüququnu tanımış olur. Bu halda, şəxsin həmin əmlakdan məhrum edilməsi onun mülkiyyət hüququnun pozulmasıdır.

XS
SM
MD
LG