Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 05:18

Azərbaycanda uşaqlar arasında dron olimpiadası


Azerbaijan -- British Formula One driver Lewis Hamilton of Mercedes AMG GP in action
Azerbaijan -- British Formula One driver Lewis Hamilton of Mercedes AMG GP in action

İyulun 1-də və 2-də Azərbaycanda uşaqlar arasında dron olimpiadası keçirilib. Belə olimpiada Azərbaycanda məktəblilər arasında 2016-cı ildən keçirilir.

Təşkilatçıların deməsinə görə, məqsəd ölkə gənclərində dron texnologiyasına marağı artırmaqdır. Amma ölkədə artıq bir neçə ildir bununla parallel dronla çəkilişlərə də əngəllər yaradıldığı bildirilir.

Jurnalistlər dronla çəkilişlərə görə, hətta polisə aparılır. 2021-ci ildə bloqer Mehman Hüseynov polis tərəfindən saxlanılmışdı, onun çəkiliş etdiyi dronu müsadirə edilmişdi.

Daxili İşlər Nazirliyi da o zaman yerli mediaya bildirmişdi ki, Mehman Hüseynov icazəsiz olaraq dron əldə etdiyi üçün saxlanılıb. Qurumdan qeyd olunmuşdu ki, onlara Mehman Hüseynovun istifadəsinə xüsusi icazə tələb olunan dron aparatını ölkəyə gətirməsi barədə əməliyyat məlumatı əldə olunub.


Azərbaycana dron gətirmək üçün hansı qaydalar var?

Dronları ölkəyə gətirmək də çətin və bürokratik əngəllərlə dolu prosedurun olduğu deyilir.

2016-cı ildə “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişiklik ediləndəndən sonra məsafədən idarə edilən pilotsuz uçan aparatları məhdudlaşdırılan əşyalar siyahısına əlavə edilib.

Qanunvericiliyə görə, Azərbaycana dron gətirmək üçün 6 qurumdan icazə almaq lazımdır. Yəni, məsafədən idarə edilən pilotsuz uçan aparatları Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti və Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin rəyləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən verilir.

Ekspertlər isə hesab edir ki, bu qaydalar kağızda olmasa da faktiki olaraq ölkəyə dronların gətirilməsini demək olar ki, mümkünsüz edir.

Mülki Aviasiya Agentliyindən Turana bildirilib ki, PUA-ların dövriyyəsinə xüsusi icazə almış şəxslər quruma müraciət edərək Agentliyin 2019-cu il 25 yanvar tarixli 3 nömrəli Əmri ilə təsdiq edilmiş "Mülki pilotsuz uçan aparatların qeydiyyatı və uçuşlarına icazəyə dair Müvəqqəti Prosedur”a əsasən PUA-nı qeydiyyata ala bilərlər.

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aqil Abbas isə Turana bildirib ki, dronların ölkəyə gətirilməsi və ölkədə istifadə olunması prosedurun mürəkkəb olması təhlükəsizliklə bağlıdır: “Burada mediaya və çəkilişə əngəllərdən söhbət gedə bilməz. Korrupsiya faktlarını çəkmək üçün mütləq dron lazım deyil ki, buna görə drona hansısa əngəl olsun”.

Deputatın fikrincə, Azərbaycan illərdir müharibə şəraitində olan ölkədir və təhlükəsizliyə önəm vermək lazımdır.

Vətəndaş Hüquqları İnstitutunun rəhbəri Bəşir Süleymanlı isə AzadlıqRadiosuna bildirib ki, ölkəyə məsafədən idarə olunan uçuş aparatlarının gətirilməsinə və istifadəsinə qoyulmuş qeyri-rəsmi əngəl ifadə azadlığının pozulmasıdır: “Jurnalistlərin sərbəst informasiya toplamaq hüququ var və belə texniki vasitələrdən istifadə etməklə məlumatı daha rahat şəkildə əldə etmək olar. Bu qadağa təkcə dronlara deyil, kiçik kameraları da ölkəyə gətirməsi və istifadəsi məhdudlaşdırılıb”.

Ekspertin sözlərinə görə, bu problem uzun müddətdir davam edir. “Bu, vətəndaşların və əsasən də jurnalistlərin informasiyanı daha yaxşı toplamasının, daha çox korrupsioner məmurların mülklərinin aşkara çıxarılmasının qarşısını almaq üçün edilir. Ölkədə dronlar var, onlar kinoların, toyların çəkilişlərində istifadə olunur, dronlarla bağlı olimpiadalar təşkil olunur. Amma vətəndaşların özləri üçün istədikləri kimi dronları ölkəyə gətirilməsini əngəlləyirlər ki, maksimim şəkildə bu prosesi nəzarətdə saxlasınlar və kütləviləlik azalsın”.

Hüquq müdafiəçinin sözlərinə görə, dronlar əlçatan olduqda daha çox insan ondan istifadə edəcək və korrupsiya faktları daha çox aşkara çıxacaq: “Buna reaksiyaları hökümət əvvəlcədən hesablayıb və düşünürəm ki, məhz bu səbəbdən məhdudiyyətlər qoyub”.


Xatırlatma

Mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların dövriyyəsinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında Azərbayan Prezidentinin fərmanına görə, pilotsuz uçuş aparatlarının tənzimlənməsi, idarə edilməsi və digər istifadəsi ilə bağlı bütün səlahiyyətlər Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyinə verilib.

İnkişaf etmiş ölkələrdə mülki dronlardan istifadə ilə bağlı qadağa yoxdur. Bakıda xüsusi icazə alınması zərurəti antidemokratik tələb kimi qiymətləndirilir. Halbuki rəsmilər Azərbaycanda bütün azadlıqların və insan hüquqlarının qorunduğunu bildirir.

XS
SM
MD
LG