Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 16:52

Azərbaycan növbəti böyük, beynəlxalq layihəsini işə saldı, sonra... [video]


Bu gün, oktyabrın 30-da (2017), Azərbaycan növbəti böyük, beynəlxalq layihəni işə saldı. Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin açılış mərasimi keçirildi.

Mərasimə Türkiyə prezidenti Receb Teyyub Erdoğan, Gürcüstan, Qazaxıstan, Özbəkistan baş nazirləri qatılıblar.

Hakimiyyət rəsmiləri Qədim İpək Yolunun üzərində inşa olunmuş dəmiryolunun Azərbaycan üçün iqtisadi və siyasi baxımdan əhəmiyyətli olduğunu desə də, buna şübhə edənlər də var.

Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin uzunluğu 846 kilometrdir, bunun ən böyük hissəsi - 504 kilometri Azərbaycandadır, 263 kilometri Gürcüstandan, 79 kilometri Türkiyədən keçir.

Buna da bax: Bakı-Tbilisi-Qars işə düşdü

Dəmiryolunun tikintisi ilə bağlı saziş 10 il əvvəl - 2007-ci ildə Tbilisidə imzalanıb.

Azərbaycan hökuməti bu layihəyə 640 milyon dollar xərcləyib.

Gürcüstan hissəsinin tikintisini də Azərbaycan maliyyələşdirib. Azərbaycan Gürcüstana ümumi 775 mln. dollar olan iki imtiyazlı kredit ayırıb.

Bakıda, müxalif ReAl Hərəkatının icra katibi, iqtisadi təhlilçi Natiq Cəfərli deyir ki, Azərbaycan bu qədər pul qoydu, amma qoyduğu çıxartmaq üçün azı gərək 20-25 il gözləsin. Onun sözlərinə görə, Bakı-Qarsda gərək elə tarif və sürət təklif olunsun ki, beynəlxalq yükdaşıyanlara sərf eləsin. Çünki yeni dəmir yolu bu bazarda tək deyil:

Natiq Cəfərli
Natiq Cəfərli

“Əsas rəqib təbii ki, Çinlə Rusiya arasındakı dəmiryolu xəttidir. iki il bundan öncə yeni bir müqavilə bağlandı ki, daha sürətli və ucuz daşımalar həyata keçirilsin. Bu xətt, Çindən, Rusiya və Qazaxıstan ərazisindən keçməklə fəaliyyət göstərir. Yol təqribən 14-18 günə Çin yüklərini Avropaya çatmasını həyata keçirir. Ən böyük rəqib bu layihə olacaq”.

Buna da bax: Bakı-Tbilisi-Qars - əvvəlcə yük, sonra...

Natiq Cəfərli deyir ki, Bakı-Qarsın tərəfdaşları həm də Xəzər dənizi amilini nəzərə almalıdırlar. Belə ki, yük Aktauya qədər gəlir, burdan Rusiya ərazisinə dəmiryolu ilə gedir, Bakı-Qars yolu üçün isə yük Xəzərdən bərə ilə keçirilməlidir, bu da daşımanı yubada bilər.

Türkiyə Prezidenti Receb Teyyub Erdoğan isə Bakıda layihə haqda bunları deyib:

Erdoğan
Erdoğan

“Sürətli qatar xətlərinin dövriyyəyə buraxılması ilə Çindən gələn yük, Bakı-Tbilisi-Qars dəmiryolu vasitəsilə orta koridor üzərindən Avropa Birliyi ölkələrinə 12-15 gündə çatacaq. Hazırda Çin üzərindən Avropaya gedən yük miqdarı 240 milyon tonun üzərindədir. Ölkələrimizdən keçən orta koridordan bu yükün yüzdə 10-nun daşınması ilə 24 milyon ton əlavə yük daşınacaq”.

Buna da bax:​ Milli Şura Bakıda mitinq keçirdi (Foto, Video. Yenilənir)

“Azərtac” yazır ki, bu dəmiryolu, Mərkəzi Asiya ölkələrinin - Türkmənistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Tacikistan, həmçinin Əfqanıstanın Avropa və dünya bazarlarına çıxışını asanlaşdıracaq.

Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin açılış mərasimi. Ələt. 30okt2017
Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin açılış mərasimi. Ələt. 30okt2017

Amma Natiq Cəfərli bu arqumentlə razılaşmır, deyir ki, adı çəkilən ölkələrin onsuz da Avropaya çıxarmağa kifayət qədər məhsulu yoxdur.

"Bakı-Tbilisi-Qars həm də ilk mərhələdə bir milyon sərnişin daşıya biləcək. Beləliklə, Bakıda qatara minib, Qarsa, oradan da İstanbula getmək mümkün olacaq".

Buna da bax: 'Prezident deyir varlı ölkəyik. Varlı ölkənin belə kitabxanası olarmı?'

Uzaq səfərlərə Bakıdan işləyən qatarların keyfiyyəti sizi nə qədər qane edir? Bu sualı Bakı sakinlərindən soruşmuşuq.

Prezident İlham Əliyev açılış mərasimində deyib ki, bu dəmiryolu Avropa və Asiyanı birləşdirən ən qısa yoldur.

İlham Əliyev açılış zamanı
İlham Əliyev açılış zamanı

“Bu yol sabitliyə, təhlükəsizliyə xidmət edəcək, qarşılıqlı investisiyaları artıracaq, turizmin inkişafına töhfə verəcək”.

Natiq Cəfərli isə bildirir ki, layihənin iqtisadi önəmindən daha çox siyasi önəmi var, bu layihə Əliyev hakimiyyətinə siyasi divident gətirir. Onun sözlərinə görə, Qərb ölkələri heç bir vəsait xərcləmədilər, amma Azərbaycan öz hesabına Qərb üçün Rusiyaya alternativ bir yol çəkdi. Bu da Qərbin Azərbaycan hakimiyyətinə qarşı daha yumşaq mövqe tutmasına səbəb ola bilər.

Buna da bax: Avropa Birliyi BTQ-ni dəstəkləyir

Avropa Birliyinin Bakı ofisi bəyanat yayıb, layihəni nəqliyyat sistemində böyük addım kimi qiymətləndirib.

İlham Əliyev və Receb Tayyib Erdoğan bakı-Tbilisi-Qars dəmiryolunun açılışı zamanı. Ələt. 30okt2017
İlham Əliyev və Receb Tayyib Erdoğan bakı-Tbilisi-Qars dəmiryolunun açılışı zamanı. Ələt. 30okt2017

Buna da bax: Keçmiş amerikalı diplomatlar: Əliyevlə sərt davranın

Bu dəmir yolu xətti Azərbaycanın müstəqillik qazanmasından bu yana Ermənistandan yan keçməklə həyata keçirdiyi ən böyük enerji və nəqliyyat layihələrindən biridir. Bundan əvvəl də Azərbaycan Bakı-Tbilisi-Ceyhan neft kəmərini, Bakı-Tbilisi-Ərzurum qaz kəmərini işə salıb. Hazırda isə TANAP kimi daha bir beynəlxalq qaz nəqli layihəsi üzərində iş gedir.

XS
SM
MD
LG