Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 01:58

Bakının Rusiya Müdafiə Nazirliyinə müraciəti: Qarabağa qanunsuz gələnlərin qarşısı alınsın


Rusiya sülhməramlılarının Laçın yolundakı nəzarət postlarından biri, 1 dekabr 2020
Rusiya sülhməramlılarının Laçın yolundakı nəzarət postlarından biri, 1 dekabr 2020

Azərbaycanın Müdafiə Nazirliyi başqa ölkələrə aid nəqliyyat vasitələrinin Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərinə qanunsuz keçməsi ilə bağlı Rusiyanın Müdafiə Nazirliyi və Sülhməramlı qüvvələrin komandanlığına məktublar ünvanlayıb.

Bu barədə sentyabrın 12-də Azərbaycanın Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, məktublarda qeyd olunub ki, bu kimi hallar Azərbaycan və Rusiya Prezidentlərinin, Ermənistan Baş nazirinin 2020-ci il noyabrın 10-da imzaladığı üçtərəfli bəyanata ziddir:

“ Onların qarşısının alınması xahiş olunub”

Açıqlamaya görə, Azərbaycanın razılığı olmadan digər ölkələrin hüquqi, fiziki şəxsləri və onlara aid nəqliyyat vasitələri Azərbaycan ərazisinə daxil ola bilməz:

“ Bu kimi hallar ölkəmizin qanunlarının pozulmasıdır” deyə məlumatda vurğulanır.

Son aylar sosial şəbəkələr və bəzi media orqanlarında isə İrana məxsus yük avtomobillərinin Azərbaycanın nəzarət edə bilmədiyi ərazilərinə qanunsuz yük daşımaları ilə bağlı məlumatlar yayılır.

Azərbaycan Xarici İşlər Nazirliyi də bu il avqustun 11-də bu məsələ ilə bağlı İran səfirinin bu idarəyə çağırılması haqqında məlumat yaymışdı.

“Görüşdə səfirin diqqəti İran İslam Respublikasına məxsus yük avtomobillərinin Qarabağa qanunsuz səfər etməsi ilə bağlı aşkar edilmiş arzuolunmaz faktlara cəlb edilib və bununla bağlı qarşı tərəfə nota təqdim edilib.”,deyə həmin məlumatda da bildirilirdi.

Hələlik, bütün bu deyilənlərə, İranın Azərbaycandakı səfirliyindən münasibət almaq mümükn olmayıb.

Bundan başqa, habelə Ermənistanın özündən də yük avtomobillərinin Azərbaycanın nəzarət etmədiyi ərazilərinə qanunsuz keçməsi ilə bağlı da məlumatlar yayılmaqdadır.
Bu məlumata Ermənistan tərəfdən də, hələlik, münasibət bildirilməyib.

Xatırlatma

Qarabağ münaqişəsi ilə bağlı Azərbaycan və Ermənistan arasında onilliklərdir gərginlik var.Bu münaqişə Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi. Amma 2020-ci ildə, 44 günlük İkinci Qarabağ müharibəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Onda həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

XS
SM
MD
LG