Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 02:50

18-yaşlı gənc: ''Bandotdel'də dubinkanın başına yaş əski bağlayıb, ürəyim gedənə qədər döydülər'


Baku court
Baku court

Həbs olunarkən müxtəlif saytlarda, sosial şəbəkələrdə “İran casusu” kimi tanıdılıb, fotosu paylaşılıb, özünə də narkotik ittihamı verilib. Bu dəfə söhbət çoxsaylı dini inanclıların daha birindən - 18 yaşlı Murad Yarıyevdən gedir. Onun işinə üç aya yaxındır Bakı Ağır Cinayətlər Məhkəməsində baxılırdı. Oktyabrın 4-də məhkəmə yekunlaşıb və dini inanclı gəncə 3 il həbs cəzası kəsilib.

Yarıyev deyir ki, bu ittiham da saxtadır, narkotikin ona heç bir aidiyyəti yoxdur. Onun sözlərinə görə, həbsinin gerçək səbəbi dini baxışları, özəlliklə ilahiyyatçılar Taleh Bağırovu, Abgül Süleymanovu müdafiə etməsidir.

Yarıyevi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (el arasında “bandotdel” adlandırılır - red) əməkdaşları saxlayıb. O, məhkəmədə danışıb ki, bu idarədə dözülməz işgəncələrə məruz qalıb:

“Yumruğu sifətimə elə vururdular ki, dişlərim sınıb töküldü. İndi də görünür. Məni o qədər döymüşdülər ki, bədənim gömgöy idi. “Dubinka”nın başına yaş əski parçası bağladılar, ürəyim gedənə qədər döydülər”.

Onun sözlərinə görə, hətta cinsiyyət orqanına da zərbə vururlarmış.

“Bu mənim əqidəmdir, cinayət deyil”

Boynundakı qılınc təsvirinə görə isə ayrıca döyülüb:

“Məni Zülfüqar qılıncına, dini inancıma görə öldürəcəklərsə, öldürsünlər. Bu mənim əqidəmdir, cinayət deyil...”.

O, oktyabrın 4-də hökmdən öncə son sözündə də təqsirsiz olduğunu vurğulayaraq, məhkəmədən bəraət istəyib.

Yarıyevə Cinayət Məcəlləsinin 234.4.3 (satış məqsədilə külli miqdarda narkotik əldəetmə, daşıma, saxlama) maddəsilə ittiham verilmişdi. Bu maddədə 5 ildən 12 ilədək həbs cəzası nəzərdə tutulub.

Məhkəmə ona bəraət verməyib, ancaq ittihamı Cinayət Məcəlləsinin 234.1-1 (satış məqsədi olmadan külli miqdarda narkotik əldəetmə, daşıma, saxlama) maddəsinə tövsif edib. Başqa sözlə, satış məsələsini aradan qaldırıb. Hökmə əsasən, M.Yarıyevin üzərində narkotik olsa da, onun satış məqsədi olmayıb.

Bu maddənin sanksiyasında 3 ildən 8 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub. M.Yarıyevə 3 il həbs cəzası kəsilib.

Anası Təranə Yarıyeva oğlunun günahsız olduğunu, şərlənərək həbs edildiyini deyir. Onun sözlərinə görə, Murad həbs olunanda 18 yaşı yeni tamam olmuşdu, hərbi xidmətə getməyə hazırlaşırdı:

“Həmin gün məni xəstəxanadan çıxarıb gətirmişdi. Evdən çıxdı ki, gedib özünə dönər alsın. Bir daha qayıtmadı. Narkotik hara, Murad hara?”.

M.Yarıyev haqqında hökmdən apellyasiya şikayəti veriləcək.

Xatırlatma

“Müdafiə Xətti” hüquq-müdafiə təşkilatının bilgisinə görə, 2023-cü il ərzində ölkədə yüzlərlə dini inanclı şəxs narkotik ittihamıyla həbs olunub.

Təşkilat bildirib ki, bu şəxslərin bir çoxunun işi üzrə məhkəmə proseslərinin monitorinqini aparır və ittihamların əsaslı olmasına ciddi şübhələr var.

Həbs olunan şəxslər də özlərini təqsirli bilmir, şərləndiklərini, işgəncəyə məruz qaldıqlarını söyləyirlər.

Daxili İşlər Nazirliyinin mətbuat xidməti isə bu iddiaları təkzib edib. Nazirlikdən bildirilib ki, həbs olunan şəxslər konkret faktlar əsasında saxlanılıb. Onların işgəncə haqqında dedikləri isə məsuliyyətdən yayınmaq cəhdidir.

XS
SM
MD
LG