Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 22:26

Yazıçı Baninin vəsiyyətnaməsi ilk dəfə Azərbaycan dilində...


Banin
Banin

Dünən-oktyabrın 23-də yazıçı Baninin vəfatının 24-cü ili tamamlandı.

Fransada yaşamış Azərbaycan kökənli yazıçı Ümm-əl-Banu Əsədullayeva (Umm-El-Banine Assadoulaeff-18 dekabr 1905 - 23 oktyabr 1992) məşhur neft milyonçuları Musa Nağıyevlə Şəmsi Əsədullayevin nəvəsi, Azərbaycan Cümhuriyyəti dövründə iqtisadiyyat naziri olmuş Mirzə Əsədullayevin qızıdır.

Məcburi mühacirətdən sonra (1922) Fransaya yerləşən xanım Əsədullayeva Banin (Banine) təxəllüsü ilə yazmağa başlayıb və Parisdə belə tanınıb.

Banin 11 kitabın müəllifidir. Azərbaycan dilinə onun iki kitabı – «Qafqaz günləri» və «Paris günləri» romanları çevrilib.

Azər Zeynallı Parisdə təhsil alarkən, Baninlə bağlı araşdırmalara başlayıb və onun ölümündən bir il öncə fransızca yazdığı vəsiyyətnaməsini Azərbaycan türkcəsinə çevirərək AzadlıqRadiosuna yollayıb.

Paris, 31 oktyabr 1991

Mən, Banin kimi tanınan, Ümməlbanu Əsədullayeva, sağlam bədən və ruhla bəyan edirəm:

1) Société Générale-ın Kleber 43, 16-cı dairə, Paris ajansındakı iki - cari və xüsusi hesaba

2) Caisse d'Epargne-ın, Meksiko meydanı, 16-cı dairə, Paris ajansındakı iki - A və CODEVİ hesabına mənim adıma qoyulmuş bütün pulları Parisin 11-ci dairəsində yaşayan Rolf Stürmerə vəsiyyət edirəm.

Ona, mənim ədəbi varisim olmaq hüququnu verir və bütün əlyazmalarımı və qeydlərimi ona vəsiyyət edirəm. Xanım J.-dən xahiş edirəm ki, mümkün ola biləcək tərcümə üçün Ernst Yüngerlə olan yazışmalarımı və ya ən maraqlı məktubların surətini ona versin. Eləcə də bütün kitablarımı və Ernst Yünger və İvan Buninlə yazışmalarım xaric, bütün yazışmalarımı ona vəsiyyət edirəm.

Əgər istəyirsə, plastik torbaya qoyulmuş gümüş çəngəl-bıçaq dəstimi də götürə bilər.

Eləcə də, bütün kitablarımı ona vəsiyyət edirəm.

Əşyalarımı, mebellərimi və yuxarıda qeyd edilən iki məktublaşmamı Parisin 16-cı dairəsində yaşayan xanım J.-ə vəsiyyət edirəm.

Böyük yaşayış yeri üçün faydalı olacaq kiçik yaşayış yerimi boşaltdığıma görə xoşbəxtəm.

Ondan mənim kameya sancağımı bacımın nəvəsi xanım K.-ə verməsini xahiş edirəm.

Ondan bacım Kübra tərəfindən çəkilən portretimi Bakı muzeyi üçün Ramiz Abutalıbova verməsini xahiş edirəm.

Ondan ikonanı, gümüş xaçla qızıl boyunbağını, kiçik gümüş südqabını və qara paltomu xanım M.-aya verməsini xahiş edirəm. Onu, həmçinin, xanım L.-nu maraqlandıracaq paltarlarımdan seçmələrini təklif etməyi xahiş edirəm. Xanım L.-un telefonu və ünvanı.

Banin

P.S. Qara yun şalımı Dr.M.-a verməsini xahiş edirəm.

XS
SM
MD
LG