Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 20:26

Maliyyə Nazirliyi faizləri 'dibə' saldı


Maliyyə Nazirliyi
Maliyyə Nazirliyi

Sentyabrın 19-da keçirilmiş son hərracda investorlar birillik istiqrazları almaqdan ötrü Maliyyə Nazirliyi ilə 7.66 faiz gəlirliliyə razılaşıblar. Bakı Fond Birjası bu haqda məlumat verir. Bir il əvvəl, elə həmin gün dövlət istiqrazlarına görə faizlər bundan iki dəfə çox - 15 faizin üzərində idi.

Mərkəzi Bankın (AMB) sentyabrın 18-də uçot dərəcəsini 15 faiz səviyyəsində saxlamaq barədə qərarında deyilir ki, ölkədə pul bazasının artımı bank sistemində izafi likvidliyin akkumulyasiyası ilə müşayiət olunur. Sadə dildə desək, AMB indi dövriyyəyə daha çox manat buraxıb, amma banklar kredit aktivliyini bərpa etmədiklərinə görə pullar elə banklarda «yatıb qalır». Elə bu səbəbdəndir ki, qiymətli kağızlar bazarının əsas oyunçuları olan bankların hətta aşağı faizlərlə belə dövlət qiymətli kağızlarına sərmayə etməkdən başqa əlacları qalmayıb. Bunu isə ekspertlər deyirlər.

EKSPERT: «YÜKSƏK TƏLƏB FAİZ GƏLİRLƏRİNİ AŞAĞI «DARTIR»

Bazarda maliyyə alətlərinin qıt olmasına diqqəti çəkən kapital bazarları üzrə ekspert Cəfər İbrahimov Maliyyə Nazirliyinin faizləri süni şəkildə aşağı çəkməsi fikriylə razılaşmır. O, AzadlıqRadiosuna söyləyir ki, burada bazarın əsas meyarı – tələb-təklif öz sözünü deyir. Maliyyə Nazirliyi bazara bəlli həcmlərdə istiqraz çıxarır. Aşağı faizlə razılaşan banklarda «pul bolluğu» yaşanır. Yüksək tələb isə faiz gəlirlərini aşağı «dartır».

BANK KREDİT VERSİN Kİ, DAHA ÇOX QAZANSIN

Bəs dövlət istiqrazları üzrə faizlər haraya qədər düşə bilər? Depoziti hazırkı faiz dərəcəsindən daha yüksək faizlə əhalidən cəlb edən banklar bundan itirməyəcəklərmi? Bu suala da təhlilçi C.İbrahimov cavab verir. O hesab edir ki, bu nöqtədən sonra banklar investisiya fəaliyyətinə yenidən nəzər salıb, nəhayət kredit vermə imkanlarını müzakirə edəcəklər. Başqa sözlə, «qazancı faizdən çıxan» maliyyə institutları pulu qiymətli kağızlara deyil, yavaş-yavaş iqtisadiyyata yönəltmək haqda fikirləşməlidirlər.

BANKLARIN KREDİT PORTFELİ 23.5 FAİZ BOŞALIB

İqtisadiyyata kredit qoyuluşunun azalmasını, dövriyyədə pulun artdığını AMB-nin statistik göstəriciləri də təsdiqləyir. Son bir ildə bankların iqtisadiyyata kredit qoyuluşları 23.5 faiz azalaraq, 16.2 milyard manatdan (1 avqust 2016-cı il) 12.4 milyard manata düşüb. Sentyabrın əvvəlinə dövriyyəyə buraxılan pul 8.5 milyard manata yaxınlaşıb. Bu, bir il əvvəlki göstəricidən 14.2 faiz çoxdur.

XS
SM
MD
LG