Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 03:43

Baş prokuror deyir ki, Trump-ın tvitləri onu işləməyə qoymur


Donald Trump (sağda) və baş prokuror Bill Barr
Donald Trump (sağda) və baş prokuror Bill Barr

ABŞ-ın baş prokuroru deyib ki, prezident Donald Trump-ın bəzi tvitləri “ona öz işini görməkdə mane olur”.

O ABŞ prezidentini Ədliyyə Nazirliyinin işləri barədə tvit yazmamağa çağırıb.

Eyni zamanda ABŞ-ın həm də ədliyyə naziri olan William Barr fevralın 13-də deyib ki, onu heç kəs “gözümçıxdıya sala bilməz”.

Barr bu fikirlərini ABC News telekanalına bildirib. Bundan bir neçə gün əvvəl Ədliyyə Nazirliyi çox qeyri-adi bir addım ataraq prokurorların Trump-ın müttəfiqi və yaxın adamı Roger Stone üçün istədiyi cəzanın azaldılması barədə qərar qəbul etmişdi.

Trump-a sadiqliyi ilə tanınan Barr Ədliyyə Nazirliyinin bu addımına görə demokratlar tərəfindən kəskin tənqid olunub.

Onlar deyirlər ki, bu qərar Trump-ı müdafiə etmək məqsədi güdür.

Stone ötən ilin noyabrında Konqresə yalan deməkdə, ədalətin qarşısını almaqda və şahidlərə təzyiq göstərməkdə təqsirli bilinib.

Trump fevralın 11-də açıq şəkildə narazılıq bildirmişdi ki, Stone üçün prokurorlar tərəfindən istənmiş 7 ildən 9 ilədək azadlıqdan məhrumetmə cəzası “çox dəhşətli və ədalətsizdir”.

Prezident bu məsələ barədə Ədliyyə Nazirliyi ilə danışmadığını iddia etsə də, Barr-ı bu məsələ barədə “ölçü götürdüyünə” görə tərifləmişdi.

O bu iş üzrə hakimi və bir jürini tənqid etmişdi.

Barr ABC-yə deyib ki, “istər Konqres olsun, istər hər hansı qəzetin redaksiyası, istərsə də prezidentin özü, onu nə gözümçıxdıya sala, nə də ona təzyiq göstərə” bilər:

"Mən düzgün bildiyimi edirəm. Bilirsinizmi...mən arxamda mənə pəl vuran daimi şərhlər ucbatından burda nazirlikdə öz işimi görə bilmirəm”.

Barr deyib ki, Ədliyyə Nazirliyinin cinayət araşdırması işləri barədə tvit yazmağı dayandırmaq lazımdır.

Baş prokuror əlavə edib ki, o, bu sözlərinin prezidentin xoşuna gəlməyəcəyini bilir.

XS
SM
MD
LG