Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 15:50

Bayden Zelenskiyə dəstək vəd edir


Volodimir Zelenski (solda) və Co Bayden, arxiv fotosu
Volodimir Zelenski (solda) və Co Bayden, arxiv fotosu

Zelenski isə ölkəsinin Birləşmiş Ştatların “tərəddüdsüz” dəstəyini dəyərləndirdiyini bildirib

ABŞ Prezidenti Co Bayden ukraynalı həmkarını əmin edib ki, Rusiya bu ölkəni işğal edərsə, Birləşmiş Ştatlar müttəfiqlərlə birlikdə “qəti reaksiya verəcək”.

Bayden Volodimir Zelenski ilə yanvarın 2-də telefonla danışıb. Söhbət Rusiyanın Ukrayna ilə sərhədə qoşun cəmlədiyi dönəmdə aparılıb.

İslahatlar, oliqarxsızlaşdırma

Bayden “Birləşmiş Ştatların Ukraynanın suverenliyi və ərazi bütövlüyünə sadiqliyini bir daha vurğulayıb”, – Ağ evin sözçüsü Jen Psaki telefon söhbətindən sonra bəyanatında deyib.

“Liderlər diplomatik səylərə dəstək bildiriblər. Gələn həftə ikitərəfli Strateji Sabitlik Dialoqu, NATO-da NATO-Rusiya Şurasının iclası, ATƏT-də görüş olacaq”, – Psaki deyib.

Zelenski isə ölkəsinin Birləşmiş Ştatların “tərəddüdsüz” dəstəyini dəyərləndirdiyini bildirib. O, Baydenlə ABŞ, Ukrayna və digər tərəfdaşlar arasında “Avropada sülhün qorunması, əlavə eskalasiyanın önlənməsi, islahatlar və oliqarxsızlaşdırma” yönündə əməkdaşlığı müzakirə etdiyini söyləyib.

“Rusiyanın heç vaxt görmədiyi sanksiyalar”

Son üç həftədə Baydenlə Zelenski ikinci dəfədir telefonla danışırlar. Ağ ev Rusiyanın sərhədə qoşun cəmləməsi məsələsini yoluna qoymağa çalışır. ABŞ kəşfiyyatının məlumatına görə, Rusiya 2022-ci ilin əvvəlində potensial hücuma hazırlaşır. Kiyev rəsmiləri isə Rusiyanın bir neçə həftəyə Ukraynanı işğal edə biləcəyindən narahatlıq ifadə ediblər.

ABŞ Nümayəndələr Palatasının Kəşfiyyat Komitəsinin sədri Adam Şif deyib ki, Rusiya Prezidenti Vladimir Putinin Ukraynanı işğal etmək niyyətində olmasından narahatdır. Onun fikrincə, “yalnız Rusiyanın heç vaxt görmədiyi sanksiyalar onun qarşısını ala bilər”.

Yanvarın 2-də ABŞ-ın CBS telekanalına danışan Şif qeyd edib ki, qarşısını alacaq güclü vasitə odur ki, “işğal edəcəkləri halda NATO-nun uzaqlaşmayacağını, Rusiyaya daha da yaxınlaşacağını anlasınlar”.

Danışıqlar gözlənir

Bayden dekabrın 30-da Putinlə telefon söhbətində qeyd etmişdi ki, Rusiya Ukraynanı işğal edərsə, Birləşmiş Ştatlar və müttəfiqləri Rusiyaya kəskin sanksiyalar tətbiq edərlər.

Amma hər iki lider diplomatiyanı davam etdirməyi dəstəkləmişdilər.

Rusiya Birləşmiş Ştatlar və NATO-dan “dərhal” təhlükəsizlik qarantiyası tələb edir. Moskvanın tələbi odur ki, NATO Ukrayna və digər postsovet ölkələrini üzvlüyə qəbul etməyəcəyinə, Mərkəzi və Şərqi Avropada hərbi fəaliyyətini məhdudlaşdıracağına zəmanət versin.

Yanvarın 9-10-da Cenevrədə ABŞ və Rusiya Strateji Sabitlik Dialoqu keçirilməlidir. Yanvarın 12-də Brüsseldə Rusiya-NATO Şurasının, bir gün sonra isə Vyanada ATƏT çərçivəsində görüş olmalıdır.

XS
SM
MD
LG