Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 14:34

ABŞ liderinin reytinqi yüksəlir


Co Bayden
Co Bayden

“Gallup” sorğu mərkəzi bu il avqustun əvvəlində 46 ölkə və ərazidə ABŞ rəhbərliyinin reytinqinin 49% olduğunu bildirir

Co Baydenin prezidentliyinin altıncı ayında ABŞ rəhbərliyinin dünyadakı reytinqi Tramp administrasiyası dövründəki rekord aşağı səviyyədən xeyli qalxıb.

“Gallup” sorğu mərkəzi bu il avqustun əvvəlində 46 ölkə və ərazidə ABŞ rəhbərliyinin reytinqinin 49% olduğunu bildirir. Donald Trampın prezidentliyi dövründə bu dəstək 30 faizədək düşmüşdü. Son reytinq isə keçmiş prezident Barak Obamanın 2009-cu ildə prezidentliyinin ilk ilindəkinə uyğundur.

Amma 36%-lik bəyənməmə reytinqi də Obamakından yuxarıdır. Trampın vaxtında isə 44% onu bəyənmədiyini demişdi.

Əfqanıstandan çıxmağın təsiri

Göstəricilər dəyişə bilər, çünki Gallup ABŞ-ın avqustun sonunda Əfqanıstandan çıxmasından sonrakı vəziyyəti də öyrənir. Ancaq 2021-ci ilin ilk altı ayı üzrə göstərici Baydenin prezidentliyinin birinci ilində yekun reytinqinin sələfindən yuxarı olacağını göstərib.

Tramp administrasiyası son ilində xarici siyasətdə bəzi uğurları ilə öyünüb. Əfqanıstanda 18 illik müharibəni bitirmək üçün Talibanla sülh sazişi bağlanıb, İsrailin bəzi ərəb ölkələri ilə münasibətlərinin normallaşdırılmasına vasitəçilik edilib.

Amma özəlliklə pandemiya dövründə dünyanın qalan hissəsi ilə yaxşı işləməmək Trampın reytinqinin 30% olmasını əzaslandırır.

Bayden isə prezidentliyinin ilk saatlarında Paris İqlim Sazişinə yenidən qoşulub, Trampın Dünya Səhiyyə Təşkilatından çıxmaq qərarını dayandırıb. O, xarici siyasətlə bağlı çıxışında ABŞ-ın müttəfiqləri ilə münasibətlərini bərpa etmək vədi verib.

Rusiya, Serbiya və Benində azalma

ABŞ-ın ən çox avropalı müttəfiqləri arasında reytinqi yaxşılaşıb. Portuqaliyada 52, Niderlandda 45, Norveçdə 42, İsveçdə 41 vahid irəliləyib.

G7 (Böyük Yeddilik) ölkələrində də reytinq artıb. Rusiya, Serbiya və Benində isə azalıb.

Gallup digər ölkə liderlərinin də reytinqini öyrənir.

Almaniya Kansleri Angela Merkelin reytinqi vəzifəsinin son ilində də Trampdan fərqli olaraq yüksək qalıb. 2020-ci ildə Almaniya rəhbərliyinin dünyadakı reytinqi 52% olub.

XS
SM
MD
LG