Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 17:29

Bayram Məmmədov: 'Yumruq-təpiklə döyürdülər'


Bayram Məmmədov: Əfvlə nəsə dəyişəcəksə...
Gözlə

No media source currently available

0:00 0:00:35 0:00

Bayram Məmmədov: Əfvlə nəsə dəyişəcəksə...

«Məni rezin kameraya salıb, bir sutka əllərim və ayaqlarım bağlı vəziyyətdə, üzüstə saxladılar. Yumruq-təpiklə döyürdülər. Mən işgəncəyə öyrəşmişəm, amma görünür, bunlar təcrübəsiz idilər, üzümə vururdular», – keçmiş prezident Heydər Əliyevin heykəlinə «Qul bayramınız mübarək!» şüarı yazmış Bayram Məmmədovun sözləridir.

Martın 17-də əfv sərəncamıyla azadlığa buraxılan B.Məmmədov martın 30-da yenidən saxlanıb. İnzibati Xətalar Məcəlləsinin 535.1 maddəsi ilə - polisə müqavimətdə təqsirli bilinərək, ona 30 gün inzibati həbs cəzası verilib. Sabunçu Rayon Məhkəməsinin bu qərarından verilmiş şikayətə aprelin 2-də Bakı Apellyasiya Məhkəməsində hakim Namiq Məmmədov baxıb.

«Mənə dedilər ki, «sənin başın ağrıyacaq»»

Məhkəmədə B.Məmmədov üzündəki xəsarətləri – burnunun üzərində, sağ gicgah nahiyəsində, qulağındakı qançırları hakimə göstərib. Bildirib ki, martın 17-də həbsdən buraxılıb, ertəsi gün onu Sabunçu rayonu 12-ci polis bölməsinə çağırıblar. Bölmədən də Sabunçu Rayon Polis İdarəsinə aparıblar:

«Orada mənə dedilər ki, «sənin başın ağrıyacaq». Həbsdən buraxılmamışdan əvvəl də mənə eyni şeyləri deyirdilər. Buraxdılar, sonra yenə polisə çağırırdılar. Martın 30-da bölmədən idarəyə aparmaq adıyla çıxarıb birbaşa məhkəməyə apardılar. 30 sutka inzibati həbs qərarı verib Binəqədi təcridxanasına gətirdilər. Ora çatan kimi rezin otağa saldılar. Döyürdülər, şillə-yumruq...».

B.Məmmədov heç bir inzibati pozuntuya yol vermədiyini deyib. Hakim ondan işgəncəyə məruz qalmasının səbəbini soruşanda belə cavab verib: «Bayram Məmmədov - heykəl məhbusudur, hər şey aydındır da...».

B.Məmmədov onu da bildirib ki, təcridxanada onu döyənlərdən ikisi hazırda məhkəmə zalında onun yanında əyləşiblər. Həmin şəxslər B.Məmmədovu təcridxanadan məhkəməyə gətirib-aparanlar idi. Onlardan biri Pənah adlı şəxs idi. Amma heç biri B.Məmmədovun dediklərinə münasibət bildirmədi.

Məhkəmənin qərarında yazılıb ki, B.Məmmədov Sabunçu rayonu 12-ci polis bölməsinin qarşısından keçəndə söyüş söyüb. Onu intizama dəvət edən polis əməkdaşının tələbinə tabe olmayıb.

B.Məmmədovun vəkili Elçin Sadıqov qərarın əsassız olduğunu, heç bir sübut olmadan müvəkkilinin cəzalandırıldığını söyləyib. Vəkil məhkəmədən qərarın ləğvi ilə yanaşı, işgəncə şikayəti ilə əlaqədar xüsusi qərar qəbul edib araşdırılması üçün prokurorluğa göndərilməsini xahiş edib.

Hakim Namiq Məmmədov 30 günlük həbs qərarını qüvvədə saxlayıb. İşgəncə şikayətinin araşdırılması üçün prokurorluğa təqdimat göndərilməsi barədə qərar qəbul edib.

Xatırlatma

B.Məmmədov digər gənc fəal Qiyas İbrahimovla birgə 2016-cı il mayın 10-da saxlanıb. Rəsmi qurumlar onları narkotikdə ittiham edirdi. Məhkəmə qanunsuz narkotik maddə dövriyyəsi ittihamını təsdiqləyib, onların hər birini 10 il azadlıqdan məhrum edib.

Ancaq gənclər məhkəmədə deyiblər ki, narkotik ittihamını qəbul etmirlər. Onların keçmiş prezident, indiki dövlət başçısı İlham Əliyevin atası Heydər Əliyevin abidəsi üzərinə «Qul bayramınız mübarək!» şüarı yazılmasına görə həbs olunduqları bildirilirdi.

Onların hər ikisi bu il martın 16-da prezidentin imzaladığı əfv sərəncamı ilə azadlığa buraxılıblar.

XS
SM
MD
LG