Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 19:59

Tarif Şurası: “Benzinin bahalanmasının yük və sərnişindaşımaya aidiyyatı yoxdur”


Azərbaycanda Aİ-92 markalı benzinin qiyməti 70 qəpikdən 90 qəpiyə qaldırılıb.
Azərbaycanda Aİ-92 markalı benzinin qiyməti 70 qəpikdən 90 qəpiyə qaldırılıb.

"Aİ-92" markalı avtomobil benzininin tarifindəki dəyişikliyin yükdaşımaya, ictimai nəqliyyatda, o cümlədən, avtobusla müntəzəm sərnişindaşımaya hər hansı aidiyyatı yoxdur”.

Tarif Şurasından Trend-ə verilən açıqlamada belə deyilir.

Qurum bunun səbəbini belə izah edir: "Bu sahələrdə dizel yanacağından, bir sıra avtobuslarda isə maye və ya sıxılmış qazdan, həmçinin dəniz nəqliyyatı ilə yük və sərnişin daşımalarda da dizel yanacağından istifadə edilir. Hava nəqliyyatına gəlincə, bu sahədə də "Aİ-92" markalı avtomobil benzinindən deyil, reaktiv mühərrik yanacağından istifadə olunur. Göründüyü kimi, tarif dəyişikliyinin dizel yanacağına, aviabenzinə, maye və sıxılmış qaza aidiyyatı olmadığından yük və sərnişin daşıma baxımından əlavə xərc yaratmır".

Tarif Şurasından benzinin tarifindəki dəyişikliyin taksi fəaliyyətinə də ciddi təsiri olmayacağı bildirilib: “Benzinlə işləyən avtomobil hər 100 kilometr məsafə üçün 10 litr benzin sərf edirsə, bu halda xərc hər kilometr üçün 2 qəpik artır, yəni 10 kilometr məsafə üçün gediş xərci 20 qəpik dəyişir. “Bu sahədə kifayət qədər rəqabət olduğu üçün hansısa şirkət yersiz qiymət artımına gedərsə, bu onun müştəri itirməsi ilə nəticələnəcək”.

Qiymət artımından az sonra iqtisadçı Qubad İbadoğlu demişdi ki, benzinin qiyməti kəskin artdığı halda nəqliyyat tariflərinin stabil saxlanılması mümkün deyil. “Odur ki, ilk növbədə xüsusi (taksi) və ictimai nəqliyyatda (şəhərdaxili və şəhərlərarası avtobuslarda) sərnişin daşınmasında gediş haqları qalxacaq. Beləliklə də, bazarların qarşılıqlı təsiri ilə metroda və dəmiryol nəqliyyatında da gediş haqları bahalaşacaq. Bununla yanaşı, avtomobil, hava və dəniz nəqliyyatında yük daşınma üçün yanacaq məsrəflərinin artması əsas istehlak mallarının qiymətinin də bahalaşmasına gətirib çıxaracaq”.

***

Rövşən Ağayev: “Aİ-92”-nin iyməti 1.20 də ola bilərdi”

İqtisadçı Rövşən Ağayev də benzinin bahalanmasına münasibət bildirib. “Tarif Şurasının benzinin qiymətini 30%-dək artırması ilə bağlı qərarında təskinlik üçün yazılır: “Hətta bu qiymət artımından sonra “Aİ-92” markalı benzinin qiyməti Azərbaycanda əksər MDB və region ölkələri ilə müqayisədə aşağı olacaq”.

Problem benzinin qiymətində deyil – “Aİ-92” markalı benzinin qiyməti 1.20 manat da ola bilərdi. Əsas məsələ odur ki, bu ölkələrdə insanların yayaşış səviyyəsi, gəlir əldəetmə imkanları mövcud qiymət səviyyəsinə uyğundurmu?”, - iqtisadçı “Facebook” səhifəsində yazır.
O rəsmi açıqlamada adı çəkilən 3 ölkədə - Qazaxıstan, Rusiya və Belorusda orta aylıq əmək haqqı səviyyəsinin Azərbaycandan orta hesabla 2-2.5 dəfə yüksək olduğunu qeyd edir.

“Əlavə olaraq, bu ölkələrdə məşğul əhalinin orta hesabla 70-80%-i rəsmi əmək müqaviləsi əsasında bəlli məbləğdə əmək haqqı səviyyəsinə, iş yerlərinə və sosial sığorta imkanına malikdirlər. Azərbaycanda həmin göstərici təxminən 33% təşkil edir.
Bu 3 ölkədə orta aylıq əmək haqqına Azərbaycanla müqayisədə azı 2 dəfə çox “Aİ-92” markalı benzin almaq olur - ən vacib məqam bax budur”, - Rövşən Ağayev yazır.
İqtisadçı sonda bir məqama da toxunur. O benzinin bahalanmasının ölkədə yüksək inflyasiyadan can qurtarmağa imkan verməyəcəyini, belə şəraitdə hökumətin sərt pul-kredit siyasəti ilə iqtisadi fəallığın artımından yenə də çəkinəcəyini bildirir.

***

Benzinin bahalanmasına iqtisadçı Qubad İbadoğlu sosial şəbəkədə reaksiya verib: “Benzin bahalaşdı. Növbədə hansı məhsullardır?”

İqtisadçının fikrincə, yanacaq məhsullarında qiymət artımı yalnız "Aİ-92” markalı avtomobil benzini ilə məhdudlaşmayacaq, alternativ məhsulların, o sıradan da yüksək markalı benzinin və dizel yanacağının qiymətində də bahalaşma labüddür.

Buna da bax:​ Deputat: “Süni qiymət artımı danılmazdır”

“Benzinin qiyməti kəskin artdığı halda nəqliyyat tariflərinin stabil saxlanılması “mümkün deyil”. Odur ki, ilk növbədə xüsusi (taksi) və ictimai nəqliyyatda (şəhərdaxili və şəhərlərarası avtobuslarda) sərnişin daşınmasında gediş haqları qalxacaq. Beləliklə də, bazarların qarşılıqlı təsiri ilə metroda və dəmiryol nəqliyyatında da gediş haqları bahalaşacaq. Bununla yanaşı, avtomobil, hava və dəniz nəqliyyatında yük daşınma üçün yanacaq məsrəflərinin artması əsas istehlak mallarının qiymətinin də bahalaşmasına gətirib çıxaracaq”, - İbadoğlu qeyd edir.

Qubad İbadoğlu
Qubad İbadoğlu

İqtisadçının qənaətincə, qiymətlərin bu səviyyədə bahalanması aztəminatlı ailələrin büdcəsinə təsirsiz ötüşməyəcək, bu isə sosial vəziyyəti daha da gərginləşdirəcək, dolanışıq imkanlarını məhdudlaşdıracaq və son nəticədə əhalinin siyasi narazılığını daha da artıracaq.

Buna da bax: Sənayedə istehsalçı qiymətləri 75 faiz bahalaşıb

Dünyada benzinin qiyməti

Qubad İbadoğlu benzinin qiymətini bəzi ölkələrlə müqayisə edib: “Hazırda avtomobil benzininin pərakəndə satış qiyməti ABŞ dolları ilə Birləşmiş Ərəb Əmirliyində 0,48, Omanda 0,47, Nigeriyada 0,46, Qazaxıstanda və Malayziyada 0,44, Bəhreyndə 0,42, Ekvadorda 0,39, Misirdə 0,36, İranda 0,34, Küveytdə və Əlcəzairdə 0,32, Türkmənistanda 0,27, Səudiyyə Ərəbistanında 0, 24, Venesuelada 0,01-dir. Müqayisə üçün qeyd edim ki, Azərbaycanda isə 15 iyun 2017-ci ildən etibarən 1 litr "Aİ-92” markalı avtomobil benzinin qiyməti 0,53 ABŞ dolları təşkil edib”.

İbadoğlu hökumətin bu addımının səbəbini də izah edib: “Tarif Şurası benzinin qiymətinin artırılmasının əsas kimi SOCAR-ın ixrac imkanlarını məhdudlaşdırması və xarici valyuta gəlirlərinin azalmasını göstərib. Bu onu göstərir ki, hazırkı hakimiyyət yenə də koprorativ maraqları istehlakçı maraqlarından üstün tutur və məlum qərarı ilə məqsədli şəkildə ümumi qiymət artımını stimullaşdırır. Bu həm də artan qiymət hesabına dövriyyə daha çox manat kütləsini cəlb etməklə manatın məzənnəsində müşahidə olunan "sabitliyi" davam etdirmək istəyinə də xidmət edir”.

Buna da bax:​ Azərbaycanda benzin bahalaşdı

* * *

Deputat: “Qiymətin aşağı salınması üçün İlham Əliyevin müdaxiləsi lazımdır”

“Tarif Şurasının bu qərarı doğru qərar və doğru addım deyil”. Deputat Fərəc Quliyev Tarif Şurasının benzinin bahalanması ilə bağlı qərarını bu cür dəyərləndirib.

Azerbaijan -- MP Faraj Guliyev, Oct2010
Azerbaijan -- MP Faraj Guliyev, Oct2010

O bildirib ki, bəzi hallarda Tarif Şurası “belə yanlış addımlar” atır.

F.Quliyev hesab edir ki, bəzi hallarda olduğu kimi indi də qiymətin aşağı salınması üçün dövlət başçısı İlham Əliyevin müdaxiləsi lazımdır: “Onsuz da son 6 ayda 10-15 % bahalanma baş verib, hökumət maaşların artırılması əvəzinə belə addımlar atır. Bununla yanaşı əhaliyə kompensasiyalar da nəzərdə tutulsa idi bunu yenə də anlamaq olardı”.

Buna da bax:​ 'Qiymətləri salmaq əvəzinə ötən iki ilin zərərlərini bağlayırlar'

Deputatın qənaətincə, benzinin qiymətini artırmaqda hökumətin məqsədi büdcəni doldurmaqdır.

“Hesab edirəm ki, bu doğru addım deyil, qiymət məsələsinə yenidən baxmaq lazımdır”, - Fərəc Quliyev bildirib.

* * *

Fazil Mustafa: “Bu daxili bazarı qorumağa yönəlib”

“Tarif Şurasının bu qərarı daxili bazarı qorumağa yönəlib və mahiyyəti budur”. Deputat Fazil Mustafa benzin bahalanması ilə bağlı Tarif Şurasının qərarını belə şərh edib.

Buna da bax:​ Dəmiryolunda gedişhaqları 20 faiz bahalaşır – iyulun 15-dən

Fazil Mustafa
Fazil Mustafa

Bununla belə deputat deyir ki, bu qərarın əhaliyə mənfi təsiri çox olacaq: “Devalvasiya özü ciddi yoxsulluğa səbəb olub. Bir tərəfdən iş yerləri bağlanıb, dollar bahalanıb, əhalinin kredit borcları qalmaqdadır, belə bir şəraitdə əhalinin sosial təminatını gücləndirmək üçün islahatlar aparılmalı idi, ancaq bu baş vermədi. Həm də təhsil, tibb sahəsində maaşlar çox aşağı səviyyədə qalır”.

F.Mustafa deyir ki, bu qiymət bahalaşması əhalinin az təminatlı hissəsinə təsir etməklə yanaşı, digər sahələrdə də bahalaşmaya səbəb ola bilər və belə halda əhalini bazarın təsirindən qorumaq çətinləşir.

Buna da bax:​ AI-95 benzini ucuzlaşa bilər, əgər...

* * *

Deputat Rövşən Rzayev: “Bu, SOCAR-ın gücsüzlüyüdür”

“Ümumiyyətlə, bu qərarı mənfi dəyərləndirirəm, bu SOCAR-ın zəifliyinin nəticəsi və göstəricisidir”. Bitərəf deputat Rövşən Rzayev benzinin bahalanması ilə bağlı qərarı belə qiymətləndirib.

Rövşən Rzayev
Rövşən Rzayev

Deputat daha sonra bunları deyib: “Bu qərarı verənlər dövlət başçısının xalqa bağlı hansı addımları atdığına diqqət etsəydilər, buna getməzdilər. Ölkə, xalq uğurlar əldə edir, bunun nəticəsi olaraq xeyli insan şəxsi avtomobil sahibidir, odur ki, bu bahalanmanı çox uğursuz addım hesab edirəm və mənfi dəyərləndirirəm”.

XATIRLATMA

Azərbaycanda Aİ-92 markalı benzinin qiyməti 70 qəpikdən 90 qəpiyə qaldırılıb.

Buna da bax: 'Əhalinin aztəminatlı hissəsi kəmərləri bir az da sıxmalı olacaq'

Bu barədə qərarı iyulun 14-də gecə saatlarında Tarif Şurası verib. Qərar digər markalı benzinlərə aid deyil. Qərar iyulun 15-dən qüvvəyə minir.

Qiymətinin nisbətən ucuz olmasına görə, indiyə qədər Azərbaycanda sürücülərin əksəriyyəti Aİ-92 markalı benzindən istifadə edirdi.

XS
SM
MD
LG