Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 21:57

Beyləqan işgəncələrində ittiham edilən polkovnik məcburi gətirilə bilər


İllüstrativ foto
İllüstrativ foto

Beyləqanda hərbçilərə qarşı kütləvi işgəncə və bir zabitin ölümündə ittiham edilən general Bəkir Orucov və daha 5 nəfərin mühakiməsi sona çatmaqdadır.

Məhkəmə istintaqı bir neçə aydır yekunlaşıb, prokuror da onlara 8 il 6 aydan 12 il 6 ayadək həbs cəzası istəyib. Ayyarım öncə vəkillər də müdafiə çıxışı edib, yalnız təqsirləndirilən şəxslərin son sözləri qalıb.

Beyləqan hadisələrinə görə təqsirləndirilən 5 nəfər bunlardır: həmin dövrdə Beyləqan korpusunun qərargah rəisi olmuş, ötən il həbs ediləndəsə Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi vəzifəsini icra edən general-mayor Bəkir Orucov, korpusda təlimatçı olmuş Ülvi Rəşidov, snayper bölüyünün komandiri Ziya Kazımov, təhqiqatçı Rahib Məmmədov və Müdafiə Nazirliyinin Hüquq İdarəsində təhqiqat bölməsinin sabiq rəis müavini olmuş İntiqam Məmmədov.

Adları çəkilən şəxslərdən ikisi – Ziya Kazımov və Ülvi Rəşidov barəsində İstintaq və məhkəmə dövrü üçün alternativ qətimkan tədbiri seçilib.

Vəkillərin çıxışından sonra bir neçə dəfə məhkəmə iclası təyin olunsa da, keçirilməyib.

Ziya Kazımovun yenə məhkəməyə gəlməyəcəyi bildirilib

Təqsirləndirilən Ü.Rəşidovun 14 yaşlı qızı xəstəlikdən vəfat etdiyindən, proses bir müddət təxirə salınıb. Daha sonra təyin edilən məhkəmə iclasına təqsirləndirilən Z.Kazımov qatılmayıb. Onun səhhətində problemlər olduğu və xəstəxanaya yerləşdirildiyi bildirilib.

Noyabrın 30-da bu iş üzrə son sözlərin deyiləcəyi, ardınca hökm oxunacağı gözlənilsə də, təqsirləndirilən polkovnik Z.Kazımovun yenə məhkəməyə gəlməyəcəyi bilinib.

Prokuror təklif edib ki, onun haqqında məcburi gətirilmə qərarı çıxarılsın. Z. Kazımovun vəkili Bəhruz Bayramov buna etirazını bildirib. Müvəkkilinin sentyabrın 19-da Qarabağdakı antiterror tədbirlərinə qatıldığını vurğulayan vəkilin sözlərinə görə, Z.Kazımovun sağlamlığında ciddi problemlər yaranıb. B.Bayramov bildirib ki, onun bədənindəki şişlə bağlı xərçəhg şübhəsi olduğundan, biopsiya (bir hissənin götürülüb, müayinə olunması) aparılıb.

“Gəzə bilmir, adam xəstədir”

“Beyləqan işi”ni araşdıran Bakı Hərbi Məhkəməsinin sədri Zeynal Ağayev bildirib ki, məhkəməyə göndərilən tibbi sənəddə onun başında yüngül toxuma zədəsi olduğu göstərilib.

“Topuğunda da şiş yaranıb. Gəzə bilmir. Adam xəstədir...” - Z. Kazımovun vəkilinin sözləridir.

Hakim bildirib ki, xəstəxanaya sorğu göndəriləcək, onun müalicə altında olub-olmaması, məhkəmədə iştirakının mümkünlüyü araşdırılacaq. Məhkəmədən yayınma təsdiqlənsə, tədbir görüləcək.

Ötən məhkəmə iclaslarında zərərçəkmişlərdən bir neçəsi çıxışında Z.Kazımovun həm 2020-ci ildəki 44 günlük müharibədə, həm də 2023-cü ilin sentyabrındakı müharibədə iştirakını, işgəncələrdə rolu olmadığını vurğulayaraq, məhkəmədən onun həbs olunmamasını xahiş edib.

Prokuror təqsirləndirilən şəxslərdən general Bəkir Orucov və Ziya Kazımovun hər birinə 12 il 6 ay, Ülvi Rəşidov və İntiqam Məmmədova 10 il 6 ay, Rahib Məmmədova 8 il 6 ay həbs cəzası verilməsini istəyib.

Adları çəkilən şəxslərin heç biri özlərini təqsirli bilmir.

General Orucov məhkəmədə deyib ki, Beyləqanda hərbçilərə qarşı işgəncələrə heç bir aidiyyəti yoxdur. O, baş verənlərə görə korpus komandiri, general-leytenant Mais Bərxudarovun məsuliyyət daşıdığını vurğulayaraq, onun məhkəmədə dindirilməsini tələb edib:

“Mais Bərxudarov o zaman düşmənlə əməkdaşlıqda şübhəli bilinən şəxslərin siyahısını Baş Qərargah rəisinə göndərib. Xahiş edirəm, o siyahı iş materiallarına əlavə olunsun. Bundan başqa, mən prokurorluğa çağrılanda Mais Bərxudarova zəng elədim. Mənə bildirdi ki, “get, nə necə varsa, eləcə də danış, məni çağırsalar, nə necə olub, kim əmr verib, nə deyib – hamısını açıb deyəcəyəm”. Ona görə də çağırın, gəlsin, danışsın...”.

General-leytenant M.Bərxudarovsa ünvanına səslənən ittihamları qəbul etmir. O, general B.Orucovun məhkəmədə onun ünvanına səsləndirdiyi ittihamlara bir müddət öncə münasibət belə bildirmişdi:

“Bəkir Orucov nə danışıbsa, özü bilər. Amma nahaq danışıb, çünki dedikləri həqiqəti əks etdirmir. Nə danışırsa, danışsın. Mən indi telefonda nəsə danışa bilmərəm. Hər şeyə hüquqi qiymət verilir. Biz hüquqi ölkədə yaşayırıq...”

“Beyləqan işgəncələri”ylə bağlı cinayət işi üzrə 62 nəfər zərərçəkmiş qismində tanınıb. Onların arasında işgəncə nəticəsində həyatını itirmiş Adil Sabirlinin atası da var.

XS
SM
MD
LG