Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 14:57

Əkin sahələri külə dönüb


İllüstrasiya
İllüstrasiya

Şikayət: 20 ildir kəndlərdə suvarma suyu qəhətə çıxıb

"Kəbirli, Aşıqlı, Əlinəzərli kəndləri susuzluqdan yanır. Hektarlarla sahələri suvara bilmirik. İcra hakimiyyəti də, suvarma idarəsi də bizi qapıdan qovur".

Bunu Azadlıqradiosu-na Beyləqanın Aşıqlı kəndinin sakinləri deyir.

“SANKİ KƏNDLİ BUNLARIN QARA QULUDUR”

Kəndlilər həftələrdir əkin sahələrini suvara bilmir deyə, əkdikləri məhsul zay olub. Tural Alıyev də məhsulu əlindən çıxan kəndlilərdəndir:

"Bu kəndlərə su ya yerli-dibli gəlmir, ya da elə buraxılır ki, qətrə-qətrə gəlib çıxır. Qarğıdalı, buğda sahələri tamamilə yanıb. Ancaq gəlin məmurların yüz hektarlarla əkin sahələrinə baxın, hər gün şırhaşırla suvarılır. Məhsul toplama mövsümü çatanda da yerli “Aqrolizinq”in ən yaxşı texnikaları həmin sahələrə səfərbər olur".

Buna da bax: Yol kənarında təndir çörəyi satan Qarabağ veteranı

Əlinəzərli kənd sakini Namiq Salamov deyir, iki hektar torpaq sahəsindəki əkini məhv olub. Yerli suvarma idarəsi və icra hakimiyyəti suya görə şikayətə gələnləri qovur:

"Elə davranırlar ki, sanki kəndli bunların qara quludur. Sanki suyu şəxsi anbarlarından pay-püş edirlər. Hər dəfə suvarmaya görə pul ödəyirik, havayı su vermirlər ki... Buraxsınlar da bu suyu... Əkin sahələri tamam yanandan sonra suyu buraxırlar, adam yanıb-tökülür".

SU OLANDA DA İŞƏ YARAMIR

Kəndlilər deyir, su olanda da suvarmaya yaramır. Səbəb suvarmada istifadə olunan suyun şor olmasıdır.

Sakinlərin sözlərinə görə, bir necə ildir ki, bu problemlə üz-üzə qalıblar. Onların istifadə etdikləri yararsız su təsərrüfatı məhv edib. Duzlu su yaşıl bitkini tamamilə yandırıb.

Buna da bax: Yeni əkilmiş ağacların yerində bina tikirlər

Kəndliləri narahat edən digər məsələ isə, əkin sahələrinin suvarılması üçün onlardan tələb edilən məbləğin yüksəkliyidir. Sakinlərdən hər hektara 20-30 manat pul tələb edilir. İstənilən vəsaiti ödəməyən sakinə isə su verilmir.

“HEKTARA GÖRƏ 7 MANAT ÖDƏNMƏLİDİR”

Aşıqlı kənd icra nümayəndəliyindən "Qaynar xətt"ə bildirilib ki, kənddə suvarma problemi 20 ildən çoxdur ki, mövcuddur:

"Bu problem suvarma kanalında yaşanır. Ümumilikdə 200 metr olan kanalın qazılması və işlək vəziyyətə gətirilməsi üçün vəsait lazımdır. Bu məqsədlə də problemin həllindən ötrü Beyləqan rayon İcra Hakimiyyətinə müraciət olunub. Sakinlərdən hər hektara görə 20-30 manat alınması məsələsinə gəldikdə isə, bununla bağlı hansı kəndçi problem yaşayıbsa, kənd icra nümayəndəliyinə şikayət edə bilər. Suvarma ilə bağlı hər hektara görə vətəndaşlar yalnız 7 manat ödəməlidir".

Beyləqanın icra hakimiyyətindən isə bildirilib ki, əkin sahələrinin suvarılması ilə bağlı məsələ dəfələrlə yerli suvarma idarəsi ilə müzakirə olunub və yerli qurumlar problemin həllinə çalışır.

Buna da bax: Kənd təsərrüfatında istehsalı artırmaq üçün nədən başlayardız?

Kənd təsərrüfatında istehsalı artırmaq üçün nədən başlayardız?
Gözlə

No media source currently available

0:00 0:01:07 0:00

XS
SM
MD
LG