Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 19:07

Bir daha kinoteatrlara gedə biləcəyikmi


Kinoteatr
Kinoteatr

Pandemiya olmasaydı, "Marvel"in "Qara dul qadın"ı (Black Widow) indi kinoteatrlarda göstərilmiş, xeyli kassa gəliri toplamış olardı. Ancaq Scarlett Johansson-un bu yeni filminin ekranlara çıxarılması noyabrın 6-a salınıb. Hərçənd, "USA Today" qəzeti yazır ki, hər şey ola bilər və bu tarix də irəli, yaxud geri çəkilə bilər. Kino studiyaları, demək olar, bütün yeni filmlərinin nümayişini bu ilin sonuna və yaxud 2021-ci ilə qədər təxirə salıblar. Bəziləri isə bütün ziddiyyətlərə baxmayaraq, striminq rejiminə keçiblər. "Trolların dünya turu" (Trolls World Tour) adlı animasiya sekveli öz rəqəmsal debütü ilə 100 milyon dollar gəlir gətirib.

"Bu, "Universal" studiyası ilə kinoteatr şəbəkələri arasında soyuq müharibənin başlanmasına səbəb olub", - qəzet yazır.

Ümid

Bəs görəsən, kinosevərlər bəyəndikləri filmləri nə vaxt yenidən kinoteatrlarda görə biləcəklər? Qəzet bir neçə ekspertdən kinoteatrların nə zaman açıla biləcəyini soruşub.

Deyilənlərdən aydın olur ki, builki yay kino mövsümü baş tutmayacaq. Ancaq üç yüksək profilli filmin nümayişi hələ də qüvvədədir: Christopher Nolan-ın "Tenet" filmi iyulun 17-si, "Disney"in "Mulan" canlı əkşn filmi iyulun 24-ü, "Wonder Woman 1984" filmi avqustun 14 ekranlara çıxmalıdır. Kassa gəlirləri təhlilçisi Jeff Bock hesab edir ki, bu filmlərin təqvimdə saxlanması çox yaxşıdır, çünki bütün filmlərin təxirə düşdüyü yay mövsümündə kinosevərlərə ümid verir. Onlar bu filmlərin ekrana çıxmasını səbirsizliklə gözləyəcəklər.

Digər tərəfdən, kinoteatrlar üzümüzə gələn aylarda açılsa belə, insanların kütləvi kinoya gələcəyinə təminat yoxdur. Əlbəttə ki, insanlar ictimai yerlərdə, o cümlədən kinoteatrda yemək yeməmək barədə xəbərdarlıqlara əməl edəcəklər.

"Bu yay Nyu-York və Los-Anceles şəhərləri açılmasa – bu isə get-gedə daha qeyri-mümkün görünür – studiyaların hər hansı filmin, xüsusilə də reytinqli filmin açılışını edəcəyini gözləmək olmaz", – Bock "USA Today"ə deyib.

Həyatını riskə atmaq

Media təhlilçisi Paul Dergarabedian-sa kinoteatrların bir gün açılacağına şübhə etmir. Artıq ABŞ-ın bəzi yerlərində, o cümlədən Texasda kinoteatrlar qorunma tədbirləri görülməklə açılıb. Burada girişdə insanların qızdırması ölçülür, içəri daha az sayda adam buraxılır və sosial məsafə gözlənilir.

Qəzet yazır ki, keçirilən sorğularda respondentlər "Tenet," "Mulan" və Russell Crowe-nun "Unhinged" trillerinin ekranlara çıxmasından sonra kinoteatrlara getməyi planlaşdırırlar. Təbii ki, təhlükəsizlik tədbirləri görüləcəksə.

Ekspert Mike Ryan-sa deyir ki, qubernatorlar vəziyyətin nə zaman düzələcəyini deyəndə insanlar onlara qulaq asacaq, "bu, doğru olsa da, olmasa da". "İstəyirsiniz mənə dəli deyin, ancaq "Əkizlər Layihəsi"nə ("Gemini Man") baxmaq üçün həyatını riskə atmaq çox da ağıllı seçim kimi görünmür", – o deyir.

Ekspertlərdən bəziləri hesab edir ki, insanların çoxu kinoteatrlara tələsməyib gözləmə mövqeyi tutacaq. Digərləri isə düşünür ki, insanlar acgözlüklə kinoteatrlara qayıtmağı gözləyir.

Qayıdış ili?

Bütün filmlər təxirə salındığından gələn il ekranlara çıxacaq filmlərin sayı həddindən çoxdur. Bu səbəbdən 2021-ci ilin kino sənayesi üçün böyük qayıdış ili olacağı gözlənilir. Üstəlik, insanlar da özlərini rahat və təhlükəsiz hiss edəcəklər.

Bock deyir ki, "Trolls World Tour" animasiya filminin uğuru studiyalarda maraqlı müzakirələrə yol açıb. Gələcəkdə çıxacaq filmlər əvvəlcə rəqəmsal platformalarda göstərilsin, yoxsa kinoteatrlardakı nümayişlə striminq arasındakı zaman aralığı kiçildilsin?

Hələlik, heç bir blokbaster filmi kinoteatrlara çıxmadan birbaşa striminqdə göstərilməyib. Ancaq COVID-19 böhranı uzun çəksə, hər şey ola bilər. Bu mənada sentyabrın 4-də ekranlara çıxması gözlənilən "A Quiet Place Part II" qorxu sekveli əsas namizəddir. Çünki Bock-un sözlərinə görə, ona böyük ekranda baxmaq vacib deyil. "Bu filmin nəhəng hit olacağına şübhə yoxdur", - o deyir.

Bəs, bu il çox az filmin çıxdığını nəzərə alsaq, görəsən 2021-ci ildə Oskar mükafatları təqdim ediləcəkmi? Bock deyir ki, bu, baş versə çox qəribə olar. Ryan isə Oskar mükafatlandırma mərasiminin baş tutacağına şübhə etmir. "Gələn marta qədər dünyanın necə bir yer olacağını kim deyə bilər?", – o, sual edir.

XS
SM
MD
LG