Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 02:39

Məktəb direktoru şagirdin intiharı araşdırması ilə bağlı vəzifəsindən kənarlaşdırılıb


Foto illüstrasiya
Foto illüstrasiya

Bu günlər Bakıda VIII sinif şagirdinin vəfat etdiyi 162 nömrəli tam orta məktəbin direktoru Sevinc Abbasova vəzifəsindən kənarlaşdırılıb.

Bu barədə Təhsil Nazriliyinin aprelin 8-də axşam saatlarında yaydığı məlumatda yazılıb.

Məlumatda qeyd edilir ki, bu əmr hadisə ilə bağlı açılmış cinayət işi üzrə istintaq və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin apardığı xidməti araşdırma ilə əlaqədar yaranmış zərurətdən irəli gəlib:

“Hər iki istiqamət üzrə araşdırmanın tam obyektivliyini təmin etmək məqsədilə Təhsil nazirinin 8 aprel tarixli, K-388 saylı əmri ilə məktəbin direktoru Abbasova Sevinc Kamil qızı araşdırma müddətində işdən kənarlaşdırılıb”

Məktəbin direktoru vəzifəsinin müvəqqəti icrası Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Ümumi təhsil sektorunun aparıcı məsləhətçisi Əfqan Kərəm oğlu İsgəndərova həvalə edilib.

Bir məktəblinin intiharı...

Bundan əvvəl yayılan xəbərlərdə deyilirdi ki, Azərbaycan mediası aprelin 4-də Bakıdakı 162 saylı məktəbdə VIII sinif şagirdlərindən birinin intihara cəhdi barədə xəbərlərə diqqət çəkib. Yayılan bilgilərə görə, həmin şagird özünü məktəbin 3-cü mərtəbəsindən yerə atıb. O, daha sonra 1 saylı Klinik Xəstəxanaya yerləşdirilsə də, aprelin 6-da, günorta saatlarında yaşamını itirib.

Şagirdin intihar edərək həyatına son qoymasını anası S.H da təsdiqləyib.

Olayı ailə bir cür, məktəb başqa cür yozur

Hadisənin baş vermə səbəbinə gəlincə, məktəb rəhbərliyi ilə ailənin mövqeyi üst-üstə düşmür. Anası qızının hər hansı psixoloji probleminin olmadığını söyləyir və iddia edir ki, məktəbdə qızına olan münasibət intihara yol açıb. Ana bəzi məktəblilərin davranışına ayrıca diqqət çəkərək vurğulayıb ki, belə davranışlar haqqında məktəb rəhbərliyinə məlumatlar versə də, onun sözlərinə məhəl qoyulmayıb: «Qızımın problemi olsaydı, bunu mən bilərdim».

Şagirdin anası deyib ki, intihara cəhddən sonra məktəb əməkdaşları bir müddət qızının səhhəti ilə də bağlı ona düzgün məlumat verməyiblər.​

Xəstəxanadan: «Vəziyyəti çox ağırdır»

Şagirdin vəfatından bir neçə saat öncə AzadlıqRadiosuna 1 saylı Klinik Xəstəxanadan bildirmişdilər ki, məktəbli qızın «vəziyyəti ağırdır, özü də çox ağırdır».

Məktəb direktoru nə deyir?

«Report» agentliyinin məlumatına görə, 162 saylı tam orta məktəbin direktoru Sevinc Abbasova sözügedən məktəblinin ölümüylə bağlı onun ailə üzvlərinə başsağlığı verib. O da bildirilir ki, direktor sosial şəbəkə istifadəçilərindən və media nümayəndələrindən olayın həssaslığının nəzərə alınmasını xahiş edib.

Ölən məktəbli qızın daha əvvəl 49 nömrəli «İntellekt» məktəb-liseyində və 203 nömrəli tam orta məktəbdə təhsil aldığını söyləyən direktor onun ötən ilin noyabrında 162 saylı məktəbə köçürüldüyünə diqqət çəkib. «Məktəbdə təhsil aldığı dövrdə məktəb rəhbərliyinin daimi nəzarətində olub. Onun müxtəlif davranışları barədə özü və anası ilə məktəb psixoloqunun da iştirakı ilə bir neçə dəfə söhbət aparılıb və bu barədə aidiyyəti dövlət qurumlarına müraciət olunub», - direktorun yaydığı məlumatda belə deyilir.

Şagirdlərdən və məktəb psixoloqundan, hələlik, baş verənlərə münasibət almaq mümkün olmayıb.

Fakt üzrə cinayət işi açılıb

Hadisə ilə bağlı aprelin 6-da Bakı Şəhər ProkurorluğuTəhsil İdarəsi birgə açıqlama yayıb. Məlumatda intihar faktına dair cinayət işi qaldırıldığı bildirilir.

Rəsmi qurumlar qeyd edirlər ki, 162 saylı məktəbin şagirdi 3-cü mərtəbədən yıxılandan sonra 1 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilsə də, aprelin 6-da xəstəxanada vəfat edib.

Məlumatda o da vurğulanır ki, faktla bağlı Bakı Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünüöldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, iş üzrə müvafiq ekspertizalar təyin edilib. Digər zəruri istintaq tədbirləri də həyata keçirilir.

Eyni zamanda qeyd edilir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsi bu məsələ ilə bağlı xidməti araşdırma aparır.

Ekspertlər nə deyirlər?

Baş verən hadisə media və sosial şəbəkələrdə qızğın müzakirə edilir. İndi bəzi ekspertlər vurğulayırlar ki, bu hadisə məktəblərdə psixoloq ştatının da önəmini ortaya çıxarır. Onların fikrincə, bəzi məktəblərdə psixoloqlar yalnız kağız üzərində fəaliyyət göstərirlər.

Ekspertlər məktəb psixoloqlarının ildə bir dəfə, valideynlərin də imzalaması şərtiylə, hər uşağın psixoloji durumu barədə arayış tərtib etməsini vacib sayırlar.

Psixoloq: «Vahid antiintihar proqramı hazırlanmalıdır»

«Ümumiyyətlə, yeniyetmələrə maksimalist olmaq, yalnız «ağ-qara» tandemi və ya «yaxşı-pis» ayrımları aparmaq xarakterikdir».

Psixoloq Azad İsazadə bunu 162 saylı məktəbin şagirdinin ölümü ilə bağlı bildirib.

A.İsazadə deyir ki, bəzən məktəbdə və ya sinifdə hansısa naməlum səbəbdən bir şagirdə mənfi münasibət formalaşır, o, bir növ, boykot edilir: «Həmin məktəbli də ona olan münasibətlərə intiharı ilə cavab verib».

O vurğulayır ki, məktəblərdə psixoloq ştatı var, psixoloq hamıya nəzarət edə bilmir: «Fiziki baxımdan bu, mümkün deyil. İkincisi, məktəb belə münasibətlərə yetərli yanaşmalı ikən, bunu etmir. Üçüncüsü, ölkədə belə hallara qarşı vahid psixoloji proqram yoxdur».

A.İsazadə hesab edir ki, ölkədə vahid proqrama əsasən, vahid diaqnostik yanaşma təmin edilməlidir: «Burada məktəb (həm də psixoloq) - valideyn-şagird tandemi yaradılmalıdır, məktəbdəki mənfi və ya müsbət stereotiplər, onun inkişafı öyrənilməlidir. Bundan əlavə, Koordinasiya Mərkəzi yaradılmalıdır ki, belə halları elmi baxımdan öyrənmək və perspektivi müəyyən mənada proqnozlaşdırmaq mümkün olsun. Həm də Təhsil Nazirliyi belə məsələlərə dair psixoloji-metodik proqramlar hazırlamalıdır».

XS
SM
MD
LG