Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 01:02

Bloqer kitabxana işçiləri və aktyorların küçə təmizlədiyi videoya görə həbs olunub?


Arzu Sayadoğlu
Arzu Sayadoğlu

Youtube platformasında öz adına olan kanalda, eləcə də başqa online nəşrlərdə hökumətin siyasətini tənqid edən bloqer Arzu Sayadoğlunun (Məmmədovun) məhkəməsi başlanıb. O, 7 aydan çoxdur həbsdədir və Dövlət Təhlükəsizliyi Xidmətinin istintaq təcridxanasında saxlanılır. Bu işə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılır.

Məhkəmədə açıqlanan ittiham aktından məlum olub ki, bloqer Tovuz rayonu Mədəniyyət Mərkəzinin direktoru Asif Qasımovdan 6 min manat pul tələb etməkdə ittiham olunur. İddiaya görə, bu pul Mədəniyyət Mərkəzinin işçilərinə küçələrin təmizlətdirilməsi barədə videonun yayımlanmamasından ötrü istənilib.

A.Qasımov iddia edir ki, o, pul verməkdən boyun qaçırandan sonra A.Sayadoğlu internet kanallarından birində sözügedən görüntüləri yayıb. O, həmin görüntülər yayılandan 5 ay sonra şikayətçi olub və 2024-cü ilin yanvarında A.Sayadoğlu həbs edilib.

Sözügedən videoda Tovuzdakı Mərkəzi Kitabxana və Mədəniyyət Mərkəzinin işçiləri, aktyor və aktrisaların küçələri və ot-alağı təmizləməsindən bəhs olunur. Vurğulanır ki, onlara nazirin gələcəyi və bu üzdən, təmizlik işlərinə cəlb olunduqları deyilib. Bundan imtina edənlərsə işdən çıxarılmaqla hədələnib.

İyulun 24-də məhkəmədə zərərçəkmiş qismində dindirilən A.Qasımov deyib ki, sözügedən videonu A.Sayadoğlu özü çəkib, 22 gün sonra yayımlayıb.

A.Qasımov bloqerdən niyə hadisədən dərhal yox, 5 ay sonra şikayət etməsinə izah verməyib.

A.Sayadoğlu zərərçəkmişin söylədiklərini şər-böhtan adlandırır. Onun sözlərinə görə, Mədəniyyət Mərkəzinin direktorundan nə pul istəyib, nə də onu hədələyib. Bloqerin fikrincə, tənqidi çıxışları üzündən cəzalandırmaq üçün A.Qasımovdan istifadə edilib, ondan şikayət ərizəsi alınıb.

A.Sayadoğluna qarşı Azərbaycan Cinayət Məcəlləsinin 182.2.4-cü (hədə-qorxu ilə tələb etmə, xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. Bu maddədə 5 ildən 10 ilədək həbs cəzası nəzərdə tutulub.

Xatırlatma

A.Sayadoğlu yanvarın 16-dan həbsdədir. Hüquq müdafiəçilərinin bildirdiyinə görə, bu ilin əvvəlində “Azad Söz” onlayn nəşrinin efirindəki çıxışında Azərbaycan hakimiyyətini kəskin tənqid edəndən sonra ondan təxminən bir həftə məlumat almaq mümkün olmayıb. Sonradan onun həbs edildiyi və DTX-da saxlandığı bilinib.

Son 8 ay içində Azərbaycanda 10 nəfərdən çox jurnalist həbs olunub. Onların çoxu qaçaqmalçılıqda suçlanır.

Həbsdəki jurnalistlərin heç biri ittihamları qəbul etmir, peşə fəaliyyətlərinə görə cəzalandırıldığını deyir.

Amma rəsmilər ölkədə jurnalistlərin peşə fəaliyyətlərinə görə təqib və həbs olunmaları ilə bağlı deyilənləri təkzib edirlər.

XS
SM
MD
LG