Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 19:11

Prezidentin Krım açıqlaması ABŞ-ı narahat edib


Rumen Radev
Rumen Radev

Radev deyib ki, Bolqarıstan Moskvayla praqmatik münasibətlər saxlamalı, ona düşmən kimi baxmamalıdır

Bolqarıstan Prezidenti Rumen Radevin Ukraynanın Krım yarımadasını “rusiyanınkı” adlandırması Birləşmiş Ştatların ciddi “narahatlığına” səbəb olub. Moskva Krımı 2014-cü ildə ilhaq edib.

58 yaşlı Radev açıqlamanı prezident seçkisinin noyabrın 21-də keçirilmiş ikinci turundan öncə sağ-mərkəzçi rəqibi Anastas Gerdjikovla teledebatda deyib. Radev ikinci turda qələbə qazanıb.

“Başqa necə ola bilər?”

Radev deyib ki, Bolqarıstan Moskvayla praqmatik münasibətlər saxlamalı, ona düşmən kimi baxmamalıdır, həm də təkcə yaxın tarixi və mədəni əlaqələrə görə deyil.

Gerdjikov debatda ondan soruşub ki, 2014-cü il ilhaqından sonra AB-nin Rusiyaya qarşı sanksiyalarını tənqid etməsindən təəssüf hissi keçirirmi. Radev cavabında deyib ki, Krım “hazırda Rusiyanındır”, sonra da əlavə edib ki, “başqa necə ola bilər?”

Radev 2016-cı ildə Qərbin Rusiyaya sanksiyaları qaldırması uğrunda kampaniya apardı və birinci müddətə prezident seçildi.

Vahid və aydın mövqe

“Birləşmiş Ştatlar Bolqarıstan Prezidenti Rumen Radevin Krımı ‘Rusiyanın’ hesab etməsilə bağlı son bəyanatlarından dərindən narahatdır”, – ABŞ-ın Sofiyadakı səfirliyi noyabrın 22-də bəyanatında deyib.

“Birləşmiş Ştatlar, G7, Avropa Birliyi və NATO, Rusiyanın ilhaq cəhdi və davam edən işğalına baxmayaraq, Krımın Ukraynaya məxsus olmasına dair vahid və aydın mövqedədir.

Bolqarıstan daxil olmaqla hamımız avqustda Krım Platforması Sammitində elan etdik ki, Krım Ukraynanın ayrılmaz hissəsidir, biz Rusiyanın qanunsuz ilhaqı və yarımadanın işğalını legitimləşdirmək cəhdlərini tanımırıq və tanımayacağıq. Son günlər dərin narahatlığımızı Vaşinqtonda və Sofiyada Bolqarıstan hökumətinə çatdırmışıq”, – bəyanatda vurğulanır.

Radevin sözlərindən sonra, noyabrın 19-da Ukrayna Bolqarıstanın Kiyevdəki səfirini çağıraraq narahatlığını ifadə edib.

Noyabr seçkisi öncəsi kampaniyasını antikorrupsiya platforması üzərində quran Radev birinci turda qalib gələ bilməsə də, ikinci turda səslərin 66 faizini yığıb.

XS
SM
MD
LG